Azərbaycanda xeyli ziddiyyətli şəxsiyyətlər var. Onlar həm yaşadığı dövrdə, həm də ölümündən sonra belə olaraq da qaldılar. Məsələn, hazırda mövzumuz olan Əbülfəz Elçibəy, elə bir o qədər də müasir dövrün ziddiyyətli yazıçısı, əzizimiz Kəramət Böyükçöl kimi.
Müəllifin hazırda son kitabı olan "Elçibəyin sirri" romanı da, hər iki şəxs kimi ziddiyyətli və maraqlıdır. Kitabı cəmi bir neçə saata oxuyub bitirdim. Üsluba, formaya görə olduqca rahat, bir nəfəsə oxunur.
Az da olsa siyasi anlayışı olan adamlar üçün daha rahat olacaq. Bu baxımdan da kitabı uğurlu saymaq olar. Amma anlayışı olmayanlar da oxuyanda Kəramətin bədii sirləri ona hər şeyi agah edəcək. Ona görə də müəllifi əvvəlcədən təbrik, belə maraqlı romana görə də təşəkkür etmək lazımdır. Həm də ona görə ki, mövcud şərtlər altında bir növ siyasi kitablar da yazılmamaqdadır. Açığı, mənim ağlıma İlkin Rüstəmzadə və elə Kəramət Böyükçölün özü gəlir.
***
Adını unutduğum xarici müəlliflərin birindən, bir dəfə intihar edən bir adamla xəyali reportajını oxumuşdum. Həmin adamın özü, intihar səbəbləri ətrafında. Kəramət Böyükçölün də bu kitabı "siyasi intiharın" tək nümayəndəsi rəhmətlik Əbülfəz Elçibəylə olan reportaj, müsahibədir. Kəramət burada iki cür çıxış edir; həm yazıçı, həm də jurnalist kimi. Yəni, Elçibəyə suallar jurnalistdir, "Elçibəyin cavabları" isə yazıçılıq. Etiraf etmək lazımdır ki, hər ikisinin öhtəsindən uğurla gəlib. Demək olar ki, roman maraqlı, yeni bir üslubdadır və Azərbaycan ədəbiyyatında həm də bir ilkdir. Əgər kimlərsə bu üslubda roman görübsə, etirazını şəxsən müəllifin özünə edə bilər.
Deyim ki, kitabı oxuyanlar əslində, "Elçibəyin sirri"-nin heç vaxt açılmayacağını bilməlidir. Yəni, elə kitabın başlarında da bu barədə hissə var; Elçibəyin Kələkiyə getməsi, Prezidentlik müddətə bitməyənə kimi gəlməməsi, Kəramətin bu barədə sualı və Elçibəyin cavabı, yaxud da, cavabsızlığı.
Söhbətləri az da olsa bilənlər bilir ki, Elçibəyin yeganə ən böyük sirri və yəqin ki, heç vaxt açılmayacaq olan bu sirri məhz Elçibəyin gedişidir. Məhz ziddiyyət də elə buradadır.
***
- "Necə ola bilər ki, Azərbaycan qanuni siyasi hakimiyyəti real hakimiyyətdən məhrum edilir?
-" Kəramət, elə şeylər var ki, sən orada yalan danışa bilmirsən. Həqiqəti də deyə bilmirsən. Onda adam susur"
- Yəni, sirləri özü ilə qəbrə aparır?
- Bəli.
...Düzünü desəm, kitabda elə hissələr var ki, onları bir az açıq etiraf etmək mövcud şərtlərdə xeyli problemlər yarada bilər. Kəramət bu kitabda həm cəsarət göstərib, həm də ehtiyat edib. Daha dəqiq desək, Kəramətin Elçibəy tərəfi tam səmimi olmayıb. Verilən xeyli suallar havada qalıb, üstündən keçilib. Məsələn, Əbülfəz Elçibəyin həbsdə olduğu dövrlərdə "şram" söhbətləri, bunun cənub kriminalogiyası, Canıyevlərlə bağlılığı kimi.
Kitabı oxuduqca görürsən ki, hələ də bilmədiyimiz çox şey var. Bəlkə də, heç vaxt da bilməyəcəyik. Sağlıq olsun, Elçibəy demiş, arxivlərin açılmasını gözləyək, hələlik isə Kəramətin təxəyyülü köməyimizə çatır.
Kitabın sonuncu abzasını oxuyanda düşündüm;
- "Elçibəy sağ olsaydı, məhz elə bu cür cavablar verərdi".
Orxan Saffari
Şərhlər