Sonda deyiləni əvvəldə deməkdə fayda var:
- "Kəramət Böyükçölün "Səs” romanı Azərbaycan ədəbiyyatında səs salacaq, salmalı olan romandır".
Azərbaycan ədəbiyyatında siyasi motivli romanlar, demək olar ki, yox səviyyəsindədir. Səbəblərin məlumluğunu nəzərə alsaq, ilk növbədə müəllif cəsarətli addım üçün qiymətləndirilməlidir. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda nəinki siyasi mövzuda əsər yazmaqdan çəkinmək, hətta siyasi mövzuda olan əsəri alıb oxumaqdan da qorxan şəxslər var. Təəssüf ki, yaradıcı adamlar da bu siyahıya daxildir.
Dünya ədəbiyyatında da yazılmış siyasi romanlara baxsaq görmək olar ki, bu mövzuda yazılan əsərlər, heç də həmişə yaxşı əsərlər olmur. Hətta adətən, daha zəif əsərlərə çevrilir. Bu cür romanların mövzusu həmişə maraqlı olduğundan, müəllif də adətən, bu mövzuya kökləndiyindən roman strukturunun digər göstəriciləri qıraqda qalır.
Kəramət Böyükçölün "Səs” romanında xüsusi bir struktur olmasa da, marağını itirməyib.
Roman olduqca sadə, axıcı dil və təhkiyədə yazılıb.
Romanın sonundakı mesaj əsərin əvvəlində də keçir, ortasında da.
Kəramət Böyükçöl bu romanla ən birinci növbədə azərbaycanlıların apolitik olmasını, siyasi proseslərə yadlığını, onların əksəriyyətinin içindəki mütiliyi, şablon olsa da, doğrudan da "bu xalqa hələ demokratiyanın yaraşmamısını” göstərir.
Romanda deputat olmasa da olar, əsas odur ki, insanların içindəki səs oyansın, gözü açılsın kimi tutduğu xətt, bunun bariz nişanəsidir.
Hadisələrin reallığı, obrazların portretinin dəqiqliyi, bir sözlə, birinci şəxsin dilindən əvvəldən axıra qədər eyni dinamikada gedir.
Deyərdim ki, "Səs” romanı iki romandan ibarətdir. Daha dəqiq, müəllif təkcə atasının, yəni, Qəşəm Nəcəfzadənin deputatlığa namizədliyini yazsa da alınacaqdı. Hansı ki, mövzu, hadisələrə aşağı-yuxarı eynilik təşkil edir. Roman boyu müəllifin çatdırmaq istədiyi mesaj elə təkcə atasının deputatlığa namizədliyi ilə göstərilir.
Romanda anlaşılmayan hissələr də vardır ki, tənqid bölməsində qeyd etmək olar;
Məsələn, İlham Əziz obrazının olduğu hər yerdə "İlham Əzizin od qiymətinə satdığı kostyumlar” ifadəsi sonadək səslənsə də, heç nə ilə uyğunlaşmır. Bilmək olmur ki, müəllif bu cümləni niyə xüsusi vurğulayır, səbəb nədir? Sona qədər bu cümlə ilə gedən ifadə oxucunu tətikləsə, nəyəsə hazırlasa da, sonda güllə havaya çaxılır.
Roman bütün hallarda gözəl, maraqlı, oxunaqlıdır. Oxucunu qətiyyən yormur.
Və nəhayət, başda deyiləni sonda da deməkdə fayda var;
- "Kəramət Böyükçölün "Səs” romanı Azərbaycan ədəbiyyatında səs salacaq, salmalı olan romandır".
Orxan Saffari
Şərhlər