Xəbər lenti

Yaşlanmağın mahiyyəti
Könül Nuriyeva
Sənət 12:14 31.08.2022

Yaşlanmağın mahiyyəti

Könül Nuriyeva

Mövcud olmağın fəlsəfəsi də, hekayəsi də çox mürəkkəbdir desəm, həyata rahat baxa bilənlər məni qınayacaq. Düzünə qalsa, onları haqlı sayıram. Çünki mən qəlizlikdən ayrıla bilməyən adamlar sırasına aidəm. Ad günündə insan alim, yazıçı, evdar qadın, sevgili, ana və hətta sübh tezdən Bakı küçələrinin ürəyindən çirki-çirkabı təmizləyən yolları süpürən xanım olmaq istəyir.

Doğum günü başıbəlalı tarixdir: o gün saysız hüceyrələrdən fərqliliyin bəlli olur, bəlkə doqquz ay sonra məhz o gün işığın nə olduğunu hiss edirsən, dünya adlı cəhənnəmə "xoş gəldin" söyləyirlər sənə.

Doğulduğun gün hamı sevinir, toy olur, bayram olur. Sənsə elegiya yazırsan: uşaq təbəssümünlə, ananın süd qoxusunu hiss etməyinlə, su ilə təmasın zamanı, yəni səni çimizdirən zamanı çıxartdığın nazik və zərif səslərlə.

Bilirəm ki, insanların çoxu doğulduğu günü sevir. Çünki özünə hörmət edir, çünki özünün dünya ilə vəhdətinə çalışır, çünki yaradıcı olmağın kiçik həzlərini yaşaya bilir. 

Məsələn, adam adicə düz sapdan əyri-üyrü paltarlar toxuyur, yaradıcı olur. Adam ürəyə ilmək atır, sevgini yaradır. Adam düşüncədən körpü salır, yol olur.

Mən həyatımın bütün dövrlərində "düşüncə yolçuluğuna yol oldum" desəm, yanılmaram. Yolçu olmağa gücüm çatmadı. Yolçu olmaq yol olmaqdan çox çətindi, heç bilirdinmi, əziz dostum?!.

Yoldu da, sakitcə dayanıb ya şəhərin ortasında, ya iki insanın arasında, ya da avropalı mütəffəkirlə şərqli filosofun həndəvərində. Dəyişmir, mexaniki olaraq mövcuddur, ən uzağı üzərinə daşlar tökülür.

Amma yolçu qan-tər içində yol gəlir, dəyir, yıxılır, qan içində dizləri olmaq əvəzinə düşüncələri qanayır. Ayağa qalxır, dirçəlir, dibdən - ta dərinlikdən özünü yenidən yaradır, tikə-tikə, hissə-hissə olmuş vücudunu birləşdirir. Və mən özümün tikələrimi adicə aptek bintləriylə sarıyan, birləşdirən və bağlayan adamam. Çoxqatlı bağlamışam ki: dost görməsin, zidd fikirdə olduqlarım görməsin, balalarım görməsin, ANAM görməsin. Heç vaxt tamamilə görünmərəm deyə qorxum olmayıb. Mən ağır xasiyyətimi dünyayla baş-başa qoymaqla düz etmədiyimi dərk etmişəm, bunun təhlükəli olduğunu və axırı olmadığını özümə demişəm. Amma heç bir halda daxili zənginliyimdən şübhəçi olmamışam. 

Aradabir düşünürəm ki, bəlkə bu dünyadakı ən çətin insanlar evin böyük uşaqlarıdır?

Eqoistlər, özünü ağıllı sayanlar, "mən" deməyi sevənlər və ya "mən" deməyə aşırı dərəcədə aşiq olub, onu eyni ustalıqla gizlədənlər, ailənin yükünü çəkənlər, əziklik sindromunu özlərinə etiraf etməyə gücü çatmayanlar, qorxaq olduqlarını boyun almayanlar - siz həqiqənmi evin böyük uşaqları deyilsiniz?

Valideynlərinin davalarına şahid olanlar, evin böyük dərdlərini kiçik yaşlarından yumruqları boyda ürəklərində xiffət edənlər, özünü unudub, pulunu, sevincini, rahatlığını ailəsinin yolunda sağa-sola xərcləyənlər, məncə, sizi əminliklə evin böyük uşaqları adlandıra bilərəm.

