Məmməd Talıblının yeni kitabı "restitusiya, kompensasiya, satisfaksiya" kimi iqtisadi terminlərlə zəngin olsa da, kitabdakı fəlsəfi və bədii ab-hava oxucunu ilk cümlələrdən özünə doğru çəkir: demək güclü görünüb yıxılmaq ehtimalın az olanda daha şiddətli məğlubiyyət, gücsüz görünüb yıxılmaq ehtimalın yüksək olanda isə qalibiyyət səninlə ola bilir. Yəni "yıxılmağa daha çox yaxın kimi göründüyün an bəlkə də, sənin qələbəyə daha yaxın olduğun andır". Bu sətirləri yazan müəllif ilk tanışlıqdan bizi həyata bağlayan, həyat dərsi verən cümlələrlə ələ alır.
"Amorf birliklər" söz birləşməsi kimi bəlkə ədəbiyyata və yaxud sosiologiyaya gətrilmiş yeni ifadə deyil, amma yadımıza salınan və yerində işlədilən ifadədir və kitabda bu məzmunlu söz birləşməliri ilə tez-tez rastlaşırıq.
"Müstəqillik daha çox "yox" demək bacarığı üzərində qurulub" fikri Sokratın diliylə iqtisadi mövzuya antik ruhiyyə qatıb desək, yəqin səhv etmərik və seçilmiş cümlələr sırasına aid olar.
Digər bir ifadə "sayğı duruşu"dur. Rusiyanın hegemonluğunu bu qədər sərrast ifadə edən müəllif deyir ki, sayğı duruşu yalnız hegemonun mərhəməti sayəsində baş verə bilər. Müəllif sadə cümləylə hegemonların psixoloji açıqlamasını izah edir.
Hər dövlət bir insandır və ya hər insan bir dövlətdir. Deməli despot, hegemon xarakterli insanlara da bu cümlə eyni şəkildə aid edilə bilər. İşin maraqlı tərəfi, həm də aciz tərəfi bəzi insanların hegemonluğu daşıdığını, ailəsinə, iş yoldaşlarına qəddar və hökümlü davrandığını qəbul etməməsidir. Təssəvvür edin ki, sual vermək, haqsızlıq baş veribsə, bunu açıq söyləmək ixtiyarı olmayan ailələr və iş yerləri var. Bu baxımdan, hələ aşağı vəzifələrdə işləyib, diktatorluq edənlərin bir gün ölkənin həyatını idarə edərlərsə, fəaliyyətləri adamı çox qorxudur. Söylədiyi sözlərin və etdiyi davranışların birmənalı olaraq qəbul edilməsini tələb edən diktator xarakterli insanlar hər yerdə var və onları cəmiyyətin qudurğanları adlandırmaq və tabe olmamaq lazımdır.
Başqa bir cümlə: Əzici gücdən qorxaraq tabe olmaq çıxış yolu deyildir, çünki hər dəfə bir bəhanə tapıb səninlə qeyri-adekvat davranacaq, cüzi müqavimət hiss edən kimi şiddətini daha da artıracaq, cümləsini yuxarıda danışdığımız insanlara aid etmək olar, baxmayaraq ki, müəllif onu Rusiyaya aid edib. Həm də dolayısıyla bizi despot xarakterli insanlardan ehtiyatlı olmağa və onları tanımağa səsləyib.
M.Talıblının "İqtisadi vektor və strateji seçim" adlı kitabı təkcə hər bir vətəndaşa lazım olan iqtisadi biliklərin deyil, həm də iqtisadiyyatı bədii ifadə etməyin uğurlu nümunəsidir. Kitabdakı fəlsəfi fikirlər, fikirlərin yığcam ifadə olunması, atalar məsəlləri, sadə və aydın izahlar bu kitabı hər kəsin stolüstü vəsaiti edə bilər. Məsələn, "dünyanın tanınmış şəxsləri bu ölkə üçün əlini daşın altına qoymayacaqsa, "quyruğunu" duzlu suya toxundurmayacaqsa, onda bu zənginliyin bir afrikalıya nə qədər faydası olacaqsa, azərbaycanlılara da o qədər faydası olacaq" cümləsindəki bədi ifadələr kitabın iqtisadi ağırlığına zövqverən aura bəxş edib.
"İnvestitorlar "ürkək quşlar" olurlar" cümləsi ən sadə vətəndaşa, oxucuya da investitorların xidmət şəklini çatdırır. Onları qorxuda bilən bütün növ təhlükələrin anonsunu verir.
Başqa bir nüansı qeyd edək: mövzu iqtisadiyyat olsa da, müəllif "hardan başlamalı olduğumuz suallarda ilişib qalmamalıyıq" yazmaqla, həm də oxucuya həyat yolunu müəyyənləşdirməyə yardımçı olur.
