Bir neçə il əvvəl, Tiflisin ən görkəmli yerlərindən birində, Kürün üstündəki qayalıqlar arasında qərar tutmuş kilsəyə getməli oldum. Tələsirdik, hava da soyuq idi. Gürcü dostum deyirdi ki, sən mütləq bu mərasimdə iştirak etməlisən. Çabua Amirecibi vəfat edib, gürcü xalqı onu son mənzilə yola salır, axı o böyük yazıçı, ictimai xadimdir və bir də, ən əsası odur ki, "Data Tutaşxia" romanının müəllifidir...
İndi də kitabxanamda hər yerdən "boylanan" bu nəhəng kitab - "Data Tutaşxia" (həqiqətən, rus dilindəki sonuncu nəşrin ölçüləri kitabdan daha çox albomu xatırladır) hər dəfə gözümə sataşanda qeyri-ixtiyari həmin günü, bir də kilsənin ortasında, xüsusi kürsüdə uzadılmış Çabuanın solğun üzünü xatırlayıram. "Data Tutaşxia" indiyədək oxuduğum ən yaxşı romanlardan biridir, fikrimcə həm də gürcü aristokratiyası haqqında yazılmış ən yaxşı romandır...
Bir müddət sonra isə, növbəti dəfə Tiflisdə olanda dəyərli dostum Oktay Kazımovi ilə Mtsxetaya getdik. O mənə Kürlə Araqvi çayının qovuşduğu yeri göstərəcəkdi. Elə oradaca, təsadüfən öyrəndim ki, çay qovuşağının ortasında ucalan kilsənin həyətində hamımızın sevimlisi, doxsanıncı illərdə sevə-sevə oxuduğumuz, gürcü nəsrinin ən parlaq nümayəndəsi, Qoderzi Çoxeli də dəfn edilib (həm də öz arzusu ilə, vəsiyyətinə əsasən). Düzünü deyim ki, onun bu vəsiyyəti barədə eşidəndə, Çoxelinin əsərlərindən və şəxsiyyətindən heyranlıqla söhbət açan, onu bizə - yeni nəslə xüsusi məhəbbətlə təqdim edən müasir Azərbaycan "klassiklər"ini, onların ədəbi çevrələrinin (əshabələrinin) canfəşanlığını xatırladım və düşündüm ki, bəlkə onlar da, necəsə, Çoxeliyə oxşamaq istəyirdilər. Əgər belədirsə, görəsən nədən, bu "müasir klassikəlr"imizin hamısı, usanmadan, utanmadan, son mənzil kimi yalnız fəxri xiyabana can atırlar? Bəlkə ona görə ki, məscidlərin ətrafı, ayağı, ərazisi heç vaxt bizim üçün son mənzil olmayıb? Bəlkə də onlar məcsidin qapısına it bağlamağa hazır olan bir ədəbi nəslin mənəvi davamçılarıdırlar, ona görə? Hər halda, Mtsxetadan Tiflisədək qarışıq duyğularla uğraşdım...
Elə indi də, Gürcüstandakı seçkiləri düşünərkən, bu qarışıq duyğuların cəngindən çıxa bilmirəm. Axı nə Gürcüstana, nə Tiflisə, nə də oradakı insanlara, dostlarıma biganə qala bilmərəm. Hesab edirəm ki, Gürcüstanda baş verən hər nə varsa, gec-tez, mütləq bizim də taleyimizə təsir edəcək. Bircə, yazıçılarımızı məscidin ayağında basdırmayacaqlar. Bilirsiz, bəlkə də belə daha yaxşıdır. Hər xalqın öz taleyi, ədəbiyyatı, aristokratiyası və sair və ilaxırı var...
Hə, hansı şəhərə getsəm, mütləq taksi sürücüləri ilə söhbət etməyə çalışıram. Səhv etmirəmsə, 2014-cü ildə, Tiflisdə bir gürcü taksi sürücüsü ilə söhbətləşdim, amma maşına oturanda anladım ki, sükanı sağ tərəfdədir. Bəs yol polisi saxlamır, qarşıdan gələn avtomobillər necə, çaşmır, axı bütün sükanların solda olduğu bir ərazidə belə necə avtomobil idarə etmək olar? Gürcü gülüb dedi:
- Bico, özümü Yaponiyada hiss edirəm. Onsuz da gec-tez sükanı sola keçirəcəm, qoysana qurdumu öldürüm!
Düzünü deyim, o vaxtdan bəri düşünürəm ki, gürcülərin bir çoxu daim kimə isə, nəyə isə və haraya isə oxşamaq istəyirlər. Həm də bu fikrə bütün varlıqları ilə aşiq olurlar. Halbuki Qafqazda ən çox özlərinə oxşayan da elə gürcülərdir...
Belə baxıram, deyəsən, gürcü arzusunun hüdudları Qara dənizdən o tərəfə o vaxt keçə biləcək ki, Qafqaz sıra dağlarının o üzündə tamam başqa Rusiya yerləşsin, ya da heç yerləşməsin...
Məqsəd Nur
Şərhlər