Sıra ilə gedən qarışqa sürüsünə baxan Fuad qaşqabağını alnının qırışlarından utanmadan, bəlkə də borc alaraq, sallamışdı. Qaşqabağını tökmüşdü dünyanın qara tərəfinə. Əslinə baxanda yönü-yöndəmi, nəm-nişanı, huyu beləydi. Çuxurda yerləşmiş gözlərinin uzunsov kənarları anasınkına bənzəyirdi. Ta uşaqlıqdan qaraqabaq, danışmayan, ürəyiylə söhbətləşən, susqun biriydi Fuad.
Adi gün idi. Beş il əvvəlki, üç gün qabaqkı günlərdən fərqi isə həyəti başına alan, tələsməyən qarışqa sürüsüydü.
"Bunlar hardan gəlib, niyə indiyədək yox idilər? Nə böyükdülər gör e! Oğlum görsə, maraqlı gələrdi ona”.
Fuad axıra qalan, dayanan, ölmüş dostunu daşıyan qarışqaya baxdı. Yaman tərs idi! Dayanır, yenə sürətlə gedir, kürəyindəki yükü bir türlü buraxmırdı ki buraxmırdı.
"Nə boş-boş danışırsan, Fuad! Sənin oğlunmu var?! Sonsuzsan sən, sonsuuuz!"
Yenə ürəyiydi. Ona gerçəyi başa salırdı.
"Lənətə gəlsin! Adamın da ürəyinin səsi anasının səsiylə eyni ola bilərmiş?!"
İşə getməliydi...
Fuadın iş yeri üzü dənizə baxan beşmərtəbəli binadaydı. Bayırdan dörd tərəfinin sarmaşıqlarla əhatələndiyi bina dəniz kənarında nəhəng, pəncərəli ağaca oxşayırdı. Fuad yaşıl üzlü kürsüdə oturub dənizə baxırdı. Hava sakit, işlər rəvan, istirahətə gələn müştərilər çox olsa da, Fuad boğulurdu. Baxmayaraq ki, içəri səpsərin və havalıydı.
"Fuad!” Səsin hökmündən yaşıl kürsü dik atıldı. Qapı qeyri-ixtiyari açıldı, heç imkan vermədi ki, ona yaxınlaşan adam cəftəyə toxunsun. Ətli əndamı donunu tərlədən qadın xırıltılı səsiylə: "Fuad, oğlum, sən bu gün sənədlərin imzalanması üçün üç görüş keçirməlisən. Əvvəlcə evə get, duş qəbul et, yaşıl milləri olan kostyumunu geyin. Maşını özün sürmə, sürücünü çağ....”
- Ana! Təranə xanım əfəndi!! Bəsdi!
Gərginlik pəncərədən bayıra çıxdı, sarmaşıqlar divara qısıldılar, Fuada əl uzatdılar, onun binadan çıxmasına və mümkün qədər sürətli çıxmasına yardım etmək istədilər.
Oğlan alnını qaşıdı, köynəyinin yaxasındakı düyməni əsəbiləşərək qırdı, düymə yerdə diyirləndi, döşəməyə toxunub səs çıxartmağa gücü qalmadı. Fuad qızarmış gözlərini uzağa zillədi. Çox qəribəydi... Dənizdə körpü yaranmışdı. Qarışqalar idi. Uzun, enli, qapqara körpü idi. "Bunlar ki üzü bizə tərəf gəlir, bu sürətlə gəlsələr, körpünün ucu mənim pəncərəmə dirənəcək."
Fuad narahat olmaq yerinə, gülümsədi. "Yeknəsəq həyatımızda yeni dəyişiklik!" - deyib, boynunun ardını qaşıdı.
Oğlan qoltuğunda sənədlərlə "Fuad!" səsindən uzaqlaşmağı güclü arzuladı. Bu səslə çağrılanda adı yaman zəhlətökən səslənirdi. "Yenə gəlsə, yenə səsləsə, yenə eyni cümlələr, yenə hökm?!" Ürəyində o qədər danışdı ki, yolboyu ürəyi susdu, sözlər bir-biriylə qeybətləşdi, onsuz da ürəyinin səsi qadın səsinə bənzəyirdi, hökmlü qadın səsi isə köhnə, vaxtı keçmiş traktorun səsindən fərqlənmirdi.
Evə gəldi. Dəhlizdə oturdu, heyini-hərəkətini dəhlizin tozlu xalçasına iki uşağın bir-birinə könülsüz verdiyi oyuncaq kimi bağışladı. Kürəyini divara söykədi. "Bu nədir?! Təranə divarı nə vaxt yaşıl rəngə boyadı?"
"İtin balası, nooldu, bəs söz vermişdin, bəs həşəratlarla oynamayacaqdın?!"
"Ana, mən qarışqaları tutub, bankaya yığıb, hörümçək..."
Vurulan tərs, yaxud düz şillə uşağın "yuva" sözünü ağzında qoydu.
