Xəbər lenti

Həyatın
Könül Nuriyeva
Ölkə 11:23 16.09.2023

Həyatın "mənası"

Dəniz sahili həmişə romantik şeirlərin və filmlərin diqqətçəkən mövzusu olsa da, mənim kimi soyuqqanlı və məntiqsevən adamların fəlsəfəyə baş vurmaq səbəblərindən ən birincisidir. Nə dəniz sahili, nə də dəniz oxuduğumuz, seyr etdiyimiz kimi sakit, tərtəmiz, sevgi aşılayan və rahatlayıcı deyil. Suyun üzərindəki çirkablara, eybəcər yosunlara və mazutlu damcıların ayaqlarıma vurduğu qəhvəyi ləkələrə baxaraq düşünürəm: "Səni sevmirəm, ola bilər əvvəl sevirdim. Sənin haqqında düşünmək səbəbim hikkədir, keçmişə bağlılğımdır, verdiyin əzablardan zövq almağımdır, buna məna yükləməyimdir. Görəsən, bəs sənin bu boyda dünyaya verdiyin məna nədir, dəniz?!"
 
Dəniz də az aşın duzu deyil. Mənə tərs-tərs baxıb sual verir: "Bəs həyatın mənası nədir?"

Onun sadə sualına gülürəm. Məktəb illərimin xatirə dəftərləri yadıma düşür, biz bu suallara onda çoxdan cavab tapmışdıq, dəniz isə hələ də bilmir.
 
Dəniz uzun söhbətə başlayır: Borxesin "Problem" adlı hekayəsi bütün hekayəçilərin əsl simasını göstərir. Hər kəs yazır, pis olduqları, kefsiz olduqları, danışmağa adamları olmadıqları və yaxud əksinə, çox yaxşı əhval-ruhiyyədə olduqları üçün yazırlar. Kimsə onları təkrar-təkrar təsdiq etsin deyə, öysün, tərifləsin deyə yazırlar. Uşaqlıq illərində itirdikləri özgüvəni geri qaytarmaq üçün, şöhrətli olmaq üçün yazırlar. Kafka isə özünün soyuq şəhərindən gözlərinin gizlənmiş etirazıyla bu günə və bizə baxıb deyirdi ki, yazmamağınızdan görünür ki, çox yaxşısınız, biz adətən yaxşı olanda susuruq.
 
Hə, "Problem" hekayəsi Don Kixot haqqındadır. Servantesin məhşur qəhrəmanı özünü bu dünyada ən güclü biri hesab edir. Onun xəyallarının əsas mövzusu sevgilisi Dulsineyanı xilas etməkdir. Hekayədəki Don Kixot əslində kənddə yaşayan Alonso adlı yaşlı adam, sevgilisi isə çirkin kəndli qızıdır. Onun döyüşdüyü yel dəyirmanları hər zaman xəyallarında ona məğlub olur. Daim xəyal quran Alonso "bir gün həqiqətən adam öldürərəmsə, nə olar?" fikrini özündən qova bilmir.

Borxes çox detallı şəkildə mövzuya toxunur. Hekayələrimizdəki uydurulan hadisələr bir gün özümüzün başına gələrsə və rastına çıxarsa, nə olar? Əzabla öldürdüyümüz qəhrəmanlar və mənəvi zülmə saldığımız epizodlar eyni reallığı bizə yaşatsalar, nə edərik?!
 
Hararinin "Homo Deus"unda Borxesin üç ehtimalı irəli sürülür. Birinci ehtimala görə ciddi dəyişiklik baş verməyəcək. Don Kixot adam öldürdüyü üçün narahat olmayacaq. Onun düşündüyü yanlış fikir elə dərindir ki, o həqiqi mənada qətl törətdiyi və yel dəyirmanlari ilə vuruşduğu arasındakı fərqini bilməyəcək.

İkinci variant isə Don Kixot həqiqətin iştirakçısı olan kimi, yəni adam öldürən kimi, xəyallarından qurtulacaq, dəhşətli depressiya və xəyal qırıqlığı yaşayacaq.
 
