Xəbər lenti

Məcid Məcidinin uşaqları - Cənnətin uşaqları, Cənnətin rəngi, Günəşin uşaqları
Orxan Saffari
Sənət 14:20 24.12.2023

Məcid Məcidinin uşaqları - Cənnətin uşaqları, Cənnətin rəngi, Günəşin uşaqları

Yaradıcı söhbətlərdə "mənim şairim”, "mənim yazıçım”, "mənim rejissorum” məsələləri var ki, haqqında danışacağım iranlı rejissor Məcid Məcidi "Mənim rejissorum”dur. Əksəriyyət adından danışsaq, daha dəqiq "bizim rejissorumuz” da demək olar ki, məncə, doğrudan da, belədir. 

Ona görə ki, Məcid Məcidi coğrafiya, təfəkkür olaraq büsbütün özümüzük, Azərbaycandır. 

Filmlərinin əsas qəhrəmanı uşaqlar və balıqlar-qırmızı balıqlar olan rejissor, tək qəhrəmanlar yox, bu və digər qəhrəmanların dünyası, sosial-ictimai təfəkkürü, yaşam şərtləri və oxşarlığı ilə kinosevərlərin diqqətini çəkir. Əlbəttə, peşəkarlıq isə onu dünya arenasına çıxardır. 

"Oskar” mükafatına namizədlər sırasına qədər gedən Məcid Məcidinin "Cənnətin uşaqları" filmi, rejissorun ən yaxşı filmlərindəndir. Ona görə yox ki, bu mükafata namizəd ola bilib. Ona görə ki, filmdə həyatın əsl üzünü, mənasını göstərən dəyərlər var. 


"Cənnətin uşaqları" filmi

Günün birində bacısının ayaqqabısını itirməklə, Əlinin iztirabları başlayır. Kasıblıq, səfalət içində yaşadıqlarından ailəsinə bunu bildirə bilməyən uşaqlar, özləri həll etmək istəyirlər. Məcid Məcidi həm də bu filmi ilə insanları sevgi, qayğı, diqqət haqqında yenidən və daim düşünməyə vadar edir. 

"Günəşin uşaqları” filmi də eynilə. Əli və onun üç dostu haqqında olan bu film Məcid Məcidinin ənənəvi xəttinin ən yaxşılarındandır. Dolanışıq, evə kömək etmək üçün işləyən bu "küçə” uşaqları bir gün Xəzinə axtarmaq üçün plan qururlar. Yer altında olan xəzinəni tapmaq üçün axtarışa çıxan dostlar, küçə uşaqlarına könüllü tədris verən, ianələr hesabına ayaqda duran "Günəş məktəbi”-nə yazılırlar və hadisələr də buradan cərəyan edir. Əlbəttə, filmdən bir çox mesaj çıxartmaq olar. Fəqət, əslində, ən böyük mesaj xəzinənin məhz uşaqlar, onların potensialı, həyatı, gələcəyidir. Layiq olmadıqları şəkildə yaşayan uşaqların içlərində olan, üzə çıxmayan xəzinələr…


Məcid Məcidi

"Cənnətin rəngi” filmi rejissorun ən çox sevdiyim filmlərindəndir. Səkkiz yaşı və kor olan uşağın ailə daxili münasibətləri, ona olan münasibətlər ailə dəyərlərinin digər üzüdür. İki bacısı, atası Haşim və nənəsi ilə balaca bir kənddə yaşayan Məhəmmədin elə atası ilə münasibətlərinə yönələn bu filmdə, arvadının ölümündən sonra yenidən evlənmək arzusu da onların ailə münasibətlərinə, daha dəqiq, ata-bala münasibətinə təsir göstərir. Haşimin öz içi ilə vicdan mübadiləsi, atalıq hissi və yeni həyat onu çıxılmaz vəziyyətdə qoyur. Haşim yeni arvadının Məhəmmədin kor olmasını mənfi qarşılayacağı düşüncəsindən ehtiyat edərək, əvvəlcə onun kor olduğunu gizlədir. 
Sonradan isə oğlunu kor bir dülgərin yanına göndərir ki, dülgərliyi öyrətsin.

Beləliklə, Məcid Məcidi haqqında başda deyiləni sonda da deməkdə fayda var:

"Məcid Məcidi coğrafiya, təfəkkür olaraq büsbütün özümüzük, Azərbaycandır".

Orxan Saffari

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->