Xəbər lenti

Ərəb baharı, baharı sevməyən qadının diliylə...
Könül Nuriyeva
phrase_var_qaynar. 10:17 14.09.2021

Ərəb baharı, baharı sevməyən qadının diliylə...

Könül Nuriyeva

Qaranlıq, alçaq tavanlı zirzəmidə ,,Min bir gecə nağılları” ilə Şərq ədəbiyyatının cazibəsinə düşmüşdüm. Babamgilin zirzəmisinə məndən başqa kimsənin uzun müddət gəlmədiyi, əllərimlə yol açdığım böyük hörümçək torlarından məlum idi. Tozlu kitablar indiki kimi allergiyaya səbəb olmurdu, hörümçəklərdən qorxmurdum. Orada - o nəmli, təkliyin səsini dinlədiyim yerdə nə qədər çox qaldığımı nənəmin çığır-bağırından bilmişdim:

- Vaxseyy, uşaq itib!!!

Hə, doğrudan itmişdim, ərəb-fars ədəbiyyatının vərəqləri arasında... 

Çoxumuz ərəb ədəbiyyatı dedikdə ya bundan xəbərsizik, ya da düşünürük ki, Qərb və Rusiya yazıçılarının yanında ərəb-farslar uduzurlar. Elə deyil, oxudum, sevdim, araşdırdım, sizin bilməyinizi də istədim.

Suriyanın qadın yazıçıları, Suriyada roman janrı, İraq şairi Həmid Səid, Misir novellaları, orta əsr ərəb şairi Əbu Tayyib Əl Mütənəbbi, Misir ədibi Əl–Aqqad, İraq şairi Cəmil Sidqqi, İraqda neoklassik poeziya, Nəcib Məhfuz, Əhməd Xani və onun ,,Məm və Zin" poeması (kürd ədəbiyyatının əsasını qoyub və Türkiyə kürdlərindən idi), iraqlı şair M. Arslan, Sərq ulduzları Fərabi (o, nail olmasa da, qarşısına çox böyük məqsəd qoymuşdu - Platon və Aristotelin düşüncə mirasını birləşdirmək və sonra onu islami düşüncələrlə vahid hala gətirmək), Ö. Xəyyam, C. Xəlil Cübran, Ərəb Əndəlus ədəbiyyatı, humanist yazıçı Mixail Nuaymə, İspaniyada ərəb ədəbiyyatı, Qorki və ərəb ədəbiyyatı, Livan şairi Mişel Süleymanın ,,Yerdən doğan günəş” kitabı...

O gündən üzü bəri otuz ilə yaxın müddət keçib, indi anlayıram ki, cazibəsi ilə Şərq niyə bu qədər fərqlidir. Belə olmasaydı, mən dayımın çoxdan unutduğu o kitabları balaca canımla qucaq-qucaq bayıra daşımazdım, daşıya bilməzdim. Cazibədir işin məğzi!

Baxmayaraq ki, zaman-zaman tənqidin gerilik adlı obyektivinə tuş gəlib. Məfhum olaraq cazibə, məkan olaraq başıbəlalı Şərq...

Fars ədəbiyyatının on altıncı əsr şairi Baba Furğani zəif şair hesab edilməsinə baxmayaraq, "səbk-Hindi” nın qurucusudur. Geniş yayılmış fikirlərə görə Saib Təbrizinin sayəsində onun adı məşhurlaşıb. Şeirləri ilə Hafiz Şiraziyə bənzədilən şair idi, həddindən artıq içir, getdiyi məclislərdə lağ obyekti olurdu. Qəsidə, tərkibənd, qəzəl, tərcibənddən ibarət divanından bəzi seçmələr "Les peries de la couronne, choix  de poesies de Baba Feghani" adıyla fransız dilinə tərcümə edilib. 

Ehsan Təbəri iyirminci əsrdə yaşamış siyasi şairlərdən idi. O tudəçi idi və  iranda marksizmi təbliğ edirdi. İran kommunistlərinin 1970-ci ildə ən böyük ideoloqu idi.

Firdovsi tacik və fars dilində yazıb, "Şahnamə” üzərində otuz il işləyib.