Üçüncü ehtimal dərinliyi və qəlizliyi ilə diqqət çəkir. Xəyalını divlərə təslim edən qəhrəman sadəcə aktyordur. Amma kimisə öldürsə, fantaziyalarına daha da möhkəm bağlanacaq. Çünki onun ağır günahını yalnız xəyal gücü ovundura və məna qazandıra bilər.
 
Deməli, buradan iki nəticə çıxır. Bir insanın bir hadisə zamanı necə hərəkət edəcəyini əvvəlcədən söyləmək çox müşkül məsələdir. İşin pis tərəfi odur ki, o adam heç özü də situasiya anında hansı qərarı verəcəyini bilmir. Belə olan halda, bizim kiminsə haqqında qabaqdan gəlmiş fikirlər söyləməyimiz ehtimallar toplusudur.
 
İkinci nəticə isə yazdığımız hekayələr, romanlar, şeirlər, çəkdiyimiz filmlər və rəsmlər müəyyən mənada bizi bağlılığa gətirir. Əgər biz yaradıcılıq yolunda çox fədakarlıqlara yol vermişiksə...
 
Və burdan daha mühüm bir nəticə çıxarıram. Nəyin, kimin üstündə çox əzab çəkmişiksə, canımızı qoymuşuqsa, əmək sərf etmişiksə biz qeyri- ixtiyari ona çox bağlanırıq. Onu həyatımız mənası adlandırırıq. Başqa sözlə desəm, mənasız mənası hesab edirik. Daima onun haqqında düşünürük, onu xırdalıqlarına qədər analiz edirik. İşin müəmmalı tərəfi odur ki, biz fədakarlıq etdiyimiz hadisə və insanlarla əlaqəni bitirdikdən sonra, heç bir səhv və günah etməsək də, özümüzü eyibli sayırıq. 

Əslində isə məna, axtardığımız həmin itkin düşmüş məna indidədir. Bu saat etdiklərimizlə bağlıdır. Bu baxımdan uydurduğumuz sənət növləri dünəndir, dünən kimi baxarıqsa, asılı məna yükündən azad ola bilərik. Bu isə göründüyü, söyləndiyi kimi asan deyil.
 
Bədii misalı siyasi misalla da əvəz etsəm, yenə nəticə eyni olacaq, eyni ehtimallar dövriyyəyə girəcək. Heç bir siyasətçi, dövləti idarə edən şəxs yürütdüyü siyasət və xitam verdiyi müharibəyə görə "Mən səhv etdim, anlayışla qarşılasanız şad olaram, strategiyamda qeyri-stabillik var idi" söyləməyəcək. Çünki o, bu yolda fədakarlıq edib, əziyyət çəkib, nigaran olub və nəticədə işinə, yoluna bağlanıb, həyatının mənası hesab edib. Bu səbəbə görə çox nadir hallarda siyasətçilər siyasəti yarıda saxlayırlar. Dünya tarixinə baxsaq, ən az rast gəlinən hal olduğunu görərik.  Bunun üçün əslində reallığa əsaslanmyan, yeni ölümlərə səbəb olan və nəticələrini özləri də bildiyi halda yeni qərara "Şəhidlərin qanı yerdə qalmamalıdır!" şüarını irəli sürərək, xitam verirlər. 
 
Müharibədən bədən üzvlərini itirmiş halda qayıdan biri "Yalnız özünü düşünən siyasətçilərə görə gözüm çıxdı, qolumu kəsdilər, beynim zədə aldı. Mən nə axmaq imişəm!" söyləməyəcək. Yəni, bu durumda  səhvi bütünlüklə siyasətçilərdə axtarmaq düz deyil, əhali də eyni məna və bağlılıq sindromundan əziyyət çəkir. İztirablara məna yükləmək insan psixologiyasının faciəsidir. O özü bunu dərk etmir. Reallıqla yaşamaq, üzləşmək çox çətindir, bu adamı dəli edər, fantaziyalara məna yükləmək, xəyalların yelləncəyində yellənmək, hamıdan biri olmaq asandır, yaşamağa saxta səbəb olsa da. Şüarlar pafosun iyrənc şəklidir, sağlamlığını müharibəyə qurban vermiş adam "Vətənimin tarixi üçün getdiyim yolda özümü alqışlayıram!" deyəcək, deməlidir, çünki bununla özünü aldadıb, təsəlli verir.
 
