Könül Nuriyeva
(ədəbi quraşdırma)
İyirmi birinci əsrdir...
Hə, virus da var, öldürdüyünü öldürür, təbii seçmədə qalib gələnlər yaşayır, "Taliban" işğalçıları da Əfqanıstanı ələ keçirib, tələbələrin qəbulu başa çatıb. Üstəlik də istidir, Bakıda bir sərin yer var, o da Filormaniyanı bağı. Mən də orda oturmuşam və Stendalla Monteni izləyirəm...
- Gözlərindən alov yağan aristokrat xanım Vaninaya nə demək istərdin? Stendal ağıllı baxışlarıyla Montenə baxır. Qəhrəmanının ruh halının Montenin ləyaqətli yaşamaq qaydalarıyla uyğunluğunu yoxlayır sanki.
- Təbiət daha çox bizim fəal olmağımızın qayğısına qalır, nəinki həqiqəti bilməyimizin.
Monten azca laqeyd səslə dillənir.
- Vətənə sədaqət borcunu sevgiyə qurban verməklə düz etdimi, Vanina?
- Özünü yaxşı tanıyan özgəsinin işini özünkü hesab edə bilməz.
- Mişel, siz həmişə düz ola bilməzsiniz axı. Deyirsiniz ki, dövlət daxilində intizamı saxlamaq üçün ləyaqətsiz adamlara da dözək, onların qüsurlarını gizlədək. Nə vaxta qədər? Ömür bitir, fərqindəsiz?
- Bizi adam edən sözdür, söz!
- Sevgi naminə edilən cinayətə bəraət yoxdur.
Stendal fikrə gedir. İsti hava və qalın bekenbardlar təzad təşkil edir.
Monten nazik bığlarına toxunmağı həmişə çox xoşlayıb. İndi də adətinin əksinə olmayaraq, ətrafa göz gəzdirmədən danışır:
- Yunanlar yadınızda? Onlar deyirdilər ki, insana əzab verən nəsnələr yox, o nəsnələr haqqında insanın özündə yaratdığı təsəvvürlərdir. Əgər əzablar ağıllla bağlıdırsa, ordan gəlirsə, onlara məhəl qoymamaq və xeyirli tərəfə yönləndirmək də öz əlimizdə olmalıdır axı... Bu baxımdan sizin Vanina öz quyusunu özü qazıb, əziz Stendal.
- Şər adlandırdığımızın əslində şər olmadığını sübut etmək mümkündürmü?
- Əlbəttdə! Başqa görkəm verərək!
Mişelin almacıq sümükləri qızardı. Onun arıq bədəni çılğınlıqdan ibarət idi, desək yanılmazdıq.
- Bax, əgər qorxub təşvişə düşdüyümüz nəsnə özü-özünü bizim şüurumuza yerləşdirə bilsəydi, onda bu nəsnə hamının şüurunda bərabər və oxşar şəkildə kök salardı. Çünki, bütün insanlar eyni cinsdəndir, eyni qabiliyyətə, eyni mülahizəyə, eyni dərketməyə malikdirlər. Az və ya çox fərqləri olacaq ki, bu da təbiidir. Vanina əzabı özünə tez yaxın buraxdı. Hələ ilk dəfə yaralı insanı görərkən, ona olan qayğısı, məhəbbəti - bu qadının qayğı çəkmək xüsusiyyətinin göstəricisidir.
- Deməli, təsəvvürlər bizim meyllərimizə uyğun şəkildə yaranır?
- Bəli!
Monten yaxınlıqdakı ağacdan bir yarpaq qırdı. Onun saplağından tutub, əlində biganə şəkildə oynatmağa başladı.
- Ölüm sözünü dilimizə gətirəndə isə onun sələfi olan ağrı haqqında düşünürük. Bu da yanlış təsəvvürlə bağlıdır. Bir dəfə öldürülməyə aparıla biri cəlladan xahiş edib ki, boynuna barmaqları ilə toxunmasın, yoxsa qıdıqdan elə qorxur ki, gülməkdən uğunub gedə bilər.
Hər ikisi bu söhbətdən uğunub getdilər.