"Ay balam, sən şəhər uşağısan e! Böcək-möcək nədi?! Bu zibilləri niyə bankaya yığırsan?! Əllərindən pis iy gəlir!"
Təranə gec ərə getmişdi, "otuz doqquz yaşında uşağın olmayacaq" desələr də, özündən kiçik, sosial şəbəkədən tanış olduğu oğlanla qaçmışdı, toysuz-nişansız. Uşağı da oldu, əri də yaxşıydı, yola gedirdilər. Virusun tuğyan etdiyi ildə ərini itirdi. Düzünə qalsa, kədərlənmədi, ərinin haqqında "lazımsız adamdı da, dünya boş qalmasın deyə Allah bikar vaxtında yaradıb onu" kəlmələrini dilində deməsə də, baxışlarıyla ətrafa yayırdı. Həm də imkanlıydı kişi, özündən sonra mirası nəyə desən dəyərdi.
Gözləri yaşarmış Fuad düşünürdü: "Bəs məhəllədə uşaqlar deyir ki, ana mehribandı, nəvazişli olur, qucağı isti olur, əzizləyir, nazlayır adamı. Niyə onun gözlərində qəzəb var, niyə mənə acıqlanır, niyə?!"
Təranə uşağın əlindən tutub, onu bağa apardı. Dəmir ağacı şıltaq-şıltaq yarpaqlarını tərpədirdi. Nazlı sözlər istəyirdi dəmir ağacı. Nazlanmaqdı yeganə istəyi: kimsə xoş sözləri səpələyə budaqlarına, o da yırğalana o yana-bu yana. Su yox, torpaq yox, yarpaq yox, möhkəm gövdə yox, nəvaziş istəyirdi.
Ana Fuadı ağaca bağladı. Kəndir həmişəki yerindəydi. İlk dəfə deyildi ki... "Sol yanağındakı qırışdan mədəm bulanlır", - oğlan pıçıldadı.
Uşağın kürəyi ağacın gövdəsində isindi. Ağac elə bildi, uşaq onu qucaqlayıb. Budağını ona tərəf əydi ki, günəş ağlamış uşağın kipriklərindən utansın.
Təranə kəndiri bərk sıxdı, iki düyün atdı.
"Saçları küpəgirənin darağı ilə daranıb elə bil. Əlləri də coddur”, - uşaq sözləri yaşına yaraşmayan tərzdə pıçıldadı və başını buladı.
"Ağlın başına gələnəcən burdasan!" Təranə kök ombuzlarını əsdirə-əsdirə getdi.
Dəmir ağacı oğlana "xoş gəldin" dedi. Hələ üstəlik soruşdu ki, "gecəni mənimləsən?" Oğlanın halsızlıqdan huşu getmişdi və sualları kəndirin kəsdiyi, qançır olmuş qolları eşitdi.
Fuad dəhlizdə nə qədər uyuduğunu, daha doğrusu, özündən getdiyini bilmədi. Ayılanda otaq qaranlıq olduğundan bəlliydi ki, gecdi, bəlkə də, saat beş olar. Gecə beş... Çünki, onun beşə qurulan saatı çalırdı. Saatı qururdu ki, yuxu görmədən ayılsın. Heç olmasa bircə dəfə!
Çünki o, hər gecə beşdə eyni yuxunu görürdü. Buruqsaçlı balaca oğlan onu aparırdı: gah xəstəxana dəhlizlərinə, gah dəmir ağacının altına, gah da...
"Yaxşı, bəs o hikkəli səs bu gecə evə gəlməmişdi? Əgər gəlmişdisə, niyə dəhlizdən keçəndə qulaqlarımda cingildəməmişdi? Bu, bir yana qalsın e, gördüyüm yuxu nəydi?!"
Yuxuda görmüşdü ki, yerin altındakı qarışqaların evindədir, hardasa əlli mərtəbə olardı. Yanında da balaca oğlan var. Saçları buruq, gözləri uzunsov idi. Fuada baxır, gülümsəyir və deyirdi ki, mən gələcəkdim dünyaya, anan səni ağaca bağlamasaydı.
Sonra da gördü ki, qarışqalar dən, buğda daşımaq əvəzinə, çoxlu kağız daşıyırlar, deyəsən, reseptlər idi, ya da analizlər. Fuad onlardan birini güclə olsa da, oxuya bildi: həddindən artıq qoxu keçirmək səbəbiylə yaranan müalicəsi olmayan sonsuzluq. Fuad yuvanın dağılacağından qorxdu, hönkürtü vurmaq istəsə də, ağlamadı. Yanındakı qıvrım saçlı uşağa baxıb dedi: onların evini dağıtmaq olmaz.
Uşaq susdu və yuvanın ən qaranlığına tərəf getdi və uzaqdan qışqırdı: Burda ana qarışqa oturub, o heç iş görmür, o əmr verir, o, pisdi!!!"
Yuxunun ardını ha çalışdı xatırlaya bilmədi. Boynundan daman tər damcıları onu həm üşüdürdü, həm qaşındırırdı. Evdəki sakitlikdən üşəndi.
