Ötən həftə nəhayət ki, bu vaxta qədər haqqında çox danışılan, hətta bizim müstəqil, yarım-müstəqil və qeyri-müstəqil təhlilçilərimiz tərəfindən geniş müzakirə olunan BRİCS-in Kazan sammiti baş tutdu.
Nə ilə yadda qaldı "otuz altı dövlətin iştirak etdiyi” bu böyük sammit? Qısaca deyək ki, bəzi mülahizələrə zidd olaraq birbaşa demək lazımdır ki, Rusiya prezidenti Vladimir Putin nə anti-Qərb koalisiyası, nə də anti-dollar düşərgəsi formalaşdıra bilmədi.
Əvvəlcə dollar haqqında bir-iki kəlmə. Rusiya prezidenti xüsusi olaraq vurğuladı ki, onlar dollara qarşı mübarizə aparmağı qarşılarına məqsəd qoymayıblar, amma onların dollardan istifadə etməsinə yasaq qoyulubsa və ya bu maliyyə prosesi məhdudlaşdırılıbsa, məcburdular ki, alternativ yollar axtarsınlar.
Di gəl, hətta belə bir yumşaq ifadə belə BRİCS iştirakçılarını bu zəmində qəti səfərbər edə bilmədi. Düzdür, bəzi iqtisadçılar hələ də iddia edirlər ki, gələcəkdə BRİCS-in alternativ valyutası yarana bilər. Fəqət, heç də bütün BRİCS üzvləri dollarla bağlı eyni problemləri yaşamırlar, ona görə də onlar üçün Rusiyanın dərdlərinə şərik olmaq elə də asan deyil, ən azı hələ ki!..
O ki qaldı anti-Qərb cəbhəsi formalaşdırmağa, əvvala, qeyd edək ki, elə anti-dollar kampaniyası da bunun bir hissəsidir, çünki ABŞ-ın dünyadakı liderliyi və "hökmranlığı” həm də dolların hakimiyyətidir.
Amma dünya "ağalığı”nın digər məqamları da vardır - necə deyərlər, hər şey pulla ölçülmür, hərçənd, son nəticədə hər şey gəlib yenə də pula və iqtisadiyyata dirənir.
Dünya resurslarının ən azı yarısı BRİCS ölkələrinin sərəncamındadır. Bəli, böyük coğrafi resurslar, böyük demoqrafiq göstəricilər, böyük təbii ehtiyatlar - bunların hamısı BRİCS ölkələrində var.
Üstəgəl, səhv etmirəmsə, dünya iqtisadiyyatının azı 30 faizi bu ölkələrdə cəmləşib və biz bütün bunları inkar etmirik.
Biz hələ Rusiyanın, Çinin və Hindistanın nüvə başlıqlarını demirik! BRİCS-də bunlar da az deyil - bəli, Qərb ölkələrilə müqayisə olunacaq həddə deyil, amma BRİCS nüvə başlıqları sarıdan da kasadlıq yaşamır.
Fəqət, bütün bunlara və Rusiyanın dəridən-qabıqdan çıxmasına baxmayaraq, bu təşkilat hələ anti-Qərb blokuna çevrilməyə tələsmir. Sammitdə yalnız 130-140 maddədən ibarət bir siyasi bəyanat qəbul edilib ki, bunun da yalnız bir maddəsi Ukrayna ilə bağlı olub. Elə Yaxın Şərq münaqişəsilə bağlı da yadda qalan bir məqam olmadı - o şeyləri ki, BRİCS ölkələri dedilər, onları bu və ya digər şəkildə elə dünyanın digər aparıcı ölkələri də söyləyirlər. Məsələn, bizə məlum olmadı: BRİCS Yaxın Şərq münaqişəsilə bağlı İrana hər hansı dəstək verdimi? Və yaxud Ukrayna ilə bağlı Rusiyaya hər hansı söz verdimi?
Hər halda, Kazan sammitinin gedişindən bu xüsusda əlamətdar, diqqətəlayiq bir şey çatmadı qulaqlarımıza. Həm də başqa cür ola da bilməzdi axı! Ola bilsin ki, bir neçə gündən sonra sammitlə bağlı yeni təfərrüatlar üzə çıxacaqdır, amma BRİCS, məsələn, qonşu Tehrana hansı təminatları verə verə bilərdi? Axı Ərəb Dövlətləri Liqasının özü "Hizbullah"ı terrorçu təşkilat kimi tanıyıbdır!..
