AFFA-nın İntizam Komitəsi bu gün növbəti iclasını keçirdi. İclasda qəbul olunan qərarlardan biri də İkinci Liqada çıxış edən "Ağdaş”ın baş məşqçisi Ruslan Hüseynovla bağlı oldu.
Qərara görə, 22-ci tur çərçivəsində baş tutan "Kür-Araz” – "Ağdaş” oyununun 49-cu dəqiqəsində Hüseynov hakimin qərarına etiraz etdiyi üçün birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə, beş oyun cəzalanıb. Klub isə 400 manat cərimələnib.
Baş məşqçi Qaynarinfo-ya açıqlamasında həmin an baş verənlərdən danışdı və həqiqətən hakimə qarşı təhqiramiz ifadələr işlədib-işlətmədiyini dedi:
"Etdiyim hərəkətə haqq qazandırmıram. Oyunun gedişatında elə vəziyyət yarandı ki, özümü ələ ala bilmədim. Amma təhqirdən söhbət gedə bilməz. Bilirsiniz ki, biz çətin şərtlər altında mübarizə aparırıq. Təzyiq, gedişat… Durumumuz da çətindir, çempionatdan düşmə nöqtəsindəyik. Bunların təsiri də oldu. Lakin beş oyunluq, o qədər məbləğdə cəriməlik heç nə yox idi. Həmin anlar, səs tonları kameraya da düşüb. Əsla təhqirdən söhbət gedə bilməz. Həmin anda mən əks tərəfə qarşı cərimə qeydə alınmasını gözləyirdim. Amma penalti qərarı çıxardılar ki, bu çox gülməli vəziyyət idi. Hesab 2:2 idi, bir xal bizim üçün qızıla bərabərdir. Bəlkə də bu çempionatda şəraiti ən zəif olan komanda "Ağdaş”dır. Mövqeyimizi qorumağa çalışırıq. Peşəkar futbol da oynamışam. Gözlənilməz qərar idi. Mən Qəbələdə turnirlər təşkil edirəm, həm də oyunlara hakim kimi çıxıram. Baxmayaraq ki, peşəkar hakimlikdən uzağam, mən belə bir penalti qərarı vermərəm. Çox gülməli qərar idi. Orada hakimə dedim ki, "Allah yalançının bəlasını versin, orada penalti varsa”. Onlara, "Bu qədər allahsızlıq etməyin”, "İdarə etdiyiniz oyun budur” dedim. Sonra sanki ayıldım və deyinə-deyinə üzümü çevirib çıxıb getdim. O tərbiyəni görməmişəm ki, kimisə təhqir edim. Komanda çətin vəziyyətdədir, 10 manat cərimə belə bizim üçün çoxdur. Beşoyunluq cəza dediyim sözlərə görə, həddindən artıq ağırdır”.
Cəza ilə razılaşmayan Hüseynov apelyasiya şikayəti verib-verməyəcəkləri barədə sualı belə cavablandırdı:
"Klub rəhbərliyi ilə də danışdım. Çox ağır cəzadır, çünki heç kimə təhqiramiz ifadələr söyləməmişəm. Yəqin ki, rəhbərlik maraqlanacaq. İstəməzdim həqiqətən belə bir şey olsun. Emosiyalarımı saxlaya bilməmişdim. Bəzən elə durumlar yaranır ki, istər-istəməz belə nəticələrə gətirib çıxarır. Məğlubiyyətlərimizin sayı çox olub. Amma heç bir oyunda belə reaksiya göstərməmişəm. Penalti qol olmadı, ola da bilməzdi. Çünki ədalət var. Nəsə demiş ola bilərəm, amma təhqiramiz heç nə söyləməmişəm”.
Oyun ərzində hakimin "Ağdaş”a qarşı qərəzli davranıb-davranmadığı haqda sualı, mütəxəssis belə cavablandırdı:
"Adamın üstündə Allah var. Deyə bilmərəm ki, hakim qərəz göstərdi və ya oyunun nəticəsinə təsir göstərəcək ciddi səhvə yol verdi. Elə məqam var ki, bizim kimi komandalarla oyunda bir epizod həlledici olur. Hesabda geri düşsək, oyunu çevirə bilmirik. Amma həmin penalti qərarı, səhvdən, qərəzdən də artıq idi. Bir epizod bəs edir ki, hakimin qərəzli olub-olmadığını biləsən”.
Səbuhi Həsənov
Şərhlər