Kitabdakı digər cümlə - "iqtisadi vektorun müəyyənləşdirilməsi özümüzü hansı blokda gördüyümüzün açıq ifadə forması sayılacaq" dövlətə aid edilsə də, həm də insan taleyinə də şamil edilə bilər. Yəni, biz insan olaraq, vətəndaş olaraq özümüzü harda, hansı səviyyədə görürüksə, bu bizim ifadə formamızdır, həm də canatma nöqtəmiz və hədəfimizdir.
Adətən siyasi və iqtisadi mövzulu kitablara həmin sahənin mütəxəssislərindən savayı oxucular maraq göstərmir, o kitabları darıxdırıcı və yeknəsək hesab edir. Ədalətli yanaşsaq, həqiqətən də belədir. Amma haqqında danışdığımız bu kitab həmin təsəvvürləri əminliklə deyirik ki, alt-üst edib.
"Həyatdakı uğur hekayələri doğru seçimlərdən başlayır. İnsanların seçimləri onların uğurlarını və uğursuzluqlarının istiqamətini müəyyənləşdirir" cümləsini oxuyan bir tələbə, bir gənc bu fikirdən çox fayda götürər, elə deyilmi?
Seçmək! Bu həyatda insanların da, bu dünyada dövlətlərin də əsas və ana xətti olmalıdır. Dostunu seçirsən, sənətini seçirsən, qonşunu seçirsən, maraqlarını seçirsən, bu halda sən dürüst, məqsədyönlü və kamilləşməyə meyilli biri olursan. Və olduğun bu mövcud vəziyyət özünə də zövq verir, səni daha da uğurlu biri olmağa sövq edir. Müəllif onu dövlətə aid edib, biz isə onu dövləti var edən, onu quran, inkişaf etdirən, süqutuna, tənəzzülünə səbəb olan insana aid etməklə çox haqlıyıq.
Çünki bir əşya, bir varlıq saysız xırdalıqlar səbəbindən mövcud olur, müəyyən mənada insan dövlətin həm hüceyrəsi, yəni ən xırdası, həm də var olması səbəbi, yəni ən böyüyü, kosmosu, geniş ölçülüsüdür.
Müəllif yazır ki, seçim etmək isə təkcə tale müəyyənləşdirmək deyil, həm də iradə gücümüzü ifadə edən keyfiyyətlərimizdən xəbər verir. Biz seçimlərimizlə təkcə uğurlarımızı deyil, həm də mahiyyətimizi ifadə etmiş oluruq. Bununla da "özümüzü harda görürürük?" sualına aydınlıq gətirmiş oluruq. Məhz bu fikirləri özündə əks etdirən, məzmunu iqtisadiyyat olan bir kitabı oxumaq istəməzdiniz? Biz məmmuniyyətlə "bəli!" deyirik.
Axı bu ömür, bu həyat, bu tale bizə kimin nə verəcəyi ilə deyil, bizim nə qazanacağımız, nəyə və hansı çətinliklə nail olacağımızdan asılıdır. Bizimlə razı olan müəllif, eyni vizyonu, eyni dünyagörüşünü bölüşərək yazır: dünyanın əksəriyyəti hansı tərəfə gedirsə, o tərəfə getməmək, əslində heç bir yerə getməmək deməkdir.
Yazı əhlinin konkret və aydın mövqeyi oxucunu çaşdırmayan əsas xüsusiyyətdir. Oxucu oxuyur və sonda dolaşıq düşüncələrdə ilişib qalmır. Bu baxımdan M.Talıblı mövqeyini aydın ifadə edir: "Avroatlantik məkana inteqrasiya yolunu seçməli və kollektiv Qərblə sıx əməkdaşlıq içində olmalıyıq!"
Müharibənin hər üzünü görmüş insanların yaşadığı ölkədə, müəllifin "iqtisadiyyatımızın sendviç kefi adlı" bölümü maraq doğurur. Müharibələrin yalnız silah gücünə qazanılmadığını yazan Məmməd müəllim diplomatik uğurları, informasiya təbliğatı, iqtisadi qüdrət haqqında məlumat verir. Diplomatiyanın dost qazanmaq sənəti olduğunu yadımıza salır, hərbi gücün dost qazana bilmədiyimiz zaman meydana çıxdığını xatlrladır.
Sadə, amma dərin biliyini bizdən əsirgəməyən müəllif deyir ki, işğalçılıq yalnız siyasi və hərbi məzmun daşımır. Bu daha çox düşməni iqtisadi ekspansiyaya məruz qoymaqdır.
Məşğul olduğumuz sahə ədəbiyyat olsa da, bu faktlar azərbaycanlı olaraq bizim üçün çox maraqlıdır: 2020 müharibə ilində Azərbaycan dövlət büdcəsinin gəlirləri 14,1 milyard dollar olduğu halda, Ermənistan dövlət büdcəsini gəlirləri 3,5 milyard dollar səviyyəsində olub. Məhz bu bölüm - xarici dövlət borcu, valyuta ehtiyatları, müharibə sonrası ən güclü dövlətin də zəifləmiş iqtisadiyyatı, itirilən pullar, nəticələr bölməsinə atalar məsəli əlavə etməklə darıxdırıcı və rəqəmlərdən ibarət soyuq mətndən isti və enerjisi yüksək mətnə çevrilib, kitabı oxunaqlı, maraqlı və yaddaqalan edir.
