Uşaqlıq illərimin ən acı xatirələrindən biri Kəlbəcər meşələrində ov səhnələrinə tamaşa etmək idi. Bu barədə başqa yazılarımda ətraflı yazacağam.
Lakin ovdan sonra bulaq başında kabab, yeyib-içmək və ətrafa atılan zir-zibil- kababın sür-sümüyü, araq şüşələri, qəzet parçaları, ərzaq qırıntıları məni o qədər mütəəssir edirdi ki, bir gün bu barədə etirazlarımı açıq şəkildə atama demək məcburiyyətində qaldım. O məni başa düşdü, bu səhvləri düzəltmək üçün əlindən gələni edəcəyinə söz verdi, amma mən bir daha ova getmədim...
O gün bir qonşumla küçədə söhbət edirik, ətrafdakı yer-yurdun çirkəndirilməsindən danışırıq, çirkləndirməyə qarşı birlikdə mübarizə üsülları axtarırıq, o isə siqaret çəkir, guya məni tutmasın deyə mədəni şəkildə tüstünü kənara üfürür və söhbətin qızğın yerində indicə boşaltdığı siqaret qutusunu bükmələyib yerə atır. Və heç nə olmamış kimi söhbətə davam edir. Əslində qutunu yerdən qaldıraraqqla, onu utandırmalıvə çıxıb getməli idim, amma bunu etmədim. O isə mənim qızarıb-bozardığımı görsə də, qutunu yerdən qaldırmadı. Beləcə, biz ekoloji arzularımıza davam etdik.
Azərbaycanlılar bir-birinin üzünə gülərək, bütün zibil işlərini birlikdə görürlər.
Bu yazını yazarkən düşünürəm, gör neçə illər keçib, biz hələ də ətrafı zibilləməmək məsələsində yaxşılığa doğru dəyişməmişik. Ovçuluğa meyl edib vəhşi təbiəti qısırlaşdırmağa, əlimizdəki zir-zibili heç nə olmamış kimi insanları qidalandıran təbiətin üzünə atmağa davam edirik. Bizdə utanc hissinin hələ də yüksək olduğunu söyləyən sosioloqlardan soruşmağım gəlir: bəs, görəsən, Laçından Şuşaya gedərkən, döngədə qalaqlanmış sellofanları, plastik su qablarını "uf" demədən kənara atan varlıqlar necə, o utanc hissi yüksək olanların genetik qohumları deyil? Əminəm ki, onlar zir-zibili hara gəldi atarkən mütləq utanıblar.
Həmin tiplər mənə də, dəyərli oxucularıma da yaxşı bəllidir. Hələ, bəlkə, bu sətirləri oxuduqca başını yelləyənlərin bəziləri də elə dünən buna bənzər bir hərəkət edib, amma o hərəkətini unutmaq və unutdurmaq üçün başını yelləyir, bu yazıdakı naməlum qəhrəmanları qınayır.
Görünür, belə adamların içində cin var, bütün yaramaz hərəkətləri də həmin o cin edir, utanc hissinin ağrısını isə cin çıxıb gedəndən sonra yerdə qalan hissəsi çəkir. Düzünə qalsa, bu mentaliteti anlamağa çalışıram və düşünürəm ki, bunun çox dərin sosial kökləri var. Kim nə deyir desin: ay nə bilim, daim təbiətin bir parçası olmuşuq, şəhərləşmə mədəniyyətimiz uzaq tarixdə qalıb, köçəri həyat keçirmişik, ekoloji təbliğat, maarifləndirmə zəifdir-filan, bələdiyyələr işləmir, ətrafda yetərincə zibil qutuları yoxdur, qanunlar da işləmir, cərimələr artırılmalıdır və sair kimi variantların heç biri tam ağlıma batmır. Bu, nədirsə, başqa bir fenomendir.
O gün təsadüfən, küçəyə energetik içki atan 40-45 yaşlarında bir kişidən xahiş etdim ki, qabı yerdən qaldırsın: qəzəblə mənə baxdı, qızardı, zibilini yerdən qaldırıb soruşdu:
-Bəs bunu hara atım?
