İctimai-mədəni mühitin tez-tez müzakirə ilə başlayıb mübahisə ilə belə bitirə bilmədiyi bir mövzu da Azərbaycan dili, dilin zənginliyi, kasadlığı mövzusudur.
Cəbhələr isə məlum:
"Dilimiz zəngindir”, "Dilimiz kasaddır”
Bəs kimdir haqlı? Bəs nədir reallıq?
Sonda deyiləni əvvəldə deməkdə fayda var:
"Azərbaycan dili zəngin deyil”
Əvvəla, Azərbaycan dilinin kasadlığını heç də xalqın özündə axtarmaq lazım deyildir. Yəni, bu gün Türkiyənin serial, Rusiyanın jarqon, məişət sözlərinin dilimizə keçməsi problemin kökü deyil, davamıdır.
Sözsüz, hər bir dilin öz spesifikası var.
Məsələn, türk dillərində cins kateqoriyası heç zaman olmayıb. Yazı mədəniyyətimizin başlanğıcı olan Kitabi-Dədə-Qorquddan buyana dilimizin bu tərəfdən zənginliyi də olmayıbdır. Fəqət, müqayisədə Rus dilinin cins kateqoriyaları məlumdur. Amma bu, Azərbaycan dilinin kasadlığıdırmı? Xeyr. Dəqiq desək, bu, təfəkkür, şüur məsələsidir. Cinslərin ayrılığı birmənalı olaraq xalq psixologiyasıdır, dil hadisəsi yox.
Azərbaycan dilinin zəifliyinin əsas faktoru uzun illər işğal altında olması, müstəmləkəçilik, son 100 ildə bir neçə dəfə əlifba dəyişməsidir. Bu səbəb, qınaq edən zaman yerə çox da möhkəm basmaq lazım deyil. Bəs yaxşı, işğal bitdi, təfəkkürdə nəsə dəyişdimi? Əlbəttə ki, xeyr.
Rusdillilər indi də ingilisdilli oldular.
Bəs bu, qarşısı alınan tendesiyadırmı? O da xeyr. Daha dəqiq, müasir zamanda dil zəngiləşməsini həm də elə bəyənilməyən dillərdən gələn sözlər formalaşdırır.
Birmənalı şəkildə "Dilimiz gözəldir, zəngindir, müqəddəsdir, kim özünü ifadə edə bilmir, öz problemidir, toxunmayın” və.s pafos fonunda danışmaq da gərəksizdir. Bir dil uzun illər, əsrlərlə zəngin olmaya da bilər. Burada dəhşətli nəsə yoxdur. Vacib olan formalaşdırmaq, dili "gənc dil” ifadəsindən çıxartmaqdır.
Ümumiyyətlə, dilə yeni sözlərin daxil olmasından qorxmaq lazım deyil. Dilin zənginləşməsi üçün alınma sözləri belə cəlb etmək daha məqsədə uyğundur. Məsələn, onsuz da texnoloji bum fonunda dilimizə yeni sözlər daxil olur. Dili bu məsələdə həm də bu nəsnələr formalaşdırır.
Azərbaycan dilinin gələcəyi indi daha çox "zet” nəslindən, texnologiya ilə məşğul olan adamlardan asılıdır.
Bu məqamda zəngin Rus dilinin formalaşmasında başqa dillərdən alınma sözlərin olmasını da demək vacibdir.
Bir dilin zənginliyi həmin dilin davam edənlərinin, yəni, məsələn, yazıçısının da üzərinə düşəcək məsələdir. Bir dil zəngin olması üçün o dildə elmi, bədii əsərlərin çoxluğu vacibdir, onların yaxşı, zəngin olmasıdır.
Azərbaycanda bu məsələnin dil davası budur:
"Köhnə, klassik dil”, "Müasir dil”
Hansı ki, köhnə dildə-bir növü kənd dilində yazan yazıçılarımızın o dili kifayət qədər zəngindir ki, bunu da 60-cılar, 70-cilər, 80-cılar ədəbi nəsillərinin əsərlərinə baxmaqla kifayətlənmək olar. Müasir nəsr də hələki daha çox o estetikanın davamıdır, çünki dil indi də zəngin deyil. Biz heç cür alınma sözlərin qarşılığını tapa bilmirik, tapanda da ortaya gülməli ifadələr çıxır. Bu baxımdan məcburən köhnə dilə müraciət edirsən. Köhnə estetik-bədii dil zamanla unudulmağa məhkumdur. Yazı dilindən tamamilə çıxdıqdan, gələn nəsil o dildə danışan adamları görmədikdən sonra yerdə nə qalacaq?
Azərbaycanda dilçiliklə məşğul olan adamlar da yenilənə bilmirlər. Yazıçısından dilçisinə qədər hər kəs köhnə estetikanı davam etdirməyə, ora istinad etməyə çalışır. Bu istinad ən yaxşı halda 60-cılara, pis halda da məlum, Füzuli, Nəsimi dövrünə qədər gedib çıxır ki, o dövrlərin nümunələri ilə dilimizin zənginliyi göstərilməyə çalışılır.
Azərbaycan dilinə qondarma olsa da, oturmuşsuz sözlər, ifadələr var, hansı ki, onlar da zənginləşdirməyə xidmət edir və bu sözlərə "yooooxxx, dəymə, demə, sus” fonunda yanaşmaq da dil pafosudur.
Əlbəttə, bu gün Azərbaycan dilinin vəziyyəti bərbaddır. Lokal, məhəlli, meyxana səviyyəsində dil ilə heç yerə çatmaq mümkün deyildir. Bu, bir az da qəsdən edildi, media, televiziya, filmlərlə yeridildi. Adamlar onları gördülər, bildilər.
Bütün bu məsələlər hər şeyə təsir edir. Ədəbiyyatından tutmuş siyasətinə, siyasətindən tutmuş məişətinə.
Nəticədə jarqonlaşma, seriallaşma gedir və beləliklə, dil korlanır.
Bu gün birdən-birə Azərbaycan dilindən Rus, Türk sözlərini çıxardılsa, gərək əl-qol ilə danışmağı da öyrənək. Alternativ olaraq qarğa dili də vacibdir. Bu gün istənilən bir ciddi araşdırma rus, ingilis dillərində daha əlçatan və yaxşıdır, nəinki Azərbaycan dilində. Əvvəlcə bu suallara cavab tapmaq lazımdır.
Niyə?
"Azərbaycan dili zəngindir” deyən adamlar, heç olmasa, Azərbaycan dilinin lüğətinə baxsınlar. Əgər saymağa başlasalar, çox vaxtları da getməyəcək.
Orxan Saffari
Şərhlər