Bu mənada bizim çoxumuz Borxesin hekayəsindəki Don Kixota bənzəyirik.
 
Hətta çoxumuzun çətin zamanlarda ikiəlli yapışdığımız din "fədəkarlıq, zəhmət, bağlılıq, məna" prinsipini əsas tutaraq qurban verilməsini ön sıraya çıxarıb. Əzablı fədəkarlıq, yəni qurban vermə qeyri-real varlıqlara bağlılıq yaradıb. Antik dövrün tarixinə baxsaq, bütlərə qurban verilir və insanlar onlara qəlblərində sevgi aşılayırlar. Dinin daha irəli zamanlardakı ayinlərinə baxsaq, İsmayılın qurban verilməsi prosesi də əzabda məna axtarışıdır. Bağlılığın, fövqəl güclərə inanmağın elə bir formasıdır ki, insan sözlərlə özünü aldadır, zorla iradəsinin əksinə özünü inandırır.
 
Nəzəriyyələr və onları yaradanlar, sosialistlər, kommunistlər və başqaları da ideyaları uğrunda canını fəda edənlərdir. Nəticə olaraq isə bağlılıq və mənaya necə düşkün olduqlarına aid çoxlu misallar var.

Sərt sözlərlə ifadə etsək, bu axmaqlığa bəraət qazandırmaq adlanır.

Sən konkret olaraq axmaq hərəkət etmisən. Bəlkə başqa ölkədə olsaydın, başqası bu hərəkəti etsəydi, yəni boş-boşuna sağlamlığını hansısa dindarın, siyasətçinin, yazıçının yazdıqları və danışdıqlarına əsasən itirsəydi, sən də onu axmaq adlandırar və həyatın bir dəfə verilməsi kimi sadə, amma məntiqli cümlə ilə danlayardın. 

İqtisadi sahədə də uğursuz hərəkətlərini, qərarlarını yarıda saxlamağa cəsarəti olmayanlar, onu külli miqdarda maddi ziyan bahasına olsa da davam etdirir, ikiqat zərərə baxmayaraq özlərinə etiraf etməyə ürək etmirlər. Siçan deşiyindən olsa da, bir məna tapır, sonda özləri də ona inanıb, bağlanırlar.
 
Ən çox münasibətlərdə üzə çıxan bu məsələ gələcək iztirablar üçün mayak rolunu oynayır. Münasibət bitməli olduğu halda, incidilmiş, ağladılmış, dəyərsizləşdirilmiş, vaxt ayrılmayan, maraq göstərilməyən, diqqət edilməyən biri hələ münasibəti davam etməkdə israrlı olur. Çünki uzun illər bu münasibətə əmək sərf edib, öz aləmində guya qarşı tərəfi dəyişib, öyrəşib, bağlanıb. Məntiqinə əziyyət verərək məna axtarmağa çalışır, mənfi cəhətlərlə bir saat əvvəl qarşılaşmasına baxmayaraq, qarşı tərəfin müsbət xüsusiyyətlərini axtarmaq üçün iynəylə gor qazır. 

İnsan özünün təsəvvürünə sığmayacaq ölçüdə mürəkkəb sistemdir. Həmişə düşünürəm ki, onu tam mənasıyla dərk edəriksə, bu sistemin bütün qaranlıq künclərini öyrənmək, təsir və nüfuz etmək bacarığımız olarsa, bu hədsiz maraqlı olar, hədsiz əhatəli mövzu olar.
 
Liberallar bizi hər zaman məna axtarışına dəvət edir. Onlar həyatın mənasını özümüzün tapmalı olduğumuzu deyirlər.

