Yeni tədqiqatlar göstərir ki, Skandinaviya mifologiyasındakı "Ragnarök" əfsanəsi gerçək bir təbiət fəlakətinə əsaslanır. Bu hadisə Norveç və İsveçdə əhalinin yarısının həyatını itirməsinə, bölgənin isə illərlə qaranlığa bürünməsinə səbəb olub. Vikinq inancına görə, "Ragnarök" "Tanrıların taleyi" və ya "Tanrıların alatoranlığı "mənasına gələn, qiyamətvari bir müharibəni təsvir edir. Əfsanəyə görə, tanrılar və şeytanların qarşıdurması ilə nəticələnən bu dövr dünyanı sonunun başlanğıcı ilə üz-üzə qoyur.
Qaynarinfo xəbər verir ki, mifologiyada "Ragnarök”un başlanğıcı olaraq təsvir edilən Fimbulvetr (Üç illik fasiləsiz qış), insan həyatını sona çatdıracaq dəhşətli soyuq bir dövr kimi tanınır. Danimarka Milli Muzeyinin alimləri ağac halqalarını araşdıraraq, təxminən 1500 il əvvəl Skandinaviyanın belə bir təbii fəlakətlə üzləşdiyini sübut ediblər.
Tədqiqatçılardan Morten Fiçer Mortensen bildirib ki, bu vəziyyət uzaq bölgələrdə baş verən vulkan püskürmələri nəticəsində yaranıb. Həmin püskürmələr kül və kükürd buludları ilə dünyanı əhatə edib:
"Bu hadisə çox qorxunc olub. İnsanlar günəşin rənginin dəyişərək soyuq mavi bir ton aldığını müşahidə ediblər. Bir ildən çox müddət ərzində nə ulduzlar, nə də aydın gün işığı görünüb".
Ağac halqalarının şahidliyi
Alimlər eramızın 300-800-cü illərinə aid 650 palıd ağacının nümunələrini analiz ediblər. Nəticələr göstərib ki, 536-cı ildən başlayaraq ağac halqalarının böyüməsi kəskin şəkildə azalıb və bu azalmanın pik nöqtəsi 539-541-ci illər arasında müşahidə edilib. Bu göstəricilər illərlə davam edən ağır əkinçilik şəraitindən xəbər verir.
Mortensen qeyd edib: "Hər kəsin öz ərzağını torpaqdan əldə etdiyi bir dövrdə ardıcıl olaraq uğursuz məhsul mövsümləri kritik nəticələrə səbəb olub. Bu vəziyyət bir çox insan üçün sağ qalma şansını qeyri-mümkün edib".
İqlim dəyişikliyinin sosial təsirləri
Polen analizləri və landşaft rekonstruksiyaları bəzi ərazilərin tərk edildiyini və həmin yerlərdə meşələrin yayıldığını göstərir. Danimarkada, məsələn, günəşin geri qayıtması üçün tanrılara təqdim edilmiş böyük miqdarda qızıl xəzinələri aşkar edilib. Əhali arasındakı böyük itkilərin təsiri ilə bərabər, güc strukturlarında da dəyişikliklər baş verib.
Əfsanə ilə reallıq arasındakı əlaqə
Mortensen deyir ki, bu fəlakətin "Ragnarök” əfsanəsindəki Fimbulvetr ilə bənzərliyi təsadüf ola bilməz: "Üç ardıcıl yay mövsümündə ağacların demək olar ki, böyümədiyini görmək diqqət çəkicidir. Əfsanə də ardıcıl üç illik fasiləsiz qışdan bəhs edir”.
İqlim hadisəsi ilə mifologiya arasında birbaşa əlaqə sübut edilməsə də, alimlər bu hadisələrin insanların təcrübələrindən təsirləndiyini və əfsanələrə əks olunduğunu düşünürlər.
Hansı vulkanların bu uzun qışa səbəb olduğu dəqiq bilinməsə də, Papua Yeni Qvineya, El Salvador, İndoneziya, İslandiya və Şimali Amerikadakı püskürmələr mümkün səbəblər arasında göstərilir. Bununla yanaşı, iqlim modelləri fəlakətin yalnız Skandinaviyanı deyil, qlobal temperaturu bir neçə dərəcə aşağı saldığını göstərir.
Roma İmperiyasından Çinə qədər olan yazılı mənbələr bu kəskin iqlim dəyişikliyini təsdiqləyir. Hətta havanın temperaturunun aşağı düşməsinin Ərəbistan yarımadasında məhsuldarlığı artırdığı, qida ehtiyatını gücləndirdiyi və İslam fəthlərinə töhfə verdiyi iddia edilir. Danimarkalılar üçün qış başqa, daha az dramatik bir miras buraxıb. Həmin irsin adı çovdardır.
Mortensen izah edir: "Danimarkalılar çovdar çörəyini çox sevirlər. Çovdar ölkəyə çox gec gəlmiş və yalnız iqlim böhranından sonrakı əsrlərdə geniş yayılmış taxıldır. Eyni zamanda, çovdar hətta minimal günəş işığı olan mühitlərdə də yaşaya bilər və hətta nisbətən münbit torpaqlarda da böyüyə bilər. Buna görə də, çox güman ki, çovdar pis günlərdən qorunmaq üçün qəbul etdiyimiz bir məhsul idi. Bu, pis günlərdə ən yüksək gəlir gətirən məhsul idi".
Aydın
Şərhlər