İntellektual zəkanın varlığını göstərən əsas amillərdən biri də insanın istənilən məsələyə fanatik olmamasıdır.
İstisnasız və qeyd-şərtsiz olaraq əgər bir adam nəyinsə və kiminsə fanatına çevrilirsə, demək, haradasa boşluğu var, həyatı, fəlsəfəni, oxuduqlarını tam dərk edə bilməyib.
Fanatizm kiməsə və nələrəsə tutulmaqdır, bu isə psixoloji problemlərə qədər aparır. Əlbəttə, kimsə düşünə bilər ki, məsələn, mən filan şeyin fanatıyam, amma psixoloji problemim yoxdur. Əsla, belə deyildir, var, sadəcə, onun hiss edilmə forması fərqli cür cərəyan edir.
Ona görə ki, intellektuallıq bir az da fitrət məsələsidir. Doğrudur, insan sonradan özünü yetişdirməklə müəyyən intellektə çata da bilər, fəqət, fitrətində yoxdursa, məsələn, xüsusi amansızlıqla futbol fanatına da çevriləcək.
İstər futbol olsun, istərsə də hansısa sənətə və sənətçiyə fanatlıq etmək insanı yolundan azdırır. Adamlar adətən özlərinə kumir, yol seçərkən bunu fanatlıqla qarışdırırlar.
Əlbəttə, futbol burada kütləvidir deyə qeyd olunub, yerinə istənilən məsələnin fanatlığını qoymaq mümkündür.
Məsələn, hansısa məşhur sənətçiyə görə özünü həlak edən, görəndə əldən-ayaqdan gedən, o cümlədən, elə futbolun özündə də tribunada qışqır-bağır, dava-dalaş, söyüş, bir sözlə, təbii haldan çıxmaq.
Bu cür necə zəkalı, intellektual olmaq olar?
Bu o demək deyil ki, futbol fanatlarının intellekti yoxdur, o deməkdir ki, son dərəcə fanatlıq edən ən intellektli adamın belə haradasa bir boşluğu vardır. Doğrudan da, məhz elə futbola amansızcasına fanatlıq edən adam oxumağından, savadından asılı olmayaraq intellektual zəkaya sahib ola bilməz.
Həqiqi intellekt o qədər azaddır ki, o, heç nə ilə kifayətlənə bilmir. Bir adamın ömrünü kitaba həsr etməsi, ciddi materiallar oxuması və onu öz içindən keçirtməsi birinci növbədə həyata baxışını dəyişdirir. Bu cür nəsnələr də o baxışın içində olur. Aydın və arif adam bilir ki, əyləncə, idman və digər məsələlər onu ona qapdıracaq, təbii halından çıxardacaq qədər ciddi məsələlər deyil.
Məsələn, intellektual adam yaltaq da olmamalıdır, amma Azərbaycanda kifayət qədər intellektli yaltaqlar var. Ona görə ki, bu xüsusiyyət fitrətdən deyil, sonradan qazanılmadır. Necə ola bilər ki, gecə-gündüz kitab oxu, elm öyrən, dünya görünüşünü artır, amma eyni zamanda yaltaq ol, əyil? Bu, mümkün deyil. Belə olduğu halda olanlar sadəcə sonradan qazanılan bilgidir.
Şərə xidmət edən intellekt nəyə gərəkdir?!
Futboldan tutmuş istənilən bir oyuna, tək-tək şəxsiyyətlərdən tutmuş hansısa ideologiyalara qədər fanatikliyi, inancı olan şəxsin həqiqi intellektual olma şansı yoxdur. Bu cür müstəvidə istənilən bəraət isə təsəlli xarakterlidir.
Məsələn, bir də görürsən ki, kifayət qədər intellekti olan bir adam hansısa futbol matçına görə mühim işlərini təxirə sala, o matça baxmaq üçün böyük pul verə, həyəcanlana, stress keçirə bilir. Bu necə ola bilər, axı? Bəs hara getdi dünyanı başa düşmək üçün oxunan onca kitablar?
Bəli, fitrət məsələsi məhz budur. Azərbaycanda özünü yetişdirib intellektual olan xeyli adam var, amma necə deyərlər, doğuşdan beləsi yoxdur.
Bir sözlə, şərə, kütləviliyə, hissi əyləncəyə, yüngül motivli məsələlərə xidmət edən zəka intellekt yox, sadəcə, bilgidir.
Orxan Saffari
Şərhlər