Xəbər lenti

Avropa Superliqası yenidən gündəmə gəldi - bu dəfə 80 komanda...
İdman 19:10 10.02.2023

Avropa Superliqası yenidən gündəmə gəldi - bu dəfə 80 komanda...

2 il əvvəl ortaya atılan və böyük əks-səda doğuran Avropa Superliqası ilə bağlı proseslər davam edir.

Qaynarinfo-nun məlumatına görə, sözügedən liqada komandaların sayının 80-ə çatdırılması tövsiyə olunub. Son illər futbol dünyasında böyük müzakirələrə səbəb olan Avropa Superliqasında 80 komandanın iştirak edə biləcəyi yeni format təklif olunub. Qurumun əsas sponsorlarından olan "A22 Sports Management"dən verilən açıqlamada 50 futbol klubu ilə aparılan danışıqlardan sonra yeni formatın birgə məsləhətləşmələrlə planlaşdırıldığı bildirilib. Buna uyğun olaraq, çoxliqa formatında keçiriləcək matçlarda 60-80 klub iştirak edəcək. Bu komandalar öz liqalarında əldə etdikləri uğurun kriteriyalarına görə seçiləcək və hər yarış iştirakçısı ən azı 14 oyun keçirəcək.

Mövzu ilə bağlı Almaniya mətbuatına açıqlama verən "A22 Sports Management"in prezidenti Bernd Reyxart, "Avropa futbolunun təməli çökmək təhlükəsi qarşısındadır. İndi dəyişiklik vaxtıdır. Sürətlə dəyişən risk faktorları səbəbindən futbol klubları gələcəyi görməkdə çətinlik çəkirlər. Maraqların ön plana çıxdığı mühüm qərarlar verildikdə, hətta idman və maliyyə qurumları ilə problemi olsa belə, danışa bilmirlər. Sanksiya təhlükəsi ilə sistemə qarşı dura bilmirlər. Sistemimiz bu klublarla konstruktiv dialoq aparmaq və ikitərəfli münasibətlərin vicdanlı əsaslarla qurulmasını təmin etmək olacaq” - sözlərini söyləyib. 

İngiltərədən "Arsenal", "Mançester Yunayted", "Çelsi", "Liverpul", "Mançester Siti", "Tottenhem", İtaliyadan "Milan", "İnter", "Yuventus", İspaniyadan "Atletiko" (Madrid), "Barselona" və "Real" 2021-ci ildə Avropa Superliqasına qoşulduqlarını açıqlamışdılar. İlkin formata görə 20 komandanın iştirak edəcəyi liqanın təsisçisi olan 15 klub daimi şəkildə qurumda qalacaq, digərləri isə öz liqalarının uğur kriteriyalarına görə müəyyən ediləcəkdi.

FİFA, UEFA və idman ictimaiyyətinin sərt reaksiyalarından sonra "Real", "Barselona" və "Yuventus"dan başqa 9 klub bu təşkilatdan ayrıldığını açıqlayıb. UEFA və FİFA, iddialarından əl çəkməyən bu 3 komandanın bütün yarışlardan uzaqlaşdırılması, oyunçuların beynəlxalq matçlara göndərilməsinə qadağa qoyulması kimi sanksiyalarla üzləşə biləcəyi barədə xəbərdarlıq etmişdi.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->