Ötən ilin avqustun 2-də "Qarabağ” Polşa çempionu "Rakov”u qəbul edirdi. İlk oyunda qələbəni əlimizdən qaçırmışdıq. Polşalıları Bakıda yolumuzdan kənarlaşdıra bilsəydik, Çempionlar Liqasının qrup mərhələsinə bir addım da yaxınlaşacaqdıq. Amma olmadı. Polşalılar 90 dəqiqə ərzində meydanda ayaqlarını sürüdülər, özlərini dəfələrlə yerə vurdular. Bir sözlə nə özləri futbol oynadılar, nə də "Qarabağ”ın oynamasına imkan verdilər. Nəticədə özlərinə sərf edən 1:1 hesablı heç-heçəylə cütün qalibi oldular.
Bakı Olimpiya Stadionunun mətbuat konfransı keçirilən zalı tanıdığım və tanımadığım həmkarlarımla dolmuşdu. Bir çoxu da əlinə balta alıb, kəsib-doğramağa hazır görünən qəssabı xatırladırdı. Uzağa gedənlər, məntiqi və Azərbaycan futbolunun gerçək səviyyəsini unudanlar da oldu. Həmin günün səhəri "Qaynarinfo” oxucuları ilə fikirlərimi bölüşdüyüm yazıma Qurban Qurbanova xitabən "Sən öyrətdin, sən bizə...” başlığını seçmişdim. Həmin yazının sonuncu abzasını dünən gecənin gec saatlarında xatırladım. Səhər yuxudan oyananda yazımı bir daha oxudum: "Azərbaycanlı futbol azarkeşlərini, mütəxəssisləri, mətbuat nümayəndələrini bir qədər realist olmağa, baş verənlərə obyektiv yanaşmağa çağırıram. Bacaranlar bacaracaq, bacarmayanların isə canı sağ olsun. Həyat da, mübarizə də davam edir. Qurbanov isə üzülməsin. Vəziyyət bir məşhur mahnıda deyildiyi kimidir. Hədəfləri böyütməyi, Çempionlar Liqasının qrupunu xəyal etməyi bizə siz öyrətmisiz”.
Nə oldu? Zaman yenə də məni haqlı çıxardı. Qurban Qurbanova bəslədiyim inamda yanılmamışdım. Çünki onun potensialını bilirdim. Əmin idim ki, Azərbaycanın ən güclü futbol mütəxəssisinin və onun qurduğu komandanın gücü bura qədər deyil. Bizi yüksək hədəflərə öyrədən, Azərbaycan futbolunun yerlərdə sürünən imicini göyün yeddinci qatına qaldıran adam yoluna davam edəcək. Həyatda müvəqqəti büdrəmələr olur. Atalarımız demişkən: "İgid odur atdan düşə, atlana. İgid odur hər əzaba qatlana”. Qurbanov da əzablara qatlanan, atdan düşəndən sonra atlanmağı bacaran adamdır. Ona görə də "köhlən atlar” istər Azərbaycan daxilində, istərsə də avrokuboklarda zirvələri fəth edir, tarix ardınca tarix yazır. Bizə qalansa sevinmək, qürrələnmək, dəstək olmaqdır.
"Braqa” ilə oyun barədə uzun-uzadı danışmaq, ayrı-ayrı epizodları təhlil etmək mümkündür. Amma cəmi iki məqamın üzərində dayanacağam. Təxminən yarım saatın tamamında rəqibin mərkəz müdafiəçisi cərimə meydançasının həndəvərində topla vargəl edir, ötürmə vermək üçün komanda yoldaşını axtarır. Görür ki, onun komanda yoldaşlarından heç kim "açıla” bilmir. Öz üzərində də pressinq hiss edincə topu geriyə, qapıçı Маteus Maqalyansa ötürür. Sonra da komanda yoldaşlarına üzünü çevirərək qəzəblə əlini yelləyir. Hələ oyunun sonuna bir saata yaxın qalırdı. Lakin ssenari artıq bəlli idi. "Qarabağ” rəqibin əl-qolunu onun meydanında bağlamışdı, hesabda öndə olması da təsadüfi deyildi. Bunu 8 il PSJ-nin gənclər komandasında forma geymiş malili mərkəz müdafiəçisi Siku Niakate də gözəl başa düşürdü.
İkinci məqam isə hakimliklə bağlıdır. Morten Kroqun rəhbərlik etdiyi hakimlər briqadası "Qarabağ”ın haqqını yeməmək üçün öz işlərinə çox diqqətlə yanaşdılar. Əvvəllər belə deyildi, referi asanlıqla "Qarabağ”ın haqqını yeyir, azca şübhə doğuran epizodlarda belə komandamızın əleyhinə qərar verirdi. Deməli, "Qarabağ” pillə-pillə, inamla irəlilədikcə hakimlərin də gözünün odunu almağı, onları özüylə hesablaşdırmağı bacarıb. Artıq ədalət təmsilçiləri "Qarabağ”ın haqqını verməli olduqlarını, Azərbaycan çempionuna qarşı diqqətli davranmağın vacibliyini qəbullanıblar. Bunun özü də xeyli sevindiricidir.
Düzdür, qarşıda hələ "Braqa” ilə cavab oyunu var. Amma "Qarabağ” artıq rəqibin gözünün odunu alıb, Portuqaliya təmsilçisinin Bakıda bunun əvəzini çıxması çətin görünür. Ortada böyük bir əsər, böyük bir möcüzə var. Onun adı "Qarabağ”dır, memarı da Qurban Qurbanov. Bizə qalan onun uğurlarına sevinmək, qələbələrdən zövq almaqdır.
Amal Abuşov
Şərhlər