Düşünürük ki, niyə ölkə vətəndaşı öz ölkəsi haqqında primitiv, hətta orta səviyyəli iqtisadi göstəriciləri bilməsin, tətbiq olunan yenilikdən xəbərdar olmasın? Bu baxımdan kitabda haqqında söhbət açılan "Global Firepower"in, yəni ölkələrin müdafiə qabiliyyəti və hərbi potensialını qiymətləndirmək baxımından ciddi mərkəz olan qurum haqqında məlumatlar qiymətlidir və hər birimizin bilməli olduğu faktlardır.
"Dövlətlərin militarist yönümlü büdcəyə nail olması özlüyündə məqsəd sayıla bilməz" fikrini yazan Məmməd müəllim qeyd edir ki, müdafiə, hərbi təyinatlı xərclərin aryırılması heç bir dövlətin lüksündən doğmur, ehtiyaclarından yaranır.
Məsələlərə təkcə iqtisadçı kimi yox, həm də özünü inkişaf etdirən şəxs kimi baxmaq daha ağıllı davranışdır. Kitabı oxuya-oxuya hər bir dövlətin iqtisadi yönləri olduğu kimi və bu yönlər həm də çox vacib və qaçınılmaz tərəflər olduğu kimi, insanın iqtisadi tərəfləri hansılar ola bilər sualını özümüzə verdik. Buna sadə izah verək: əgər sən özünə həddindən artıq ev əşyaları, paltarlar, kosmetik vasitələr, yerli-yersiz hədiyyələr alırsansa, şəxs kimi sən öz şəxsi iqtisadiyyatını bərbad hala gətirirsən. Dolasıylyla sən ölkə iqtisadiyyatına da zərbə vurmuş olursan, bu kiçik olsa da, hər halda ziyan sayıla bilər. Aldığın əşyaları və yaxud boş yerə xərclədiyin pulları başqa biri istifadə edə bilərdi, vacib ehtiyaclarını ödəyə bilərdi.
Kitabdan təkcə dövlətin strukturu anlayışları yox, həm də insanın strukturunu təşkil edən təməli olan və mühüm bilikləri qazanırıq. Müqayisə edirik, cümləni başdansovdu oxumuruq, dayanırıq, düşünürük, həyatımıza aid nəticələr və istiqamətlər müəyyən edirik.
Kimin pulunu kimə xərcləmək mövzusuna maraqlı yanaşan müəllif pul xərcləməyin istiqamətlərini bu şəkildə ayırır: kimsə öz pulunu özü üçün xərcləyərsə, qiymət və keyfiyyətə baxar, öz pulunu başqası üçün xərcləyərsə, yalnız qiymətə baxar, keyfiyyətə baxmaz, başqasının pulunu özü üçün xərcləyərsə, yalnız keyfiyyətə baxar, qiymətə baxmaz, başqasının pulunu başqası üçün xərcləyərsə, nə qiymətə, nə keyfiyyətə baxar.
Erməni sahibkarların torpağımızı almaq kimi cəfəngiyyat söhbətlərinə aid yazıçı "birə effekti və milyarder ruhu" adlı bölmədə Yunanıstandan, İsraildən, Fələstindən nümünələr gətirməklə yanaşı, azərbaycanlı milyarderlərin saylarını və onlardan bizim hər birimizin istəklərini ətraflı yazıb.
Kitabın digər hissəsində investorların "ürkək quşlar" olmaması üçün iqtisadi şərtlərin üstünlüyünü önə çəkmək istəyib.
Bu gün üçün ən vacib məsələrdən biri ölkəmizin neftdən kənar ixrac məsələrinə səriştəli şəkildə detallı açıqlamalar verilib. Uğurlu ifadə "postneft dövrünün ayaq səsləri" yazmaqla bədii dillə, sadə sözlərlə bir vərəqlik izahı bir cümləyə uğurlu şəkildə sığışdırıb. Sonra milyarder Pol Qettindən sitat gətirərək yazır: "Bir nəfərin 100 faizlik səyindənsə, yüz nəfərin bir faizlik səyinə üstünlük verirəm". Bir sektorun dominantlığının azalması fonunda, qeyri-neft sektorunun "bir faizlik" səyini artırmaq təklifini verib.
Biz kitabın məzmunu haqqında kiçik hissəni yazdıq və bölüşdük. "Nə oxuyum? Azərbaycanda düz-əməlli yazıçı varmı?" deyənlərə bu kitab ən tutarlı cavabdır.
Könül Nuriyeva
Şərhlər