- Başqasının vicdanlı olduğuna etibar etmək özünün vicdanlı olmağın haqqında ən inandırıcı dəlildir və belə adamı adətən Allah özü himayə edir. O adam xoşbəxtdir ki, ehtiyaclarını dəqiq-düzgün ölçüb-biçir, canfəşanlıq göstərmədən əlində olan imkanlarla ehtiyacını tam ödəyə bilir. Yəni, əmlakının idarə olunması ilə adamın xasiyyəti uyğundur.
- Mişel, onda kasıblıq və ya yaxşı güzəran bizim onlar haqda təsəvvürlərimizdən asılıdır?
- Bəli, Steni. Şöhrət, sağlamlıq, kasıblıq insanın özü barədə nə düşünməsiylə sıx bağlıdır.
- Tale bizə nə gətirir?
- O bizə nə xeyir, nə şər gətirmir. Tale bizə xeyrin və şərin xammalını, bu xammalı məhsul edəcək toxumu verir.
- Bu mənada ürəyimiz taledən qüdrətlidir?
Biz bəzən insanda, mənim qəhrəmanım Vaninada, onun gözəl gözlərində mərhəmət axtarırıq, ama görürük ki, onun tutqun baxışlarına təhqir olunmuş qürurun gölgəsi çöküb.
Stendal boynundan axan təri əlinin arxasıyla sildi. Qoşa qala qapısı tərəfdən meh əsirdi. O azca üşüdü. Vaninanın sözləri yadına düşdü: "Əgər o iki yolayrıcında qalıb ya məni, ya vətəni seçməli olsa, məni üstün tutacaq".
Sonra udqundu, Pyetronun dedikləri qulaqlarında cingildədi: Bu vətən deyilən şey nədir axı? Elə canlı varlıq deyil ki, yaxşılığı müqabilində özümü borclu sayım?! Yox, vətən və azadlıq mənin plaşım kimi lazımlı libasdır. Amma mən Vaninanı qoyub getsəm, unudulacağam. Vətən mənə gərəkdir. Bəlkə gərək deyil heç? Bəlkə mənim üçün yayın istisində qalın plaş kimidirsə, onda necə? Niyə mən onu almalıyam, özü də bu cür ağlasığmaz qiymətə. Vanina elə qəşəng və məlahətlidir ki!"
Monten əlindəki yarpağı yerə tulladı. Uzun müddətli sakit ab-hava onu yordu. Stendalın özüylə danışmasını sezdi. Ayağa durdu, cibindən məktub çıxartdı, skamyanın üstünə qoydu və azca axsayaraq ordan səssizcə uzaqlaşdı.
Uzun fasilədən sonra yazdığı yeni povestini "Vanina Vanini"ni götür-qoy edən Stendal ətrafında onu görməyəndə heç təəccüblənmədi. Bu dəfələrlə belə olmuşdu. Məktubu da görməyinə gördü, cibinə qoydu, mehmanxanaya tərəf getdi.
Axşam tərəfi Stendalın ürək ağrılarının güclənməsinə baxmayaraq, o məktubu oxumağı qərara aldı. Mişelin hər görüşdən sonra məktub qoymaq adətini gözəl bilirdi. Və o məktubları bir dəfə yox, dəfələrlə oxumaq vərdişinə sahib idi. Həm də yol boyu onu anasının xəyalı, onunla bağlı düşüncələr tərk etmirdi. Dumanlı şəkildə təzahür edən təsəvvürləri aydın ola bilməzdi. Çünki, o anasını balaca yaşlarında itirmişdi.
Mehmanxananın pəncərəsi Xəzərə baxırdı. Uzaqdan bayraq meydana açılan karusel - şeytan çarxı ona uşaqlığını xatırladırdı. Amma hər bir xatirəsindən atası boylanırdı.