Bütün hallarda hadisələr, münasibətlər, müharibələr, dünyanın hər yerinə təsir edən böyük dəyişikliklər fərdin, bir şəxsin təsiri ilə başlayır. Deməli dəyişikliyin fəlakət tərəfinə bu dərəcədə təsir edən fərd, kainat üçün məna yaratmağa, yəni müsbət mənada da təsir gücünə malikdir.
Yəni, biz məna axtarışını hər zaman şəxsimizlə bağlamamalı, dünya üçün, ətrafımız üçün, məhəlləmiz və küçəmiz üçün də etməliyik. Burda elm və liberalizm toqquşur. İnsanı öyrənən elm insan beyninin saysız təəssüratlardan ibarət olduğunu deyir. Beynimizi saysız uydurma hekayələrlə doldurmuşuq. Biz xaosdan yaxa qurtara bilmirik. Bir hekayəni silmək yerinə, yenisini yaradırıq. Beynimiz məna və mənasızlığın xaosunu yaşayır. Bu baxımdan tarix, yəni başqa sözlə insanın yaratdığı, iştirak etdiyi, inandığı, müqəddəsləşdirdiyi tarix də müəyyən mənada uydurma hekayələrdən ibarətdir. Səlib yürüşlərindəki cənnət qəbzinin vədi nə dərəcədə uydurma idisə, liberalların azad seçimə məna yükləməsi də eyni məzmunlu hekayədir.

Çünki hər yerdə təfəkkürün uyğunsuzluğu hökm sürür. Necə ki, təkamül nəzəriyyəsi yaranandan sonra din aradan qalxmadısa, insanlar astronomik sahədə, tibbdə və  siyasətdə fərqli inama və məna axtarışına davam etdilər. Hər sahənin və hər kəsin bağlılıq və məna qavraması tamamilə fərqllidir.

Şəxsiyyət və azad iradəni təbliğ edən liberallar müasir texnologiyanın qarşısında cavabsız qalırlar. İnsanların azad iradəsini qətiyyən nəzərə almayan cihazlar yaranır və artır. Süni intelektlər üçün məna yoxdur, bağlılıq yoxdur, əzab yoxdur. İnsanı əvəz edə bilən bu qurğular sənin duyğulu halına insandan da yaxşı dəstək və təsəlli verə bilir. Lakin o cihazlar buna məna yükləməyəcək, səninlə bağlanmayacaq, sənin əzabına heç bir səbəb verməyəcək. 

Maraqlı sual ortaya çıxır: "Onda niyə biz müəyyən mənada soyuqqanlı xarakterləri ilə süni intelektləri xatırladan insanlardan inciyirik?" Həmin insanlar da bizə bağlanmırsa, çətinlikdə kömək etmirsə, etdiklərinə məna yükləmirsə, öz həyatının axarına davam edirsə, niyə onlardan özümüzə, çılğın xarakterimizə oxşamasını, uyğunlaşmasını tələb edirik?

Eyni davranışı süni intellektlər etsəydi, heç bir tələbimiz olmayacaqdı.
 
Nəticə olaraq insan beyninin xaoslardan, keçmişə sıx bağlılığından, detallardan da məna çıxartmaqla, öz canına əziyyət verməkdən müəyyən mənada zövq almasından yaxa qurtarmağın vaxtıdır. Artıq zaman yetişib, dəyişikliyə meydan açmaq lazımdır".
 
Dəniz susdu. Uzun və dəyərli nitq söyləmişdi. Mən də dinlədim. Onun söhbətini unutmayacağam və haqqında uzun-uzadı düşünəcəyəm. Buna görə sabah yenə sahilə gəlməliyəm. Görürsünüz, dənizin söhbətində məna tapdım, o da məni bu yolla özünə bağlayıb. Biz hamımız sonu olmayan və çıxışı mümkünsüz olan suallar labirintində var-gəl edənlərik.

Könül Nuriyeva

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->