Fuad anasının yataq otağına keçdi, bir an duruxdu, başını qabağa əydi, bir cüt göz də borc alıb, gözlərini çarpayıya sarı yönəltdi. Ola bilməzdi!!!
Yaşıl örtüklü yatağın düz ortasında kifir üzlü qarışqa oturmuşdu. Burnunun kənarında girdə, iri gözləri varıydı və hara baxdığı bəlli deyildi. Xortumunun biri əyilmişdi. Otağı qarışqa iyi bürümüşdü. Hətta anası hər dəfə tərpəndikcə qulağına şüşə səsi də gəlirdi. Fuad gözlərini ovuşdurdu, bayıra çıxdı, üzünə su vurdu, geri qayıtdı. Yox, heç kim yox idi, otaq bomboş idi. İy isə hələ gəlirdi, onun mədəsi bulandı. Mətbəxə keçdi, qusdu. Başı dumanlanırdı. Döşəmənin üzərindəki qusuntu tikələrindən qəhvə falına bənzər, anasının bulanıq fotosu boylanırdı. Ağlından ildırım sürəriylə bir fikir keçdi - anamı qusdum, onu qusdum!
Ertəsi gün hava yazın ətrini sinədolusu ciyərinə çəkməkdə şəhər sakinləriylə yarışa girmişdi. May ayı idi. Fuad həyatında ilk səhər idi ki, divarların da səksəndiyi o səsi, hökmlü səsi eşitmədən evdən çıxmışdı. "Bu ayaqqabını o şalvarla geyinmə, saçını yaxşı dara, fürsət tap, oğlunla görüş, işdə mənim otağıma gəlmə, iş saatı bitməmiş obyekti tərk etmə, katibənlə mazaqlaşma, müştərilərin sayına özün nəzarət et, yolda mürgüləmə, ayaqqabının bağı qaldı, bağlamadın...."
"Bu nə mənasız danışır, mənim oğlum var?! Qapını var gücümlə necə də vurub dağıtmağım gəlir!" Ardıcıl, nəfəs almadan deyilmiş sözlər bu səhər yox idi, qəhətə çıxmışdı, qarışqa sürüsünə yük olmuşdu. Qarışqalar yenə həyəti başına götürmüşdülər, artıq, yersiz sözləri yerin altına daşıyırdılar. Nə ağır yükləri vardı: bir çuval böhtan, bir kisə müdaxilə, bir zənbil mənfəət, min çanta uşaq zorakılığı. Nə ağır yükləri vardı, nə ağır! Düz otuz beş ildi ki, cümlələr onu iş yerinə kimi dabanbasma izləmişdi.
Fuad işə çatdı. Katibə qırmızı xalları olan ətək geyinmişdi. Budları görünürdü, Fuada elə gəldi ki, onun ağappaq budlarından bal damır. "Min dəfə demişəm, gözlərini qıyaraq gülümsəmə, halım xarab olur". Fuad qıza baxdı, dodağının kənarı qaçdı. Qız bir əlini üzünə yaxınlaşdırdı, gözlərini süzdürdü. İşvəsindən otağa elə istilik yayıldı ki, mütləq ikinci kondisoner qurmaq lazım gələcəkdi.
Yaşıl kürsü oğlanın yuxusundakı dəmir ağacın yarpaqlarıyla eyni çalarda idi. Nə əskik, nə artıq. Kürsüyə oturdu, çox bərk idi, dəmir kimiydi... "Bunu dəyişməliyəm”, - Fuad boynunun dalını qaşıyıb qımışdı. Dənizə tərəf boylandı. Dünənki qarışqa körpüsü yenə də var idi, amma istiqaməti dəyişmişdi. Oğlan darıxdı, tez özünü toxtatdı, "işləri bitib, yəqin", - deyə fkirləşdi. Qafilə Fuadın iş yerinə tərəf yox, Narşəraba tərəf gedirdi. Yanaşı binaydı, heyif ki, yaşıl yarpaqlar qucaqlamamışdı oranı. "Çətin olacaq yazıq qarışqaların işi", - Fuadı qayğı bürüdü. Qarışqalar isə tələsirdilər... Deyəsən, oranın da ana kraliçası yeraltı səltənəti üçün darıxmışdı.
"Hə, yadıma düşdü. Ay səni! May ayıdı axı, qanadlı qarışqalar toy edir. Mən də nahaq onları hörümçək yuvalarına atırdım". Ucadan qəhqəhə çəkdi. "Fuad, sən hörümçəkləri doydurmaq üçünmü gəlmisən dünyaya?!"
Güldü... güldü. Öz-özünə bu cümləni beş dəfə təkrarladı.
Xatırladı ki, dəmir ağacla həmdərd olduğu gecə də beş yaşındaydı. Stolun üstündəki nabatdan birini ağzına atdı. "Fuad!" O, adını ağzını marçıldada-marçıldada pıçıldadı. Adının da ayrı tamı, ayrı dadı varıydı, indiyədək heç olmadığı kimi...
Könül Nuriyeva
Şərhlər