"Əziz, Frederik. Sənin İtaliya vətənpərvərin - karbonarin sonda öz istəyinə qarşı çıxa bilmədi. Vətən sevgisi qadına duyduğu məhəbbətdən üstün gəldi. Mən bilirəm ki, sən çox tərəddüd içindəsən. Xoşbəxtlik axtarışı sənə rahatlıq vermir. Amma, bilirsənmi xoşbəxtlik adı altında nəcib ruhun rahatlığı və məmmunluğu, özünü idarə edə bilən bədənin - vücudun mətinliyi və xətircəmliyi nəzərdə tutulur? Pyerto halından məmmun idimi? Sən qəhrəmanının filosofluq etməsinə şərait yaratdınmı? Suseronun dediyi kimi, filosofluq etmək ölməyi öyrənməkdən başqa bir şey deyil. Müdriklik və düşüncə bizə ölümdən qorxmamağı öyrətmək üçündür. Biz bilirik ki, həyatda məqsədimiz zövq almaqdır. Əziz dost, bütün mübahisələr bu məqsədə necə çatmaqla bağlıdır.
Mən başa düşürəm ki, sənin Vaninan giley-güzar edəcək səviyyədə alçalıb. Onun kimi əsilzadə qadının qüruru aşağı düşüb, ləyaqəti yerlə bir olub. Bunun yeganə səbəbi Pyertoya olan sevgisi, azadlığa nifrətidir. Hətta o qərara gəlib ki, sevgilisini atıb Romaya qayıtsın. Qəddar sevinc hissiylə zəifliyinə görə özündən heyif alsın. Vanina düşünürdü ki, oğlan acı heyrət içində vurnuxacaq. Bu düşüncədən ləzzət alırdı. Sonra da yadına düşürdü ki, məhəbbətini qoruyub saxlaya bilməyən adama görə necə ağılsızlıqlar edib.
Diqqətlə oxumuşam, əziz Fredrik, çox diqqətlə. Ürəyim həyəcanla döyünüb. Mən Vaninanın sevginin xatirinə, oğlanın dostlarını necə satdığını, vicdan əzabı güc gələndə ona qısıldığını, hər an nifrət ediləcəyini bildiyi üçün keçirdiyi iztirabları gözəl anlayıram.
Pyertonun məktubu, qıza xəyanətkara qarşı mübarizə aparmaq tövsiyyəsi hər şeyi alt-üst etdi. Məhz bu məktub hadisələrin povestdə kuliminasiya nöqtəsidir. Vaninanın planı - sevgilisiylə əbədi birlik arzusu alt-üst olmuşdu. Oğlan yoldaşlarının tutulduğunu, həbsini bilən kimi təslim olmağa getmişdi.
Mən bilirəm ki, o Pyertonu çox sevdiyi üçün satqınlıq etmişdi. Amma eyni istəklə də nazirin evinə girib, silahla və şirin qılıqla Pyetonun ölüm hökmünü dəyişdirmişdi.
Pyerto ilə son görüşündə, qolları qandallanmış oğlan "Mən vətən eşqiylə yaşamadım, özgə ehtirasın qurbanı oldum" deyib, özünü uğursuz, dostlarına vəfalı olmayan hesab edəndə, qadın baş tutmayan niyyətini anlamışdı.
Qadını ən dəhşətə gətirən hal isə, söhbətboyu oğlanın gözlərində təkcə bir dəfə qığılcımın yanıb-sönməsi olmuşdu, o da "Vətən" kəlməsini deyəndə!
Səni narahat edən nədir, Steni? Rahatlıqla əsərini çapa verə bilərsən. İlk olaraq mənimlə bölüşdüyün üçün, təşəkkür edirəm".
Stendal məktubu oxuyub bitirdi. Gecə düşmüşdü. Bakı Avropanın şəhərlərindən fərqlənmirdi. Havadan gilavar ətri gəlirdi, o pəncərədən içəri utancaq halda dolurdu, Fransada doğulmuş, ədəbi realizmin şah damarı olan yazıçını vətəni üçün darıxdırırdı.
Stendal möhkəm darıxırdı... Hədsiz möhkəm. Hər yeni əsərini bitirdikdən sonra olduğu kimi.
"Sağ ol, Bakı. Sən olmasaydın on beşinci əsr və on doqquzuncu əsr görüşə, söhbətləşə bilməzdilər". Gilavar idi, Stendalın qulağına pıçıldayırdı.
Şərhlər