Xəbər lenti

Axar sular dırmaşmazmı?
Məqsəd Nur
Ölkə 09:44 23.10.2024

Axar sular dırmaşmazmı?

Yağış yağmağa başlayan gün, 21 oktyabr 2024-cü il, təxminən saat 14-15 radələrində Nəsiminin heykəlinə baxırdım. Barəsində... ədəbiyyat tariximizin "elmi" uydurmaları haqda düşünürdüm.

Sonra leysanın altında "Sahil" metrosunun çıxışınadək qaçmalı idim. Həmişəki kimi (eləbil bu bir taledir!), bir də baxdım ki, "Şəhər meri" romanında əsas hadisələrin baş verdiyi Bülbül prospektinə çıxmışam. Üzüaşağı - metroya doğru qoparaqlanıram. "Bülbül"ün "Torqovı" ərazisi ilə kəsişdiyi yerdə iri gölməçə yaranıb. Dayanıram. Elə bu vaxt qarşı tərəfdən yaşlı, kepkalı bir dayı şəhərdəki bütün cavanlardan min qat gümrah halda özünü qarşısındakı gölləməyə vurub keçir, sanki suya deyil, aydınlığa girir. Mən onun bu hərəkətindən uşaq kimi sevinirəm: şövqündən fərəhlənib özümü gölməçəyə vururam. Ağlıma nə gəlirsə,  gölləmənin ortasında ayaq saxlayıram, qəfil geri dönürəm, məndən uzaqlaşan dayıya çatıb qolundan yapışıram: 

- Bağışlayın, sizin oğlunuz mühəndis deyil? - gülümsəyərək ondan soruşuram. 
- Hardan bildin?! - dayı min ildi məni tanıyırmış kimi cavab verir. - Prorabdı, abadlıqda işləyir...

Qəfil zəng gəlir və mən dayıdan üzr istəyib metroya tərəf qaçmalı oluram. Sonra isə "Malakanka"ya getməliyəm, şıdırğı yağışın altında, Xaqani küçəsi ilə İraq səfirliyinin binasına tərəf yönlənəndə görürəm ki, ayağımın altından axıb-gedən sel Bakının qərb yamacına doğru axır. Çaşıram. Su necə yuxarı axa bilər? Bir daha cəhətləri müəyyənləşdirmək üçün (Bakıda gəzərkən, cəhətləri dənizə nisbətdə müəyyənləşdirməyi çox sevirəm) Xəzəri axtarıram. Axı bütün yağış suları dənzə - cənuba doğru getməlidir! Yox, dənizin səmti dəyişməyib. Bakı da elə həminki Bakıdır. Amfiteatr tipli yamacları buxtanı qucaqlayıb, təbii ki, axınlar da yuxarıya doğru axa bilməz, bircə yol var, o da cənuba açılan dəniz istiqamətidir. Bayaq gördüyüm dayının "prorab" oğlunu xatırlayıram...

Heç nə təsadüfi deyil (bu barədə fikirlərim tez-tez dəyişir). Yağışdan iki saat əvvəl, Cavid prospektində, tam təsadüfən, söhbət etiyim gənc bir zabit (fövqəladə hallar üzrə ali məktəb bitirib) məni inandırmağa çalışır ki, indi yağış sularını toplamaq, üstəlik, çoxkameralı çənlərə yığmaq mümündür. Çənlərin çıxışına su təmizləyici qurğular yerləşdirməklə əsas məqsədlər üçün ehtiyat su mənbələri əldə etmək olar. Nə üçünsə, qədim Misiri xatırlayıram... 

- Bəs yağışlar yağmasa necə olacaq? - ondan soruşuram.
Hər ikimiz gözlərimizi döyüb bir-birimizə baxırıq. Gənc zabit sözün altından çıxmaq istəyirmiş kimi, qəfil cavab verir:
- Bu artıq COP29-un temasıdır. 

Atmosferə atılan karbon emissiyası, litium yataqlarının istismarında yaranan problemlər, bir sözlə qlobal istiləşmə və yaşıl dünyanın gələcəyi barədə hər şeydən danışırıq. Ümidimiz sabahadır... 

Bu söhbətdən cəmi bir neçə saat sonra isə saytlarda Suraxanı tunelindəki subasmanın videolarını görürəm. İlk dəfədir, Bakıda, subasma nətisəcində, avtomobildə həyatını itirən insanlar barədə xəbər oxuyuram. Səbəblər müxtəlif ola bilər, heç nəyi şişirtməyin tərəfdarı deyiləm, şəhər böyüyür, problemlər artır, amma nə üçünsə, bu xəbər məni elə sarsıdır ki, 1990-cı ilin 20 yanvar səhəri, gecəki sazanağın Yasamal yamacındakı axıntıları dondurmuş yerlərindən yayın-yayına mərkəzə doğru qaçmağımı xatırlayıram. O vaxt mənə elə gəlmişdi ki, şəhər ölüb, onu yerdən götürən yoxdur...

Əlbəttə, yağış suları həm tunellərə, həm də "rezervuar"lara yığıla bilər, insan isə təbiətin bir parçasıdır, fəlakətlərlə üz-üzə qalar, öyrəncəlidir. Amma bir şəhərin sularını aşağıdan yuxarı axıtmaq ayrı işarədir... 

Məqsəd Nur

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->