Füruğ Fərruxzad iranlı şairdir. 1958–ci ildə Avropada İ.Gülüstün ilə tanış olub, "Ev qaradır” filminin ideyasını ondan alıb. Film cüzamlı xəstələrdən bəhs edirdi. Yoldaşından ayrılan, oğlunu ona verməyə məcbur olan şairə illər sonra xəstə uşağı oğulluğa götürüb. Ölümü isə, uşaqla dolu avtobusla toqquşmamaq üçün idarə etdiyi maşını divara çırpması nəticəsində olub. "Əsir”, "Divar”, "Üsyan”, "Başqa bir doğuluş” adlı əsərləri var.

Hafiz Şirazi Şərqdə mistik düşüncənin gözəl incisidir. Onun poeziyasında müasir sürrealizmin elementləri var. Dindarların təzyiqi onun şeirlərindəki dərin və abstrak fəlsəfəni poza bilməmişdi. 573, bəzi mənbələrə görə, 994 qəzəlində özünü ifadə edə bilib.

Şəhriyar  klassik şeirin bütün şəkillərində yazıb, qəzəl, qəsidə, məsnəvi, qitə, rübailərlə dünya həyatını fəlsəfi şəkildə ifadə edib.
Mirzə Əli Möcüz cəhalətdən insanı azad etmək, mədəni həyat, qadın azadlığı mövzularını təbliğ etməklə yanaşı, 1932-ci ildə ilk dəfə qız məktəbi açıb. O, Sabir ədəbi üslubunu sevmiş, davam etdirmişdi.

İsfahandakı elmi fəaliyyəti  Ö. Xəyyamı iki fəlsəfi əsərini - ,,Varlıq” və "Zərurilik haqda elmi traktat”nı 1080–ci ildə yazmağa sövq edib. Yazılarında lakonizmə üstünlük verib. Onun astronomiya, təqvim, cəbr, həndəsə, riyaziyyat, iqlim, ziddiyyət, elm prinsiplərindən bəhs edən əsərləri var. Fəlsəfədə antologiyaya aid kitabı tək nüsxə ilə Britaniya kitabxanasında saxlanılır.

Sədi Şirazi dərin ictimai-sosial yükü baxımından qəzəl janrının ustadlarından sayılır. İraq, Anadolu, Suriya, Misir, Mərkəzi Asiya, Hindistanı səyahət edən   Şirazi ahıl yaşında doğulduğu Şiraza qayıdır. Dərviş mədəniyyəti haqqında ən tutarlı məlumatı onun ,,Bustan” əsərindən almaq olar. ,,Gülüstan” 1654-cü ildə almam dilinə tərcümə olunub.

Tahirə Qürrətüleyn islam şərqində çadrasını atan ilk müsəlman qadın idi. Cənubi Azərbaycanda Babilər hərəkatının iştirakçısı idi. Əri və qaynatası arasında kəskin ziddiyyətlər,  onun həbsi və Tehrana qaçırılması fəaliyyətinin işıqlı çalarlarıdır. Onun çadrasız  Şahruxda söylədiyi nitq, səksənə yaxın babi arasında on gün davam edən müzakirə, mübahisə, mülahizələri, üzün müddətli həbsi ruhundakı mübariz qadını öldürə bilmədi. Üç oğlunu anaya zidd əqidədə tərbiyə edən qohumları onun bərabərlik ideyalarını qeyri-adi hal hesab edirdilər. Ərəb və fars dilində şeirlərin müəllifidir.

Şərqin dərin inci dənizinin səthində üzürəm, ani baxış qəzəldən, lirikadan başlayır, fəlsəfə ilə davam edir, inqilabi ideyalarla yüksəlir. Və bu əsrlərdi eyni ahənglə, bəlkə də ahəngsizliklə davam edir. Qanında qaynarlığı, cazibəni, istiqanlılığı, çılğınlığı daşıyan əksər şərqlilər kimi mən də düşünürəm: "Niyə Avropa mədəniyyətinın, elminin, ədəbiyyatının, azadlığının  Şərqdə olmadığı, yaxud əksik olduğu dəfələrlə vurğulanır?”

