Xəbər verdiyimiz kimi, Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin imzalanması gözlənilir. Araşdırmaçılar hesab edirlər ki, bu saziş Rusiya-İran münasibətlərinin möhkəmlənməsi üçün ciddi amil olacaq. Sazişdə tərəflərin regional və qlobal səviyyədə sülh və təhlükəsizlik maraqlarından irəli gələrək müdafiə sahəsində daha sıx əməkdaşlıq və qarşılıqlı fəaliyyət istəyi təsdiqlənəcək.
İran prezidenti Məsud Pezeşkian Vladimir Putinlə Kazanda keçirilən sammitdə görüşü zamanı Rusiya ilə "böyük saziş” imzalanacağına ümid etdiyini bildirib.
İndi araşdırmaçıları bir sual düşündürür - Tehran və Moskvanın daha sıx əməkdaşlığı Bakı üçün təhdid hesab edilə bilərmi?
Siyasi şərhçi Azər Rəşidoğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, istər Rusiya, istərsə də İranın Azərbaycana münasibəti bəllidir:
"Hər iki ölkə Azərbaycanın müstəqilliyinə qısqanc yanaşır. Lakin hazırkı geosiyasi vəziyyət Bakı ilə əməkdaşlığı zəruri edir. Məsələn, "Şimal-Cənub" nəqliyyat dəhlizinin yaradılması Azərbaycan, Rusiya və İranın maraqlarına cavab verir. Belə beynəlxalq layihələrin sayı çoxdur. Odur ki, Azərbaycan, Rusiya və İranın yükdaşıma sahəsində əməkdaşlığı Tehran və Moskvanın imzalayacağı sazişin önəmini azaldır".
Azər Rəşidoğlu əlavə edib ki, ermənilər cidd-cəhdlə buna mane olmağa çalışırdılar və ortaya müxtəlif layihələr qoyurdular:
"Lakin İrəvan bütün layihələrdən kənarda qaldığı kimi bu layihədən kənarda qaldı. Çünki bu layihənin həyata keçirilməsində birinci təhlükəsizlik məsələsidir. Ermənistan daim bölgənin təhlükəsizlinə təhlükə olub, odur ki, beynəlxalq güclər Bakı ilə əməkdaşlığa üstünlük veriblər".
Ekspert bildirib ki, Azərbaycan, İran və Rusiya həyata keçirilməsi planlaşdırılan layihələrdən böyük faydalar götürə bilərlər.
Aydın
Şərhlər