Ötən həftənin lap sonunda daha bir maraqlı post-sovet ölkəsində müstəsna geosiyasi əhəmiyyəti olan seçkilər oldu - bəli, söhbət Moldovadakı prezident seçkilərinin ikinci turundan gedir. Nəzərlər bura dikilmişdi və indi də bu davam edir.
Amma biz bu sətirləri yazanda nəticələr bəlli deyildi, mümkündür ki, hətta onlar ilkin olaraq elan ediləndən sonra da hələ çox dəqiqləşmələr, hətta polemikalar və çək-çevirlər olacaq, çünki bu ölkədə də vəziyyət qonşu Gürcüstandakından heç də sadə deyil.
Məhz buna görə biz növbəti səhərçağı Moldova Mərkəzi Seçki Komissiyasının səslərin 98.7 faizi hesablanandan sonra hazırki prezident Maya Sandunun 55 faiz səslə qələbə qazanması haqqında xəbərini hələ tam yekun nəticə kimi təqdim etmirik, çünki hələ də müəyyən, hətta ciddi dəqiqləşmələr ola bilər.
Bəli, bu seçkilər də bir suala cavab verməlidir: "Rusiya, yoxsa Qərb?”. Moskva burada da necə "tər tökübsə”, necə çalışıbsa, referendumda qərbçilər çox, həddən artıq kiçik fərqlə qalib gələ bildilər, o da xaricdə yaşayan moldavanların hesabına, çünki daxildəki əhalinin 54 faizi Avropaya inteqrasiyanın əleyhinə səs vermişdi - güman, insanlar qorxur və istəmirlər ki, Moldova da Ukraynanın taleyini yaşasın.
Düzdür, belə də ehtimallar var ki, Avropa ilə bağlı əvvəlki eyforiya yaşanmır. Ola bilər və Avropa İttifaqı da bundan nəticə çıxarmalıdır - illərlə davam edən vədlərlə, bitib-tükənməyən imtahanlarla, qəbul prosedurları ilə insanları yedizdirmək olmur, bir az insaflı və səxavətli olmaq lazımdır. Amma o da var ki, bu son bir-iki gündə Moldovada avro xeyli bahalaşıbdır (deyilənə və yazılana görə!), ona görə ki, xəbərlər yayılandan sonra ki, guya seçkini rusiyayönümlü qüvvələr udacaq, insanların çoxu xaricə köçmək və pullarını da avroya çevirmək qərarına gəliblər!
Rusiyayönümlü qüvvələr hakimiyyətə gəlsəydi, Avropa sanksiyalara əl atacaq və hətta moldavanlar üçün vizasız rejimi də ləğv edəcəkdi - bəli, avro-komissarlar bunu qəti gizlətmirlər. Ötən həftə ölkənin Konstitusiya Məhkəməsi Avropa İttifaqı ilə bağlı referendumun nəticələrinə baxmalı idi. Bir xəbərlərə görə, nəticələr təsdiqlənibdir, digər xəbərlər görə isə məhkəmə prezident seçkilərinin nəticələrini gözləyirdi - güman, seçkidə Sandu qalib gəlməsəydi, qərar mənfi olacaqdı! Biz bu məsələni bütün dəqiqliyilə bilmirik, amma həqiqətən də belədirsə, bu, hətta məhkəmələrin necə də siyasiləşdiyinin, hakimlərin ikiüzlülüyünün göstəricisidir!..
Bazar günü keçirilən prezident seçkilərinin ikinci turuna gəldikdə isə Sandu birinci turda favorit olmuşdu və hətta ən son sorğular da onun qalib gələcəyini deyirdi. Amma rusiyapərəst qüvvələrin də kollektiv səsləri heç də az deyildi və birlikdə hətta Sandunun səslərilə müqayisə olunacaq dərəcədə idi.
Ona görə də əvvəldən güman olunurdu ki, rusiyayönümlü qüvvələr səslərini birləşdirsələr, xüsusən də birinci turda üçüncü nəticə göstərmiş namizəd öz tərəfdarlarını ikinci turdakı rusiyayönümlü namizədə səs verməyə çağırsa, Sandu üçün çox çətin olacaqdı. Amma əksər müşahidəçilər istəyirdi ki, hazırki prezident Sandu qalib gəlsin, çünki bu halda avro-inteqrasiya kursu davamlı olacaq, əks halda isə...
