"Qarabağ” xeyli vaxtdır ki, bir futbol klubu olmaqdan daha irəli gedib, Azərbaycanı dünya səviyyəsində uğurla təmsil edən markaya çevrilib. Klub rəhbərliyi, baş məşqçi Qurban Qurbanov və yaşıl meydanlarda can qoyan, top qovan futbolçuların sayəsində "Qarabağ” uğurları sıralayır, xarabalığa bənzəyən Azərbaycan futbolunun yerlərdə sürünən nüfuzunu qorumağa çalışır.
Çoxları bu uğurları təəccüblə qarşılayır, "köhlən atlar”ın bu zirvələri necə fəth etməsinin sirrini anlaya bilmirlər. Amma hər şey çox sadədir. Uğurun sirri fədakarlıq, peşəkarlıq və öz işini sevərək görən insanların işbirliyidir. Dəfərlərlə isbatlanıb ki, digər klublarımızın "Qarabağ”dan öyrənəcəyi çox şey var. Yerli məşqçiyə göstərilən etimad, ona verilən dəstək Azərbaycan futboluna misli görünməmiş uğurlarla yanaşı Qurban Qurbanovun timsalında xarizmatik bir futbol adamı qazandırıb. Klub rəhbərliyi, şəxsən Abdulbari Gözəl, Tahir Gözəl və Emrah Çelikel ən çətin məqamlarda belə Qurban bəyə dəstək verib, ona inanıb. Bu inamın da "meyvələrini” ölkə futbolu və azarkeşlər dadıb.
Düzgün seleksiya siyasəti də hamımızın gözünün önündədir. Reynaldo, Almeyda, Juninyo, Zubir, Şehiç kimi heç kimin tanımadığı əcnəbilər məhz "Qarabağ”da parlayıb, özlərini təsdiq ediblər. Rusiyalı qapıçı Andrey Lunyovu Almaniyada hamı unutmuşdu. Məhz "Qarabağ”dakı çıxışı ona "ikinci həyat” verdi, ruslar həmvətənlərini əla məvaciblə Moskva "Dinamo”suna apardılar.
Digər klublarımızın "Qarabağ”dan öyrənəcəkləri təkcə bunlara məhdudlaşmır. İdarəetmə sistemi, Avropanın nüfuzlu futbol təşkilatlarına inteqrasiya bacarığı da əsl dərs vəsaitidir. "Qarabağ”ın İdarə Heyətinin üzvü Asif Əsgərov qısa müddətdə bu sahədə böyük nüfuz qazanmağı, özünü əla bir təşkilatçı və uğurlu təmsilçi kimi tanıtdırmağı bacarıb. 42 yaşlı Asif bəy 2017-ci ildə Avropa Klublar Birliyinin İşçi Qrupunun üzvü, 2019-cu ildən isə İşçi Qrupunun katibi seçilib. Asif Əsgərov Avropa Klublar Birliyinin (ECA) qərarverici orqanı olan İdarə Heyətinə üzvlüyə qədər yüksəlib. Məhz bu seçim onun çox qısa müddət sonra eyni zamanda UEFA-nın əsas komitələrindən birinə üzv seçilməsinə də səbəb oldu. Bu da Azərbaycan futboluna göstərilən böyük etimaddır.
Bu günlərdə "Qarabağ” daha bir ilkə imza atdı, bununla da Azərbaycanın digər klublarından bir neçə addım öndə olduğunu yenidən isbatladı. Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasına, qısa adıyla COP29-a "Qarabağ” özünəməxsus dəstəyini verdi. "Qarabağ”ın təşəbbüsü ilə "Liverpul”, "Tottenhem” (hər ikisi İngiltərə), "Atletiko Madrid”, "Real Betis” (hər ikisi İspaniya), "Fənərbaxça”, "Qalatasaray” (hər ikisi Türkiyə), "Udineze” (İtaliya), "Porto” (Portuqaliya), "Flamenqo” (Braziliya), "Malmö” (İsveç) kimi klubların təmsilçiləri paytaxtımıza gəldi. "Qarabağ”ın dəvəti ilə Bakıya gələn, COP29-a qatılan futbol klubları iqlim dəyişikliyi ilə mübarizə məqsədi ilə yaradılan birgə alyansa qatıldılar.
Heç şübhəsiz ki, "Qarabağ” bu inamlı addımlarına davam edəcək, həm futbol meydanlarında, həm də ondan kənarda ölkəmizi uğurla təmsil etmək missiyasını uğurla yerinə yetirəcək. Kaş ki, digər Azərbaycan klubları da "Qarabağ”dan öyrənməyi bacara, bu, ümumi işimizin ancaq xeyrinə olar.
Amal Abuşov
Şərhlər