Ədəbiyyatla məşğul olduğum, özümü yazıçı kimi hiss elədiyim ilk anlardan bu yana bu yolda kumirlər, yollar seçmişəm. Hansı ki, zamanla bu kumirlərin bir çoxu özlərini məhv elədi. İndi o üzü dönmüş çörəkçün dönən dostların adını qeyd edib, qan qaraltmağa heç bir ehtiyac yoxdur. Şair demiş, qarşılarına döngə çıxdığı ilk andaca döndülər. Allah da o yollarını versin.
Bu, bəlkə də doğru deyil. Amma necəsə bir prosesə ilk başladığın anlarda səndən əvvəldə olanlara baxmalı olursan. Ədəbiyyatda bu məsələ ədəbi nəsillar arasında olur ki, müasir Azərbaycan ədəbiyyatçıları üçün Sovet ədəbiyyatçılarının vizual görüntüsü yoxa çıxıb. Yəni, hamı kimin kim olduğunu, nə etdiyini yaxşı bilir.
Azərbaycan ədəbiyyatında mənim üçün bu yol təkcə Seymur Baycanla davam edirdi ki, bu yolda Əli Novruzovun da dayandığını gördüm. Məhz özüm üçün qoyduğum bir prinsip bu əzmkar, mübariz, öz yolu, sözü, özü olan adamları necəsə qiymətləndirməkdir ki, mənim də gücüm buna çatır- yazı yazmağa.
Seymur Baycana Azərbaycan ədəbiyyatında bir yol qoyduğu üçün, hansı ki, bu yol bir nəfəri də olsa möhkəm saxlayır-təşəkkür edirəm və ümid edirəm ki, ömrüm boyu da belə olacaq. İndi elə dövrdür ki, heç kim haqqında rahatlıqla nəsə demək olmur. Kimin sabah nə üçün nə edəcəyini bilmirsən. Seymur Baycan Azərbaycan ədəbiyyatında "ac ol, kişi ol” deyiminin özü, yaltaq olmamağın, nə olsa da yolundan dönməməyin simvoludur.
Bu sıralarda mənimçün təbii ki, artıq Əli Novruzov da yer alır. Əlini tanıdığım üçün necə xoşbəxt olduğumu ifadə edə bilmirəm. Yaşadığım mühiti, ətrafımı nəzərə alsam, kifayət qədər fərqli xarakterlərdə adamlar görmüşəm, tanımışam. Bu adamlar zamanla təəccübləndirib də, təəssüfləndirib də. Əli Novruzov indiyədək tanıdığım adamların içində ən fərqli, hansı ki, dostluq, yoldaşlıq edə bilməyəcəyim, heç cür yola gedə bilməyəcəyim bir adamdır. Bəs onu fərqli edən nədir? Bilmirəm. Bilsəm də dilə gətirə bilmərəm. Bircə onu bilirəm ki, mən bu cür bir adam görməmişdim. Onu şəxsən tanımadan, bilmədən bəlkə də bu sözlər pafoslu görsənə bilər. Olsun.
Əlinin ədəbiyyat tərəfi isə Seymurvaridir. O, doğrudan da heç zaman, yazmağa başladığı, oxuduğu ilk anlardan bu yana bir dəfə də olsa yaltaqlıq yoluna qədəm qoymayıb, öz prinsiplərini, duruşunu indiyədək saxlayıb. Müasir günümüzdə, müasir Azərbaycanda belə insanlara həqiqətən təşəkkür etmək, minnətdar olmaq lazımdır. Çünki bu adamlar saya gəlməyəcək qədər azalırlar. Bu xarakterlər yoxa çıxmağa başlayırlar. Bu, həyəcan təbilidir.
Ona görə lazımdır ki, bu adamlar duruşunu saxlayaraq heç nə əldə etməyiblər. Əksinə, itiriblər. İtirdiklərinə baxmayaraq təəssüflənməyiblər, mənəvi seviniblər.
Əli Novruzovun ədəbiyyat iddiası olmadığına görə bu yazı birmənalı olaraq şəxsiyyətə tərif olur. Bu da olsun. Əlini də tərifləməyib bu ölkədə nə qədər adamı tərifləmək olar? Baxmayaraq ki, ədəbiyyat iddiası yoxdur, bilənlər, oxuyanlar agahdır ki, Əli kimdir, haracandır. İddiasız bir adamın ədəbi mətnləri, məsələn, "Quyu” hekayəsi iddialı adamların əksəriyyətindən yuxarıdadır.
Əli bu ölkədə üç intellektualdan biridir.
Əli bezmədən, usanmadan oxuyur. Üstəlik, öyrədir də. Əli faydalıdır, Əli gözəldir. Əli kimi olun.
Əli üçün ürəkdə deyilək sözlər, sağlıqlar çoxdur. Yazı ilə hələlik bu qədər.
Təşəkkürlər, yoldaş Novruzov!
Orxan Saffari
Şərhlər