Hazırda, Mərkəzi Seçki Komissiyasnın ilkin elanına görə bu artıq baş verib, Sandu qalibdir, fəqət, referendumda olduğu kimi, ona da əsas üstünlüyü Avropada yaşayan moldovanların səsləri qazandırıb, amma Sandunun parytaxt Kişinyovda da inamlı qələbə qazandığı bildirilir...
Seçki ilə bağlı onu da deyək ki, proses ərəfəsində ən sadə insanlar, yəni sadə seçicilər hədə dolu məktublar alırdılar ki, bəs seçkilərə gəlməyin. Amma ikinci tur seçkiləri günü artıq günorta Moldovanın Mərkəzi Seçki Komissiyası elan edib ki, seçici fəallığı normaldır və hətta seçkiləri baş tutmuş saymaq üçün zəruri hədd və fəallıq da təmin olunub, yəni artıq günorta əsas təhlükələrdən birinin sovuşduğu məlum olub...
Bir sözlə, Gürcüstanda olduğu kimi, Moldovada da Rusiya ilə Qərb arasında əsl siyasi savaş gedirdi. Etiraf edək ki, Qərb kimi Rusiyanın da qələbəsini istəyənlər az deyil.
Hətta bizim Azərbaycanımızda da belə ovqat yaşanır - çox adam istəyirdi ki, Gürcüstanda olduğu kimi, Moldovada da rusiyayönümlü qüvvələr qalib gəlsin, ən başlıcası isə Cənubi Qafqazda geosiyasi baxımdan Qərb yox, Rusiya dominant olsun. Burada qeyd edək ki, dünən gürcü baş naziri İ.Kobaxidze bildirdi ki, onlar Avropa kursuna sadiqdirlər, çünki bu, ölkə konstitusiyasında əksini tapıbdır. Gürcü baş naziri qeyd edibdir ki, onlar Rusiya ilə heç bir danışıq aparmırlar və Avropa İttifaqı tələb edərsə, bəzi qanunlara yenidən baxa da bilərlər!
Rusiyanın "geosiyasi uğur”larına sevinənlərə deyərdik ki, biz Moskva ilə əlaqələrə, hətta müəyyən zaman kəsiyində onunla geosiyasi müttəfiqliyə elə də pis baxmırıq. Ən azı ona görə ki, Rusiya bizim ən yaxın coğrafi qonşumuzdur və təkcə bu məqam əslində çox şey deyir.
İkincisi, bir vaxtlar qərbçi, Qərb siyasi dəyərlərinə və standartlarına adekvat türk dövləti qurmaq istəyən və quran böyük Atatürk də Lenin, bolşevik Rusiyası ilə müttəfiqlik edirdi, çünki onda Qərb dövlətlərinin əksəriyyəti yeni türk dövlətinə qarşı idi, hətta onu xəritədən silmək istəyirdilər. Ona görə də Atatürk bir ara bolşevik Rusiyası ilə müttəfiq oldu.
Fəqət, bu, tamam müvəqqəti idi - Qərb Türkiyəyə münasibətini dəyişəndən sonra sonuncu da geosiyasi istiqamətini dəyişdi və Qərbə üz tutdu.
İndi prezident Rəcəb Tayyib Ərdoğan da ən müxtəlif geosiyasi mərkəzlər-qütblər arasında manevrlər edir, çünki ABŞ və Avropa Ankaraya qarşı münasibətində heç də səmimi deyillər. Türkiyə nəinki Rusiya ilə yaxın münasibətlər qurur, hətta Qərbə alternativ olan geosiyasi formatda iştirakdan çəkinmir. Türkiyənin BRİCS-in Kazan sammitində iştirakı və bu formatda "tərəfdaş dövlət” statusu alması buna bir işarədir. Düzdür, o da var ki, Ərdoğan Atatürk kimi tamam qərbçi deyil və hətta onun partiyası ilk dəfə hakimiyyətə gələndə düşündük ki, ölkə Avropa kursundan tamam imtina edəcək.
Amma belə olmadı, təkcə bunu demək kifayətdir ki, sonuncu dəfə çox da uzaq olmayan keçmişdə, daha doğrusu, İsveç və Finlandiya NATO-ya üzv qəbul olunarkən prezident Ərdoğan onları da, digər üzvləri də Türkiyənin Avropa İttifaqına üzv olmasına dəstək verməyə çağırdı. Di gəl, Avropa siyasətçiləri səmimiyyət nümayiş etdirmirlər.
