Xəbər lenti

Müəllimlərin mürəkkəbqabısı
Məqsəd Nur
Ölkə 16:25 30.06.2024

Müəllimlərin mürəkkəbqabısı

Bu yaxınlarda təhsil naziri müəllimlərin imtahana çəkilməsinə dair, təxminən, belə bir fikir söyləmişdi ki, yaxşı və pis müəllim təhsilin problemidir, onların işsiz qalması isə sosial problem. Sadə, məntiqli və doğru fikirdir.
 
Cənab nazir daha sonra onu da vurğulamışdı ki, qarşıdakı beş ildə təhsil sistemimiz yararsız müəllimlərin vur-tut iyirmicə faizindən qurtula biləcək. Əlbəttə, mən bu proqnozu eşidəndə çox təsirləndim...
Orta məktəbin ibtidai sinfinə getdiyim ilk günlərdə yazı yazmağı öyrənmək üçün istifadə etdiyimiz mürəkkəb və mürəkkəbqabı yadıma düşdü. Həmişə məktəbdən söhbət düşəndə o anı xatırlayıram. Diyircəkli qələmlər çıxanadək, təxminən üç il, mürəkkəblə yazmağı öyrəndik və bu proses o qədər qəliz, eyni zamanda maraqlı, hətta əyləncəli idi ki, digər davranışlara da təsir edirdi. Təkcə mürəkkəbqabı ilə davranış xüsusi gigiyenik yanaşma, səliqə-sahman, koordinasiya tələb edirdi. Hələ mən insanın yuxarı ətraflarının inkişafını demirəm.
Təsəvvür edin, birinci sinif şagirdi hələ evdə ikən mürəkkəbqabını mürəkkəblə doldurmalı, o qabı çantasına yerləşdirməli, dərs başlayan kimi qabı çantasından çıxarmalı, məktəb partasının üzərindəki xüsusi hücrədə (bütün partalar buna uyğun istehsal edilirdi) yerləşdirməli, qələmin ucunu mürəkkəbqabına batırıb elə miqdarda mürəkkəb götürməliydi ki, qələm dəftərin üzərinə gəlib çatanadək onun ucluğundakı mürəkkəb nə partanın üstünü, nə ağ vərəqi, nə balaca əlləri, nə də köynəyin ağappaq qollarını batırmasın.
 
Sonradan başa düşdüm ki, bu mürəkkəb prosedur insanın gələcək davranışlarına, həyat tərzinə, hətta uğurlarına təsir göstərə bilərmiş. Lakin bu, bir normativ idi. Hər kəsin yerinə yetirməli olduğu normativ. Mən də elə normativlərdən danışmaq istəyirəm...
 
Təhsil nazirinin yuxarıdakı qeydlərini oxuyarkən anladım ki, o, sadəcə ən yeni, ən qaçılmaz normativlərdən danışır. Və mənə elə gəldi ki, o mənə əlifba öyrətmiş birinci sinif müəlimimə mürəkkəbqabıdan necə istifadə etmək normativlərini başa salmaq məcburiyyətindədir. Nazir müəllimlərlə az qala uşaq dilində danışmaq məcburiyyətində qalıb. Çünki, sistem tıxanıb, tıxacın önünü açmaq isə təkcə nazirin və nazirliyin bacaracağı iş deyil.
 
Sizi deyə bilmərəm, mən dünyanın heç bir yerində Azərbaycandakı təhsil (bilgi) saxtakarlğı qədər saxtakarlıq təsəvvür etmirəm. Bu, bir bəladır. Fəsadları isə davam edir. Məsələn, tanıdığım bir adam, sovet dövründə təhsil alıb, deyir, iki qırmızı diplomla işsiz qalmışam. (Belələrini hər biriniz görürsünüz). Amma vurma cədvəlini bilmir, nəinki latın, heç kiril qrafikasında da doğru-dürüst yazmağı bacarmır...
Bu bir yana, dövlət, hökumət strukturlarında "ciddi" adamlar gördüm ki, əsasən, Rusiyada təhsil alıb, amma ruscada xəbər- mübtədanın yerini bilmir. Bəs Elmlər Akademiyasının arxivlərinə yığılmış saxta namizədlik dissertasiyaları kimindir? İmtahanları tapşırıq və rüşvətlə keçib diplom alanlar haradadırlar? Bizim aramızda...
 
Lakin, qəribədir, yuxarıda cavablar bəlli olduğu halda, sualların hamısı yenə müəlimlərə və təhsil sisteminə yönlənib. Halbuki, müəllim də bir vətəndaş, valideyndir. Onu ittiham edərkən güzgüdə özümüzə də baxmağımız mütləqdir. Müəllimlərlə valideynləri, cəmiyyəti bir-birindən ayıranda iş bitir.
 
Məncə, əsl həqiqət yaxşı müəllim olmaq yox, yaxşı valideyn, yaxşı vətəndaş olmaqdan başlayır. Çünki məktəb və ev qarşılıqlı münasibətdə olan icmalardır. Axı biz niyə uşaqları yalnız məktəbə və müəllimə etibar etməliyik? Bu məsuliyyətsizlik hissi haradan yaranıb?
 
Məgər özünüz də bilmirsiniz ki, az qala hər evdə saxta diplom, saxta normativlər var? Niyə beləcə rahat, heç bir iştirakçılıq hissi olmadan, övladınızı məktəbin və müəəlimin cənginə atırsınız? Axı hamımız yaxşı bilirik ki, test yoxlamaları saxtakarlığın formalaşdırdığı komfort zonasını təhdid edir. Normativlər səni formalaşdırmaq istəyir. Sən isə hələ də mürəkkəbqabını doldurmağı da bacarmırsan...
 
Əgər təhsil naziri dediyi kimi, təhsilimizin keyfiyyəti yaxın 5 ildə 20 faiz dəyişəcəksə, görün vəziyyət hansı haldadır? Məgər bu baxımdan həkim, hüquqşünas keyfiyyətinin göstəriciləri yüksəkdir? Əminəm ki, hər yerdə vəziyyət eynidir.
 
Sablon çıxsa da, deməliyəm ki, təhsil cəmiyyətin güzgüsüdür. Və bu güzgü təkcə təhsili deyil, bütün sosialı və mədəniyyəti əyri göstərir. Təhsili sosial problemlər kontekstindən çıxarılıb ayrıca bir planet kimi tədqiq edəndə isə iş bitir. Çünki, digər komponentlər üzrə normativlərin qiymət cədvəli boşdur.
 
Görünür, əvvəlcə mürəkkəbqabını doldurmaq lazımdır...
 
Məqsəd Nur

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->