Bəs yeni anti-Qərb blokunun yaranmamasının ən əsas səbəbi nədir? Yenə də əsas səbəb oldur ki, ABŞ və ümumiyyətlə, Qərb digər BRİCS ölkələri üçün Rusiyaya, hətta Çinə münasibətdə olduğu qədər problem deyillər. Biz hələ onu demirik ki, təşkilata üzv olmaq istəyənlər arasında NATO üzvü olan qardaş Türkiyə də var!
İkincisi, Qərbin on illər ərzində formalaşmış qlobal hərbi infrastrukturu var ki, bunu BRİCS ölkələri bir neçə ilin ərzində qura bilməzlər.
Üstəlik, ABŞ-ın dünya lideri olması çoxparametrli məsələdir - bu, hətta sırf hərbi, hətta iqtisadi fenomen deyil. Başqa məqamlar da var burada. Məsələn, BMT Baş katibi sammitdə qırxa yaxın dövlət iştirak edir deyə Kazana tələsdi. Amma qoy, cənab Quterreş bir suala cavab versin: BMT-nin elə özünün xərclərinin neçə faizini ABŞ ödəyir? Rusiya, hətta Çin nə qədər xərc çəkir bu təşkilata? Bəzi üzvlərin, o cümlədən də hətta Fələstin Muxtariyyatının bu qurumdakı xərclərini də kim ödəyir? Bəli, bunu Rusiya, hətta Çin və yaxud Brazilya etmir, bütün bunları ABŞ edir, necə ki, qlobal hərbi xərclərin, o cümlədən də elə NATO-nun xərclərinin böyük hissəsini Birləşmiş Ştatlar ödəyir!..
Bu, məsələnin bir tərəfi. Digər məqamlara gəldikdə, bəli, Çin iqtisadi cəhətdən çox irəli gedib, amma onun da əsas ticarət partnyorları ABŞ və Avropadır! Hətta Rusiyanın özünün illik idxalının cəmi 10-15 faizi BRİCS ölkələrilə bağlıdır...
Odur ki, dünyanı bölüşdürmək elə də asan bir məsələ deyil, çünki bunun yükü olduqca böyükdür.
Həm də bizə elə gəlir ki, təkqütblülük kimi çox qütblülük də çıxış yolu deyil, bəşəriyyətin labüd seçiminə - qloballaşmaya və onun məntiqinə, fəlsəfəsinə tamam ziddir. Axı yenidən geriyə qayıtmaq, planeti biri-birilə döyüşən "ada”lara, "gölməçə”lərə çevirməyin nə mənası var? Axı getdikcə daha çox insan dərk edir ki, hamımız bir planetin sakinləriyik, üstəlik, coğrafi məsafələr qısalır, planetar təfəkkür güclənir...
Düzdür, çox ziddiyyətli, çətin gedir bu proses, onun irəliləmələri-geriləmələri olur. Bir görün, Kantın dünya dövləti-federasiyası haqqında yazdıqlarından nə qədər vaxt keçibdir!
Amma bu illər ərzində az iş də görülməyib bu müstəvidə. Baxmayaraq, bir daha deyirik: çox çətinliklə gedir proses, insanlar bir də görürsən, qloballaşmadan üz çevirib regionalzimə, hətta proteksionizmə qayıdırlar. Fəqət, müvəqqətidir. Əsas odur, xalqlar və dövlətlər Rusiya kimi ölkələrin spekulyasiyalarına az diqqət kəsilsinlər. Səmimi şəkildə etiraf edirik ki, Rusiyanın "fəlsəfə”sini başa düşə bilmirik, buna çətinlik çəkirik. Nə deyir onları axı? Mənim çoxlu nüvə başlıqlarım var deyə bu dünyada xüsusi imtiyazlarım olmalıdır! Bundan başqa nəsə deyiblərmi bu vaxta qədər?
Həm də burada başqa ciddi məqam da var: Cənubi Afrika Respublikasını çıxmaq şərtilə, BRİCS ölkələri arasında demək olar ki, müasir anlamda başa düşülən tamam demokratik ölkə yoxdur.