Bizim orta əsrlərdə elmi dərinliyinə qədər araşdıran alim-yazıçılarımızın, məsələn, Ö.Xəyyamın əsərləri Britaniya, Hollandiyanın Leiden, Almaniyanın Cotha kitabxanalarında xəzinə kimi saxlanılır, amma bəs niyə o filosofu yetişdirən Şərq hələ də cəhalət və müharibələr içindədir? 

Niyə hələ də beynimizdə kodlaşdırılmış sahə geniş yer tutur və bu ismarış ora lənətlənmiş şəkildə yerləşdirilib: "Qız uşağı ikinci dərəcəli övladdır. Qadın ərinin qulluqçusudur". Bilirəm, yazını oxuyanlar etiraz edəcəklər. Ən demokratik görünən kişi belə "mənə olar, qadına olmaz" düşüncəsini gizlində saxlayır. Belə olmasaydı, yaxın günlərdə Aytənin əri coğrafiya fakültəsinə yüksək balla girmiş biri, qadına o davranışla (alçaldılma, döymə, öldürməyə təşviq, yardımetməmə) yanaşa bilməzdi! Bunu birmənalı olaraq şərqli qanıyla bağlayıram."Mənə olar, sənə olmaz"lar fərdi münasibətlərdə deyil, kaş ki, beynəlxalq münasibətlərdə şərqlinin inadı olardı... Qoy ədalətsiz olardı, təki olardı. Və ən təzadlısı budur ki, adını saydığım ərəb, fars müəllifləri məhz gizli və açıq şəkildə olsa da, demokrat olublar. Ya ən azından buna cəhd ediblər. Dildə, sözdə, yazılan əsərlərdə demokratik ruşeymləri güclü surətdə özündə saxlayan şərqli necə olur ki, üstündən əsrlər keçir və yenidən geriyə addımı - talibanvari elementlər yaşamalı olur? Biz hamımız bilirik ki, idarəetmə, həm də tam ədalətsiz, bütövlüklə mənafeyə xidmət edən idarəetmə demokrat kimi tanıdığımız dünya güclərindən gəlir. Deməli, nəticə budur ki, sən zəifsənsə, idarə olunacaqsan. Şərq işığına, ziyalılarına, kəşflərin bünövrə tədqiqatçılarına baxmayaraq, zəifdi, tez çalxalanır, sabit deyil, boşluqları var və kifayət qədər çox var...

Bəzən düşünürəm ki, bəlkə isti iqlim düşünməyə mane olur, həssas xarakterin Şərq təbiətiylə  vəhdəti duyğuların üstünlüyünə gətirir. Sadəlövh Şərq özünün asılılıq bəlasından qurtara bilmir. Maddi zənginliyin bol olduğu Şərq intellekti bilərəkdən kənara itələyir. Sanki uzun əsrlər boyu əzilmiş, ağlamış şərq adamı bu gün kefi, əyləncəni acgözlüklə yaşamaq istəyir. Bilərəkdən, ağlını dincə qoyur. Bir də ayılır ki, dincə qoyduğu ağlı kütləşib. Riyazi biliklə davamlı məşq etməyən insanların ləng düşünmə halına gəldiyi kimi. 

Şərqli işləməkdən, müharibələrdən, islamın amansız qadağalarından yorulub. Onu yorublar, elmli, alim insanlarını ona unutdurmağa nail olublar. Bəs bunu kimlər edib? Məsələnin kökünə getsəm, bir insan bir millətdir, bir coğrafi ərazinin təqdim olunan nümayəndəsidir. Əgər insan öz şəxsi kimliyindən asanlıqla vaz keçirsə, təsirə düşürsə, demək, onun bünövrəsi zəifdir. Ömər Xəyyamın hansı əsərini oxudunuz desəm, susacaqsınız. Sveyqi, Dostoyevskini, E. Ponu, hətta uzaq Murakamini belə oxuyanlar səsimə səs verəcəklər.  

Niyə?!

Siz niyənin cavabını tapın...

Gözləyin məni, Ömər Xəyyam haqqında yeni yazımla gələrəm, yəqin. Şərqdə yeni çaxnaşma düşməsə...

Oxşar xəbərlər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->