Xəbər lenti

ABŞ-ın ikinci ən yaşlı insanı idi, 113 yaşında öldü - alimlər onun beynini araşdıracaq
Dünya 14:39 22.11.2024

ABŞ-ın ikinci ən yaşlı insanı idi, 113 yaşında öldü - alimlər onun beynini araşdıracaq

Uzun yaşamaq və 100, hətta daha çox yaşa çatmaq son zamanlar bir çox insanın arzusuna çevrilib. Buna nail olan insanların genetik quruluşları, yaşadıqları həyat tərzi, nə yeyib-içdikləri elm adamları tərəfindən davamlı olaraq araşdırılır. Həmin şəxslərdən biri bu yaxınlarda 113 yaşında dünyasını dəyişib. Bəs o, bu qədər uzun yaşamaq qabiliyyətini nəyə borclu idi?

Qaynarinfo xəbər verir ki, ABŞ-ın ikinci ən yaşlı insanı Herlda Senhaus bu yaxınlarda dünyasını dəyişib. Massaçusets ştatının Uelsli şəhərində yaşayan Senhaus 1911-ci ildə anadan olub. 

2021-ci ildə İngiltərənin "The Telegraph" qəzetinə danışan Senhaus gəncliyində ağdərili ailələrin evlərində xadimə və dayə işlədiyini, tibb bacısı təhsili almaq istədiyini, lakin qara dərili olduğu üçün buna icazə verilmədiyini bildirib.

Yaşadığımız yaşda ən çox məmnun olduğu üç şeyin evlərə nüfuz edən elektrik işıqlandırması, su və kanalizasiya xidmətləri, ABŞ vitse-prezidentinin qaradərili qadın (Kamala Harris) olması olduğunu deyən Senhaus bildirib: "Heç vaxt düşünməmişdim ki, qaradərili bir qadını bu vəzifədə görə biləcəm. Bu inanılmaz bir şeydir və bu məni xoşbəxt edir".

113 yaşında vəfat edən, lakin ölümündən sonra geridə qalanlara kömək etməyə davam etmək istəyən Senhaus beynini Boston Universitetinə bağışlayıb. Universitetdə aparılan "New England Centenarian Study" çərçivəsində tədqiqatçılar 100 yaşdan yuxarı bəzi insanların genlərini araşdıraraq, uzun ömür sürməyin sirrini açmağa çalışırlar.

Digər tərəfdən Senhaus uzun ömür sürməsinin arxasında genləri qədər əhəmiyyətli dörd həyat tərzi faktorunun olduğunu bildirib. Bəs, rekordçu qadının uzun ömür sürməsinin sirri nədir?

Sağlam qidalanmaq və siqaret çəkməmək
 



2022-ci ildə yerli xəbər kanalı "WBZ News"a verdiyi açıqlamada Senhaus pəhrizinə diqqətli olduğunu bildirib: "Tütün məmulatı çəkmirəm və ya spirt qəbul etmirəm. Mən qazlı suları da içmirəm. Fast foodu çox nadir hallarda yeyirəm".

Araşdırmalar Senhausun seçimlərini də dəstəkləyir. Məsələn, 2023-cü il araşdırmasına görə, sağlam qidalanma qaydalarına əməl edən insanların (başqa sözlə, çoxlu işlənməmiş taxıl, meyvə, tərəvəz, qoz-fındıq və paxlalılar yeyən) ürək-damar xəstəlikləri, xərçəng və tənəffüs xəstəliklərindən ölmək riski daha azdır.

119.000 kişi və qadın səhiyyə işçisini əhatə edən bu araşdırma "JAMA Internal Medicine" elmi jurnalında dərc olunub. Tədqiqat həmçinin bu insanların tütün məmulatlarını daha az çəkdiyini və daha çox idmanla məşğul olduğunu müəyyən edib.

Cəmiyyətin bir parçası olmaq
 



Onun ölümündən sonra "US News and World Report"a danışan "Wellesley"in ictimai məlumat məmuru Stepani Havkinson Senhausun çox geniş dostları, ailəsi və iştirak etdiyi kilsənin camaat dairəsinə malik olduğunu bildirib.

Digər tərəfdən, Senhaus vaxtının əhəmiyyətli bir hissəsini 60 ildən çox ən yaxşı dostu olan Marqaret Robinsonla keçirib. Senhaus və Robinson hər gün telefonla danışıb, saçlarını və dırnaqlarını düzəltdirmək üçün iki həftədən bir birlikdə bərbərə gediblər.

Harvard Universitetində həyata keçirilən Yetkinlərin İnkişafı Araşdırmasını aparan tədqiqatçılar da sağlam münasibətlərin qurulmasının bütün yaşlarda ölüm riskini azaltdığını və qocalıqda hiss olunan ağrıları azaltmağa kömək etdiyini müəyyən ediblər.

Hər şeyin dərdini çəkməyin
 



Senhaus "The Telegraph"a verdiyi açıqlamada "Həyatdakı problemlərinizi həll etmək üçün əlinizdən gələni edin. Amma bu işə yaramırsa, heç vaxt narahat olmayın" deyib.

Yaşı 100-dən yuxarı olan insanlar üzərində aparılan araşdırmalar göstərir ki, əzmkarlıq və həyatda yaxşı şeylərə diqqət yetirmək yüzilliklərin ümumi xüsusiyyətləridir.

Üstəlik, yaşı 100-dən yuxarı olan 1000-dən çox insanla təkbətək müsahibələr aparan tədqiqatçılar əvvəllər "Business Insider"ə demişdilər ki, bir çox uzunömürlülər onların nəzarətindən kənar olan şeyləri vurğulamamağa çalışırlar.

Stressdən qaçmaq üçün uşaq sahibi olmamaq



"Senhaus tez-tez deyirdi ki, onun uzunömürlülüyünün sirri uşaq sahibi olmamasıdır", deyə Havkinson "US News and World Report"a bildirib.

2017-ci ildə "Journal of Epidemiology and Community Health" elmi jurnalında dərc edilən araşdırma övladı olmayan insanların valideynləri kimi uzun ömür sürmədiyini göstərib və bu, valideynlərin övladlarının dəstəyi ilə izah edilib.

Lakin Senhaus övladı olmadığı üçün stressdən qaça bildiyini deyib. Əslində, araşdırmalar göstərir ki, stress qocalmanı sürətləndirə bilər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->