Üstəlik, elə CAR-ın da nə qədər azad və demokratik olması böyük bir sualın predmetidir: cəmi otuz il bundan əvvəl aparteiddən çıxmış, indi isə ciddi demokratik vərdişləri və təcürbəsi olmayan qara dərili əhali tərəfindən idarə olunan ölkə nə dərəcədə demokratik ola bilər?
Təsadüfi deyil ki, CAR hazırda daha çox ağdərili əhalinin sürətlə azalması (onlar heç 10 faiz təşkil etmir!) və ölkədə SPİD xəstələrinin çoxluğu ilə diqqət çəkir. Amma onunla bağlı daha bir maraqlı detal var: Cənubi Afrika Respublikası nüvə silahından könüllü şəkildə imtina etmiş azsaylı ölkələrdən biridir, ona görə də inanmaq olmur ki, belə bir ölkə ciddi geosiyasi qarşıdurmalara qoşulsun. Fəqət, bu dünyanın işlərini kim bilir? Ukraynanı da, səhv etmirəmsə, 90-cı illərdə nüvə silahından imtina etməyə məcbur etdilər. İndi isə bu ölkə dünyanın əsas geosiyasi mərkəzlərinin əsas savaş nöqtəsinə çevrilib...
Digər BRİCS ölkələrinə gəldikdə, düzdür, Hindistanda da demokratik seçkilər keçirilir, siyasi partiyalar var, amma bu, daha çox elektroral, yəni seçki demokratiyası hesab olunur. Səhv etmirəmsə, bu ölkədə hələ də kasta sistemi qalıb!
Dünyanın, əgər yanılmıramsa, əsas demoqrafiq nəhənglərindən biri olan Braziliyada da oxşar mənzərə hökm sürür - karnavallar ölkəsinin emosional xüsusiyyətləri özünü demokratiya müstəvisində də göstərir, hələ azad seks azad sözdən daha önəmli hesab edilir, hərçənd, ən azı formal baxımından bu ölkə özünün demokratik institutlarının çoxluğu və hətta mükəmməlliyinə görə bütün digər BRİCS ölkələrindən çox irəlidədir, hər halda, bura ölkəsində demokratik quruluşun 2050-ci ildən tez qurula bilməyəcəyini deyən general əs-Sisinin idarə etdiyi Misir də deyil!
Rusiyaya və ya Çinə, ümumiyyətlə, toxunmuruq. Amma artıq sadalalan məqamlar da, zənnimcə, heç də az şey demir.
İndidən demək olar ki, bu, çox amorf siyasi formatdır və hələ ki, qətiyyən məlum deyildir: axı bu ölkələri daha çox onların daxili siyasi həyatından - özəlliklərindən qaynaqlanan müvəqqəti, konyuktur geosiyasi maraqlardan savayı daha nələr birləşdirir?..
Sonda daha bir detalı da qeyd edək. Bütün bu cür bölüşdürmələrin "təpiyi” son nəticədə kiçik xalqlara və nisbətən zəif dövlətlərə dəyir, çünki bölünüb-bölüşdürülən onlardır.
İlk baxışda belə təəssürat yaranır ki, guya çox geosiyasi qütb olanda onlar arasında "manevr” imkanları yaranır, amma bu "manevr”lərə o vaxt ehtiyac olur ki, kiçik millətlər və nisbətən zəif dövlətlər hələ dünya çapında yerlərini tuta və tapa bilmirlər, onların hansısa ciddi daxili siyasi problemləri olur - necə deyərlər, dad yarımçıq əlindən...
Nəhayət, BRİCS-lə bağlı kiçik bir "proqnoz”: bir çox birliklər, ittifaqlar kimin lider olacağı məsələsi ortaya çıxanda dağılır.
BRİCS-də böyük dövlətlər az deyil və hələ ki, guya bütün məsələlərdə konsensus gözlənilir. Amma bu, uzun müddət belə olmayacaq, axırda Rusiya özü bu ittifaqı dağıdacaq, ona görə ki, o, hər yerdə birinci olmağa çalışır. Səbəbi də budur ki, geosiyasi ambisiyalarının sərhədi yoxdur. Putin cənablarının sevdiyi bir kəlam var: Rusiya heç yerdə qurtarmır...
Hüseynbala Səlimov
Şərhlər