Ağadadaş Ağayevi çoxdan tanıyıram. Şəxsən ünsiyyətimiz, bəlkə də, ən azı iyirmi il əvvələ gedib çıxar. Sabit xasiyyətli adam kimi görünsə də, əksəriyyətimiz tək xəfif daxili gərginliklərdən də xali deyildi.
Onun balta atmasını görəndə ilk görüşümüz yadıma düşdü. Üzügülər, kübar bir insan bu hala necə düşə bilərdi?
Sonra "səngərin o üzünə keçdim", özümü mühafizəçinin yerinə qoymağa çalışdım: gör mühafizəçi hansı hala gəlib, necə sözlər eşidib ki, dayanmır, hirsini boğa bilmir. Və bu səssiz kadrlar... O kadrlar insanımızın lal hərəkətlərindən də onun hansı halda olduğunu asanca büruzə verir. Nə qədər utancverici olsa da, bir anlıq, xəfifcə sevindim. Ona görə ki, əl-qol hərəkətlərindən, əzalarının dinamikasından, ağ-qara filmə baxırsanmış kimi, həm hadisənin bütün dramaturji xəttini tuta bilirsən, həm də anlayırsan ki, biz bir-birimizə çox oxşayırıq. Onu da unutmursan ki, hər birimiz bu cür vəziyyətlərə düşə bilərik.
Gecə yağış yağdı...
Lakin mən Ağadadaşın musiqisi haqda düşünürdüm. Gör nə vaxtın Ağadadaşıdır!
Orta məktəbdə oxuyarkən həm də musiqi məktəbinə gedirdim. Müəllimimiz az qala hər dərsin sonunda Ağadadaşdan başlayıb Baloğlanı, İsraili və bu kimi ara müğənnilərini ağ yuyub, qara sərirdi. Deyirdi ki, Üzeyirin elmi əldən gedir, bunların səsini kəsmək lazımdır. Əlbəttə, biz dərsdə onunla razılaşsaq da, o səsləri qulaqlarımıza otuzduran böyüklərə etiraz edə bilməz, hətta Ağadadaşa qulaq asmaq marağından da imtina etməzdik.
Yadımdadır, Ağadadaş əsl əfsanə idi - nə Şövkət Ələkbərova, nə Arif Babayev, nə də digər bu kimi klassik sənətkarlar Ağadadaşın açıq şöhrətinə çata bilərdilər (Açıq şöhrət ifadəsini təsadüfən işlətmədim, kütləvi sözü də nisbidir, açıq şöhrət isə üzdə olandır və hipotetik gizli şöhrət anlayışının antonimi kimi istifadə edilə bilər). Hər yerdə - toyda, çayxanada, evdə hamı Ağadadaşdan danışırdı. Bilən də, bilməyən də, tanıyan da, tanımayan da onu müzakirə edirdi. Açıq şöhrət budur: insanlar ağcaqanad kimi sənin açıq yerlərinə qonmağa başlayırlar. Gizli şöhrət isə nüfuzdur, sirdir və sair və ilaxırdır.
Lakin yuxarıda adını çəkdiyim sənətkarlardan heç birinin, bu ifadəyə görə üzr istəyirəm, Ağadadaşı "adam yerinə qoyub" haqqında danışdıqlarını eşitmirdik. Əminəm ki, onların danışmaq üçün mümkün kommunikasiya imkanları yox idi, yoxsa danışardılar, dindirən, gəl danış deyən olsaydı,bəlkə də, indikilərdən beş qat artığını deyərdilər, amma onları susduran bir sistem (senzura) var idi. Sən demə, bir zamanlar susmaq (senzuralaşmaq) mədəniyyətimizə böyük töhfələr verib. Əlbəttə, sonralar, peşəkar fəaliyyətimlə əlaqədar öyrəndim ki, əslində o vaxtın xalq artistləri də çayxanalarda, toylarda bir-birinin dalınca danışır, bir-birinə torba tikir, intriqalar baş alıb gedirmiş. Lakin bu çayxana söhbətlərini "kütlə" üçün yemə çevirə bilmirlərmiş. Bax Ağadadaş o açıq şöhrət epoxasından gizli şöhrət epoxasına keçmək üçün hər şey etdi - az danışdı, abırlı danışdı, Üzeyir musiqi məktəbinə üz tutdu, hind-fars diringisindən imtina etdi və ictimai nüfuza minməyə çalışdı. Xalq artisti oldu. Lakin o balta görüntüsü, bir göz qırpımında, bütün ağcaqanadları yenidən Ağadadaşın açıq ərazilərinə hücum etməyə sövq etdi...
İndi bir çoxları deyir ki, Ağadadaşı bu yerlərə çatdıran, ona xalq artisti adı verdirən kütləyik. Axı xalq (millət, kütlə və sair adlandırdığımız ictimai şüur) nə etsin, ona torpaq lazım idi, Qələbə çalıb oturdu yerində. İndi də gözləyir, görən, bu yerdə qalan həpənd sözbazlar ona başqa nə şəbədə qoşacaqlar? Məsələn, Ağadadaş Ağayev və onunla yumruqlaşan mühafizəçi, sən demə, "xalq"ın mədəniyyətinin, ümumi intellektual "səviyyə"sinin səviyyəsi imiş. Axı xalqın səviyyəsindən xəbərdar olmaq üçün gerçək ömür yaşamaq lazımdır - onun içində, onunla birlikdə. Virtualda müşahidə etməyə nə var ki...
Gərək sənətlə bərabər ruhun da qoruyucu mələkləri olsun. Bunu özümə və hər birimizə arzulayıram. Yəqin ona görə də Ağadadaşın baltasını görən kimi, dilləndim: "Sən nə etdin, ay Dadaş?!"
Məqsəd Nur
Şərhlər