Adam doğum günündə çoxlu gözəl sözlər, isti qucaqlamalar, təbii öpüşlər alır. Onu dünyaya gəldiyinə bir də peşman edirlər. Adam həmin gün gülümsəyir, bu təbəssümün ürəkdən olduğuna əmin olur. Səhərisi gün yenə özünlə baş-başasan. Yenə səni yaşın, ömrün və ətrafın aldadır. Yenə xəyalındakı nağılın almaları sürətlə yerə düşür və bölüşdürülməyə macal tapmır.

Hər yaşın düşüncəsi kimi, yazısı da fərqlidir. Bugünkü yazımın sevinci yoxdur, bilirəm. Sakitdir, duyğulu deyil, məntiqlidir, istəkləri iddialı deyil. Mən yaşımla əl-ələ tutub, yaşımın ovuclarını çimdikləyən adamam. Hardasa, xırda bir yerdə görünməyən və birdən üzə çıxan dəcəlliyim var. Bəlkə o dəcəllik məni qoymayıb yolçu olmağa, bunu dəqiq bilmirəm. Bildiyim odur ki, insanın yaşının ən gur vaxtı, kənardan ən xoşhal göründüyü vaxt, gözlərindəki səadətin günəşi kölgədə qoyduğu gün yaşın da dayanır, ömrün də, arzuların da. Həyatında oxuduğun ən iti cümlə adama dərs olur: hətta cansız əşya olan saat xarab olmuş əqrəbini hərəkətə gətirmək üçün çabalayır, amma heç bir halda arxaya - bir saat, bir dəqiqə əvvələ baxmır, heç bir saatdan kömək istəmir.

Həyatın həllinə çalışmaqla böyük səhv etdiyimin fərqindəyəm. Amma həyat onun çözümünü tapdığım üçün mənə azca əsəbidir: geriyə, dünənə gözucu belə baxmadığım hər gün yaşlarım üst-üstə gəlib. Necə qəribədir ki, həm göz yaşlarım, həm də illərimin yaşı.

Aləm qarışıb bir-birinə: kimsə kimsənin yazısını oxumaq istəməyib, sənin həyatına qarışmaram deyib, başqasının adicə addımına müdaxilə ediblər, öz mənafeyini qorumaq əsas amalları olub, güzəştlər insanlara müharibələr kimi əziyyət gətirib, adamlar genişliyi istəməyib, çərçivələr onlara xoş gəlib, bir ailənin içindəki güvənə söykəniblər, hamıdan biri olmağın bihuşedici rahatlığını xoşlayıblar, sevgidən qaçaq düşüblər, ona inanmayıblar və ən nəhayətdə evin böyük uşağı olmayıblar, deyəsən heç ad günləri də olmayıb.

Elə-belə yaşamaq adına ləkə gətirərək yaşayıblar. İnkişafın nə demək olduğunun, ideyalar uğrunda mübarizənin, özünüanaliz adlı rahatlamanın, dünyadan asılı olmadan, özlərinin dünya olduğunun kefini yaşamayıblar. 

Kimi danışır, kimi yazır, kimi süpürür, kimi də düşünmür. Düşünməyənlər rutini idarə edən düşüncələrə malik olduqları səbəbindən ömürlərini də, həyatlarını da yaşayırlar, hətta deyərdim dünyanın yerinə də. Axı dünya bayaq dediyim yolun eynisidir: sükutəndən başı ayılmır, sayı bilinməyən illərdir ki, eyni yerdə durub. 

İndi söylədiklərimin isbatı üçün məntiq lazımdır, qarışıq fikirlərimin düzüldüyü, əslində var olan ardıcıllığı görənlər lazımdır.
Hər birimizin istədiyi, amma az hallarda rast gəldiyi səni bir sözündən anlayanlar lazımdır. 
Hərdən mənə elə gəlir ki, dünyaya gəldiyim gündən yepyekə işığın ətəyindən tutub qaçıram. Bəzən addımladığım günlər də olub, işığın haqqına girməyim. Çox vaxt isə insafsız işıq çox sürətli olduğu üçün məni təngnəfəs yürüməyə sövq edib. Soruşanda deyib ki, hələ bu nədir, hələ bu harasıdır? Mən sənin xətrinə yavaş-yavaş gedirəm. Sən yox, başqa birisi olsa, sürətimi yeyin edərdim. 