Həqiqətən, ətrafda zibil qabı yoxdur, hər tərəf də bu kimi zir-zibillə doludur.
Dedim, özünüzlə götürün. Yenə qızardı, dilini dişinə tutub uzaqlaşdı. Təxmin etdim ki, döngəni burulan kimi o qabı kənara atacaq. Elə də oldu.
Lakin mən uzun müddət o adamın gözlərinin içindəki təəccübü unuda bilmədim. gözlərindəki mənanı de-şifrə etsəm, təxminən, belə sual cümlələri alınar:
-Necə yəni olmaz?! Niyə olmaz ki?! Sənin olmazlarına lənət!
Əminəm ki Qarabağı çirkləndirən o adamlar arasında mənim də dostlarım, tanışlarım, qohumlarım var. Xəzərə qarpız qabıqları atan, Bakını bəyənməyib, kobudcasına "o gözəl torpaxlarda kef eləyəjəyik" deyənlərdən başqa, gizli çirkləndiricilər də az deyil. Baxmıram deyib baxan, atmıram deyib atan sosial təzahürə məətəl qalmışam.
İndi nə edək? Qarabağda - o ucsuz- bucaqsız, minalanmış kimsəsiz ərazilərdə də müşahidə kameraları quraşdırılsın? Axı o sellofan torbalar, plastik qablar mina deyil ki, Allah eləməmiş, üzümüzə partlasın. Axı təbiət siz təhəri üzlü deyil ki, üzünə atdıqlarınızı götürüb geri - sizin üzünüzə tolamazlasın. Onu niyə incidirsiniz? Sonra da bir-birinizə şikayətlənib yalandan başınızı bulayırsınız:
-Vallah, dünyanın axrıdır.
Axır necə olur, qardaşlar, bacılar?
P.S. Bu günlərdə Kanadanı reklam edib Türkiyəni pisləyən, ölkəsini gözdən salmaq üçün ironik üsullardan istifadə edən bir blogerin səhifəsində xeyli video izlədim.
Adamın dediyi əsas tezis budur: Kanada cənnətdir, Türkiyə cəhənnəm. Lakin "cənnət"də göstərdiyi əsas faktor ətraf mühitin ekoloji nizamıdır, xüsusilə, küçələrdəki səssizlik və təmizlikdir, vəssalam.
Blogerin tərzindən bilinir ki, "sezona gedib", ölkəsinin yerləşdiyi coğrafiyanın, klimatik faktorların təsirlərini ya anlamır, ya da anlamağa savadı çatmır. Lakin belə insanların dediklərində o qədər sadə həqiqətlər var ki, razılaşmamaq da olmur.
Əslində gələcək nəslin böyük bir qismi çevrəmizi, öz doğma vətənlərini bax belə müqayisələrə uyub tərk edir, guyə oralarda yel əsib, qoz tökülüb deyə dabana tüpürüb qaçır. Bəzən ən sadə faktorlar (ayıblar) ucbatından övladlarımızı vətəndən perik salırıq.
Əlbəttə, faktorlar bir deyil, iki deyil və bir faktor digərini doğurur, beləcə, problemlər zənciri yaranır. Gənc nəsil getdiyi ölkəni dərindən öyrənsə, normal ədəbiyyat oxusa, görər ki, oralarda da insansızlıq problemi yaşanır. Lakin əminəm, bütün bunlara rəğmən, yenə də onlar, əsasən, Laçın-Şuşa yoluna zibil atan əcaib tiplərin əlindən qaçırlar. Bundan sonra da oralara zibil atmaq istəyən dostlarıma üzümü tutub deyirəm ki, utancaq övladınız, ətrafınızdakı gənc nəsil, gələcək nəsil bu hərəkətlərinizə görə üzünüzə tüpürə bilməsə də, əmin olun, gec-tez dözməyib sizi tərk edəcək. Dəyişin! Dayanın!
Məqsəd Nur
Şərhlər