Görəsən, belə söhbətlər təkcə Azərbaycan cəmiyyətindədirmi?
Məsələn, bizdən başqa hansısa xalq içəndə, söhbətləşəndə özünə bərk şəkildə əsassız, heç nəyə lazım olmayan təsəllilər verirmi? Bəs görəsən, bu cür bir natamamlıq kompleksi nədən qaynaqlanır?!
Nədənsə, azərbaycanlılar arasında kasıb olmağın xüsusi bir təntənəsi var ki, kasıb azərbaycanlılar hər yerdə bundan qürurla danışmaqdan ərinmirlər.
"Kasıb mərd olur”, "Kasıb səxavətlidir”, "Kasıbın halına ancaq kasıb yanır” və sairə və ilaxır kimi onlarla bu cür boş cümlələr misal gətirmək olar ki, əslində, heç deyilən kimi də deyil.
Əvvəla, ona görə ki, insani xüsusiyyətləri kateqoriyalalara bölmək lazım deyildir. Mərd, səxavətli, başqalarının halına yanmaq təkcə kasıblıqdan irəli gələn bir şey deyil. Bu təxminən, "filan bölgənin adamları yaxşıdır, filan bölgənin adamları pis” söhbətlərinin antonimidir. Bu kimi cümlələrin fonunda hərdən adama elə gəlir ki, bu dünyada necəsə varlısansa, demək, "təsəllixor” kasıb azərbaycanlıların gözündə simic, ləyaqətsiz, qorxaq adamsan.
Kasıblıq müasir dövrdə əxlaqi olaraq ayıb olmasa da, bəşəri düşüncədə bir qədər ayıbdır. Daha dəqiq demək olar ki, əgər bir insan bu cür bir müasir dövrdə, texnologiya əsrində, kapitalizmdə kasıbdırsa, bu, bir az da fərasətsiz, bacarıqsız olmağın göstəricisidir. Bir sözlə, kasıblıq ən əvvəl düşüncə məsələsidir.
Şablon olsa da: "İnsanın gərək ruhu kasıb olmasın”
Azərbaycanda isə kasıblıq əksər hallarda mənəvi pozğunluq yaradır. Dərinə gedəndə, Azərbaycanda varlı təbəqənin- məmurundan tutmuş biznesmeninəcən kasıb təbəqə ilə heç bir problemi yoxdur. Onlar taladıqlarını talayıb, qazandıqlarını qazanıb, üstəlik, yağdan tük çəkər kimi də işlərinə davam edirlər və hamı da hər şeylə razıdır. Yəni, ən azından məmurun, amansız kapitalistin pisini də, yaxşısını da bilirsən, görürsən, üstəlik, təəccüblənmirsən də.
Bəs kasıb təbəqə? Onların işi hər fürsətdəcə bir-birini aldatmaq, əzmək, məhv eləmək deyilmi? Məsələn, yerə bir damcı yağış düşən kimi daim bir manata getdiyi yolu iki manata aparan kimlərdir? Bazarda kefi istəyəndə süni artım edən, ərzağı başqasına baha satan, satmaqdan ötrü balasının canına yalandan and içən, xarab, vaxtı keçmiş məhsulları elə kasıblara "sırıyan” kasıb deyilmi? Bunları daha çox pul qazanmaq üçün varlı da etsin, kasıb da? Bəs fərq necə oldu? Bəs kasıb mərd idi, səxavətli, halal idi?
Kim daha çox xalqa ziyan vurur? Varlılar, ya bir-birini əzən kasıblar? Bu günədək kimsə beş-on manata görə bir-birini söyən, öldürən varlı görübmü? Məsələn, yol gedərkən varlı və kasıbı tanımağın ən asan yolu onların maşınlarına, daha dəqiq, maşınlarından gələn musiqilərə baxmaqdır. Yer üzündə heç bir varlı öz bahalı maşınında bayağı musiqilərə sona qədər xod verib, özünü göstərmir. Amma kreditə aldığı ucuz maşınında səhərdən axşama kimi bayağı musiqi ilə adamları bezdirən də kasıblardır.
Məktəblərin qarşısındakı "butkalarda” vaxtı keçmiş şirniyyatları şagirdələrə satan, iyirmi-otuz qəpiyə "parkovşik” işləyərək, üz-gözü qırış, yaşı altmış, fəqət, sukalıq edən "şıkılarmı?” Onlar kasıblar deyil? Əlbəttə, bu yerdə "istisnalar hər zaman var” ifadəsi boylanır.
Ola bilər, kimlərsə desin ki, bəs belə məsələlər elə kasıblığa, həyatda qalmağa görə olur, yalandır. Əlbəttə, iqtisadi münasibətlərdə hamı yaxşı yaşamaq, daha çox qazanmaq istəyir. Amma bu əsas vermir ki, sən hər cür ləyaqətsizlik edib, adına da "ehtiyacım var idi” qoyasan. Yox, doğrudan da belədirsə, bu dünyada heç kimi qınamaq lazım deyil, hamı nə edirsə, yaxşı edir.
Adam hərdən bu məmləkətdə kasıb da olmağa da utanır...
Orxan Saffari
Şərhlər