Susmuşam...

Çünki mən bağlı adamam, aşiq adamam, düşünə-düşünə sonumu gətirən adamam. Qısası, mən adam deyiləm!..
İşıq da bunu hamıdan əvvəl bilib, anam dediyi kimi, avqustun iyirmi doqquzunda, axşam saat səkkizdə bilib. 

Həmin gündən bəri dabanımdan saçıma kimi qan-tər içində işığın ətəyindən asılı qalmışam. O işığın adı evin böyük uşağı kimi zülm olub, əziyyətini saxlanbac oyunundakı kimi gizləndiyi yerdən çıxmağı bacarmayan qadın olub, azca kitab sevdalısı - oxuyan insan olub, dost da olub, sevgili də.

Yəni, işığa da, şəhərə də, avqust ayının sapsarı rənginə də, biçilmiş, amma sarılığı torpağın sinəsində qalmış zəmilərinə də ədalətsiz davrana bilmərəm. Yaşamışam...

"Sənin xarakterin sənin yaşamaq müddətini ölçən cihazdır" deyiblər də deməyinə. Amma "rahatlıq bir gün varsa, yaşamaq elə həmin gündür" cümləsini unudublar. Nikbinliyin səs-küylə yox, aram-aram yaşandığını unudub insanlar. 

Özünə hərtərəfli baxmağın nə işıqla, nə ətrafımızla əlaqəsinin olmadığını yaddan çıxarıblar. Eyiblərini söyləməyin, özünü pisləməyin və bunun normal olmasının, özünü göyə yüksəltməyin və bunu da normal olmasını qəbul etməyən ətrafımızdakıların bir gün bizimlə razılaşacağı inad məsələsidir. Həmin işığın, həmin yolun, həmin doğulduğun günün təəccüb edəcəyindən əminəm. Bircə yolçudan nagümanam. 

Ümumiyyətlə, dünyayla ilk həmsöhbət olduğumuz gün, ilk dalaşdığımız gün də inadla bağlıdır. Hətta hüceyrələrdən ayrıldığım, yolumu müəyyən mənada özüm çəkdiyim və bu günə qədəq gəlməyim və bu sözlərim də inadla bağlıdır. 

Adam bəzən yarpaq olmaq istəyir. Sonra da yarpağın da payıza, ağaca və sonda öz yaşına inadla davam etməsi yadına düşür, yarpaq olmaqdan da vaz keçirsən.

Mən indi, məhz indi yazımın sonunda dayaz düşünənlərin inadcıl olduğunu dərk etdim. Onlar dərin düşüncəyə qarşı inad qalxanını daşıyırlar. Yaşamağı çətin sayanlar, evdə böyük uşaq olanlar, əndrəbadi nəsnələr fikirləşənlər də inadcıldırlar. Yoxsa, bu boyda günləri saymaq vardı, bu boyda günlərin gecəsinin saçını tumarlamaq, başının altına yastıq qoymaq vardı. Bu uzunluqda günlərin gündüzlərində günəşi qarşılamaq və yola salmaq, üzünün ifadəsi açıqlı insanlara iki hörüyü olan balaca qız kimi gülümsəmək vardı. Bunların öhdəsindən gəlməyə səni, əziz dostum, səni əmin edirəm ki, heç o güvəndiyim işıq da kömək etməzdi, inad olmasaydı...

Bir də doğulmağın da, işığın və inadın da mahiyyətində görmək, daha doğrusu görə bilməyin müşkülü dayanır. Biri sənə tərs baxır, o dəqiqə görürsən, birinin ruhiyyəsi dağınıq olur, yenə görürsən. Görə bilməyənlər həyatla da, dünya ilə də asılı olmayan münasibət qura bilirlər. İnsanları və hadisələri görə bilməyənlər görmək istəməynlərlə tamamilə fərqli sferada dayanırlar. Birincilər işığın arxasınca getməzlər, evin böyük uşağı heç vaxt olmazlar, inadkarlıq nədir bilsələr də, onu etməzlər, doğulduqları tarixlərdə həyat haqqında danışmazlar. Deyəsən onlar heç dünyaya gəlməyiblər, dünya eləcə onların içindədir, baş-başa verib, mənim kimilərin şirin-şirin qeybətini edirlər...

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->