Biz həmişə deyirik və yazırıq ki, məgər Türkiyə və onun iqtisadiyyatı, daxili siyasi durumu Avropa İttifaqına üzv olmaq üçün Polşa və ya Rumıniya qədər də hazır deyildi?
Məgər Türkiyə Avropa İttifaqı və həm də NATO üzvü olan, amma, necə deyərlər, Tanrısına təpik atan bizim hun əcdadlı Macarıstan qardaşımız qədər də demokratik deyil? Məgər Ərdoğan Orban qardaşımızdan daha problemli siyasətçidir?
Məgər Türkiyə bu qədər demoqrafik resursları, təbii ehtiyatları, hərbi imkanları və vərdişlərilə, geosiyasi vəziyyəti və neçə-neçə türk dövlətinin və xalqının dəstəyilə Qərb üçün Finlandiya (onu NATO-ya da yüyürək qəbul etdilər!) qədər də önəm kəsb etmir? Elə dərd də ondadır ki, bəzi qeyri-səmimi Qərb siyasətçiləri bunları gözəl bilir və elə məhz bundan ehtiyat edirlər.
Təsadüfi deyil ki, bir neçə il bundan öncə Türkiyədə olan Fransa prezidenti N.Sarkozi mübahisəli bir fikir demişdi: "Avropanın Türkiyəyə ehtiyacı yoxdur!”. Amma o, bu sözləri də əlavə etmişdi ki, elə Türkiyənin də Avropaya ehtiyacı yoxdur...
Əlbəttə, bir daha deyirik ki, prezident Ərdoğan daha çox dindar millətçidir və əvvəllər daha çox dini qüvvələrə, necə deyər, ümmətçiliyə meyl edirdi. Amma məlum Fətullah Gülən hadisələrindən sonra vəziyyət bir az dəyişdi, prezident Ərdoğan türk millətçilərilə daha sıx yaxınlaşdı.
Burada qeyd edək ki, məsələn, polyaklar da çox dindar millət hesab olunur, hələ onu demirik ki, Avropa İttifaqı bir neçə il bundan əvvəl öz yubileyini Roma Papasının hüzurunda qeyd etdi! Buna nə deyək?
Həm də prezident Ərdoğan da Atatürk qədər qərbçi olmasa da, Qərbin dəyərini yaxşı bilir və düşünürük ki, onun indiki manevrləri də daha çox taktiki xarakter daşıyır və müvəqqətidir: bəli, Türkiyə son nəticədə yenə də Qərbdə qalacaqdır, hər halda, buna ümid edirik...
O ki qaldı Gürcüstandakı və Moldovadakı son proseslərə, maraqlıdır ki, rusiyalı təhlilçilərin özləri eyforiyaya qapılmamağa çağırırlar. Onların da fikirincə, bu iki ölkəni Rusiyanın geosiyasi orbitinə qaytarmaq elə də asan olmayacaq, çünki prezident Putinin özünün məşhur bir fikri var ki, bir dəfə "Mercedes”in sükanı arxasında olan adamı "Jiquli”yə oturtmaq elə də asan iş deyil...
Düşünürük ki, indiki vəziyyətdən Avropa strateqləri də nəticə çıxarmalıdırlar. Bir sıra ölkələr Avropaya inteqrasiya olunmaq üçün çox fədakarlıqlar göstərirlər, amma Avropa prosesi lap "acı bağırsaq” kimi uzadır. Bir görün, Ukrayna nələr yaşadı və yaşayır! Ümid edirik ki, on mindən çox koreyalının Rusiya tərəfində vuruşmağa başlaması NATO strateqlərini də düşündürəcək. Düzdür, Ukraynanın da tərəfində döyüşən avropalılar var. Məsələn, bu günlərdə oxuduq ki, Çexiya hökuməti (səhv etmiriksə! Yaddaşımız aldatmırsa!) Kiyevin tərəfində vuruşmaq üçün özünün 66 vətəndaşına icazə veribdir...
Amma adama hərdən elə gəlir ki, Qərb bu müharibənin qurtarmasını elə də istəmir, çünki bir neçə il bundan əvvəl, xüsusən də D.Trampın vaxtında NATO ciddi şəkildə "laxlayırdı”, "Rusiya təhlükəsi” bir çox ölkələrə elə də real görünmürdü, indi isə bu təhlükə daha əyani və realdı. Doğrudanmı, Qərb dövlətlərinə yalnız bu lazım idi?..
Hüseynbala Səlimov
Şərhlər