Xəbər lenti

Məqsəd Nur
Ölkə 16:10 31.07.2024

"Komisovat"

Məni də "komisovat" etmək istəyirdilər. Böyük bir əzmkarlıqla hərbi komissarın kabinetinə girdim və heç bir halda bu qərarla razılaşmayacağımı bildirdim. Beləcə, məsuliyyətdən çəkinib məni orduya apardılar (Təfərrüatlar bu yazının mövzusu deyil). 

Biləcəri çağırış məntəqəsində son yoxlamalardan keçdikdən sonra başa düşdüm ki, ordu da fabrik kimi bir yerdir, çeşidçilər zay məhsulları konveyerdən kənara atır və son məhsulun daha keyfiyyətli olması üçün çalışırlar. Amma əzmkarlığım boşa getmədi. Əsl həyat məktəbim də elə o gündən - israrla orduya getmək istəyimdən başladı:  1986-cı ilin soyuq noyabrından... 

Əlbəttə, o vaxtkı Sovet ordusu tamam fərqliydi. Yorğun-arğın, millətlərarası konfliktlərin pik nöqtəyə çatdığı, hətta milli mentalitetlərin ciddi şəkildə toqquşub özünü büruzə verməsi baxımından unikal bir məkan idi. Lakin bütün bunlara baxmayaraq, öz standartları, işlək qanunları, hətta yazılmamış qaydaları vardı. Belə ki, sovet ordusunda xidmət etməyən oğlanlara qızlar da birtəhər baxırdı. Yəni, əsl kişilik məktəbi hesab edilirdi. 

Əlbəttə, ən böyük korrupsiya, saxtakarlıq da elə sovet ordusunda idi. Mən indi hamının dilinə düşmüş "komisovat" sözünü də elə o vaxtlardan xatırlayıram. Hansı bəhanə ilə olur-olsun, ordudan ən çox yayınan da məhz bizimkilər idi. Daydaylıq, tanış-bilişlik, rüşvətxorluq baş alıb gedirdi. Bir konyakla, hətta bir "Ağdam" portveyni ilə orduda rütbə almaq olardı. Mənimsə qismətimə bu atişləməz yollardan istifadə etməmək xoşbəxtliyi düşdü: əvəzində iki illik həyat məktəbi keçdim.
 
Lakin sovet ordusundan qayıdan kimi (1988) anladım ki, "ictimai şüur" tamam dəyişib. Təzə qaydalara görə, "komisovat" olunmaq qəhrəmanlıq sayılır və hətta qızlar bunu alqışlayırlar. Əcəba, görəsən, bu həmin qızlar, həmin cəmiyyət idi? Elədir ki, var: heç kəs dağılmaqda olan imperiyanın başsız ordusunda güdaza getmək istəmirdi. Qızlar niyə fikirlərini dəyişməsinlər?! 

Və sonra Qarabağ müharibəsi başladı... 

Təzəlikcə öyrəndim ki, yaxın keçmişlərdə hərbi çağırışlardan yayınanları təzədən - tər-təmiz şərtlərlə müayinə edib "bəzi neqativ halları" aradan qaldıracaqlar. Bəzən belə xəbərlər qəfil o qədər kədər doğurur ki, heç bilmirsən, özünə nə cavab verəsən?  

Bir vaxtlar (sanki lap uzaq keçmişdə), məndən olsaydı, hərbi xidmət peşəkar ordu yaratmaqla əvəzlənərdi. Və orduya getmək istəməyən kişi qırıqları büdcəyə böyük məbləğdə kompensasiya ödəməklə ordunun ətrafından uzaqlaşar, əldə edilən gəlirlər isə orduda xidmət edənlərin güzəranını daha da yaxşılaşdırmaq üçün istifadə edilərdi. Dünya təcrübəsində də var. Lakin ordu həm də milli iradənin göstəricisiymiş - bunu 1988-ci ildən sonra anlamağa başladım. 

Əlbəttə, bir zamanların sovet ordusunu götürsək, deyə bilərik ki, müharibələr olmayanda ordular xəzinəni sömürməkdən başqa heç bir iş görmür. Mən qısa da olsa, o dövrü - Brejnevin durğunluq dövrünü yaşadım. Müharibədən çıxmış qoca zabitlər müharibəsizlikdən çərləyirdilər. 

Lakin indiki ağlımla hesab edirəm ki, peşəkar ordu ilə bərabər mütləq məcburi hərbi xidmət olmalıdır. Həm də gender balanslı ordu. Ümumiyyətlə, hərbi sənaye kompleksinə calaqlanmış iqtisadiyyat, təhsil də vacibdir. Yoxsa yenə evimizin qapısı bütün növ çağırılmamış qonaqlara açıq olacaq. 

Bu yerdə vaxtilə şahidi olduğum bir fraqmenti xatırlamadan yazımı tamamlaya bilmirəm. 

Laçın, 1992-ci il. Yaxın ətrafda qızğın döyüşlər gedir. Bir neçə (təxminən on-on beş nəfər) valideyn "fezo"nun qarşısına toplaşıb, əfsanəvi komandir Arif Paşayevə etiraz edir. Tələb budur: niyə sənin düzəltdiyin orduda bizim uşaqlarla bərabər, prokurorun, başçının, mən nə bilim digər vəzifəlilərin övladları yoxdur? 

Yorğun komandir özünü toplayıb cavab verir: "Çünki, düşmən səngərimizə girsə, silahı birinci onlar qoyub qaçacaqlar!" Araya bir neçə saniyəlik mübhəm sükut çökür və hamı sakitcə çəkilib gedir.

Kaş ki, dünyadakı bütün silahlar da susaydı...

Məqsəd Nur

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->