Xəbər lenti

Diplomlu Azərbaycan
Məqsəd Nur
Ölkə 10:41 31.08.2024

Diplomlu Azərbaycan

Onsuz da ali təhsilmizin yaratdığı tələb və təklif əvvəldən  - sovet dövründən saxtakarlıq üzərində qurulub. Əminəm, obyektiv statistika aparılsa, bugünkü Azərbaycan elitasının böyük əksəriyyəti sovet dövründə rüşvətlə, tanışlıqla, tapşırıqla, ən yaxşı halda tanınmış valideynin xahişi və nüfuzu sayəsində ali məktəblərə daxil olub, o məktəbi bitirib, üstəlik, bu yolla da öz karyerasını davam etdirə bilib. Bu tendensiya bəzi detallar istisna olmaqla davam edir. 

Ən böyük istisna isə test imtahanıdır. Lakin bu test imtahanı da başımıza bəla oldu. Çünki ali təhsil almaq daha da amansız yarışa çevrildi, rüşvətlərin, tapşırıqların yeri dəyişdi - repetitorlar məktəb təhsili üzərində dominantlıq etməyə başladı, ali təhsil boyunca tələbəni müşayiət edən imtahan stresləri bitmədi. Əsl müəllim ac, əsl tələbə işsiz qaldı. 

Ali məktəbə girmək üstündə münasibətlər bütün həyatımı dəyişdi. Sonda o nöqtəyə gəlib çıxdım ki, gərək, valideynlərimin sözünə baxaydım. Bu sözə baxmaqlığın arxasında, bəlkə də, min illik bir sirr yatır. Axı asan uğur hekayəsi, əsasən, ardıcıllıq, ənənələrin davam etdirilməsi, ailə, tayfa iqtisadiyyatı vasitəsilə mümkündür. Əks təqdirdə etiraz, azadlıq və müstəqillik yanğısı, özünüaxtarışlar davam edir. Və ənənlərlə yeni axtrışların yolları əsasən kəsişmir, kəsişəndə də yol işarələri bir-birinə qarışır. Ənənələrdən çıxanda isə başqa mədəniyyətlər gənc axtarışçını yaxalayır. Gəl bura, deyir, biz sənin istədiklərini verəcəyik. 

Məsələn, SSRİ dövründə bu "axtarışlar" və "tapıntılar", əsasən, sovet Rusiyasında baş verirdi. Əksər bacarıqlı, zirək oğlanlarımız rus qızlarının cəngində çürüyüb qalırdılar. Yüzlərlə belə ad sadalaya bilərəm. 

Qızlar isə mütləq təhsil almalıdır, hə, mütləq qız oxumalıdır! Sən demə, bu məsələdə də məqsəd təhsil deyil, cehizmiş: saxta müəllimə və "medsestra" diplomları cehizin üstünə qoyulmalıdır... 

İndi də test üsulu ilə ali məktəblərə daxil olanlar arasında qızlar xeyli öndədir, yəqin, bu statistika o vaxtın ənənələrinə, müharibəyə, iqtisadi problemlərə görə belədir. Başqa cür bunu necə izah edəsən? Oğlan həmişə əsgərdir, vəssalam! 

Bax belə bir mənzərə ilə üz-üzəyik. Ali təhsilimiz yararsızdır, amma onun uğrunda mübarizə bütün mübarizələrimizdən öndədir. 

Adamı ən çox qıcıqlandıran ali məktəbə qəbul olunan övladı ilə şəkil paylaşıb bu tipli statuslar paylaşanlardır: "Filan yerə qəbul olunduq!". Sanki valideyn həyatının məntiqi sonluğuna gəlib çatıb, yanındakı yeniyetmə isə illərin yorğunudur... İndi də ali təhsil yarışmasında Qərb öz cəlbedici işıldaquşları ilə valeh edir. Harvard, Sarbona, bir ucdan ölkəyə yeni kadrlar import etməyə başlayıb. Di gəl, gedən geri gəlmir, gələn də ana dilində düşünə bilmir. 

O gün ətrafda oynayan bir topa uşağın səsinə qulaq verdim: yarı rusca, yarı iniliscə mühakimələr yürüdürdülər. Ana dilində danışan tək-tük uşaq isə gizlənpaç oynamağı təklif edirdi. 

Kaş ki valideynləri də onları bu ali təhsil yarışmasına təhrik etməsinlər. Əlbəttə ki, böyütsünlər, oxutsunlar: məsələn, peşə təhsilinə yönləndirib konkret bir işin qulpundan yapışan, peşəkar ləyaqətli insan, vətəndaş etməyə çalışsınlar. Bax onda, bəlkə, işlərimizin nə vaxtsa düzələcəyinə ümid edə bilərik. 

Mən isə əlbəttə, ana dilində danışan o gizlənpaç oynamaq istəyən gələcək nəslin tərəfindəyəm....  

Məqsəd Nur

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->