Xəbər lenti

Kamal Quliyev hardadır?
Amal Abuşov
İdman 15:13 12.08.2024

Kamal Quliyev hardadır?

"Neftçi”nin hər mövsümün sonunda böyük dəyişikliklərə uğramasına adət etmişik. Əvvəlcə mövsümün bütün uğursuzluqlarını məşqçinin boynuna "yükləyib”, onu yola salırlar. Ondan sonra da yavaş-yavaş futbolçular getməyə başlayır. Bütün bunların fonunda da sakitcə idman direktoru, Müşahidə Şurasının üzvləri və digər bu kimi postların sahiblərinin sırasında dəyişiklik baş verir.

Bu dəfəki dəyişikliklər təkcə ayrı-ayrı vəzifə sahibləri, məşqçilər və futbolçularla yekunlaşmadı. Ölkənin ən qocaman futbol klubunun loqosu böyük təntənə ilə dəyişdirildi. Tikintisi illərlə davam edən bazanın da qeyri-rəsmi açılışı oldu, klub rəsmilərinin, məşqçilərin və futbolçuların yeni bazaya qədəm basmalarını əks etdirən video və foto görüntülər geniş kütləyə ciddi hadisələr kimi təqdim olundu. Bəli, Bakının hər küncündə il ərzində hündür mərtəbəli binaların tikilməsinə elə adət etmişik. Belədə büdcəsi milyonlarla ölçülən bir futbol klubunun illər sonra bazasının inzibati binasının tikintisini sona çatdırmağı bacarması bizə ciddi hadisə kimi görünmür. Amma olsun, təki bu bazanın futbola və futbolçularımıza xeyri dəysin. Dəyişilənlər sırasında "Neftçi”nin forması da var ki, yazının sonunda bu məsələyə də toxunacağam.

Təəssüflər olsun ki, nəticə və oyun baxımından heç bir müsbət dəyişiklik yoxdur. "Neftçi” yeni mövsümün ilk iki oyununda qələbəyə həsrət qaldı. Səbrsizliklə gözlənilən 1-ci turda "Neftçi” doğma meydanda "Turan Tovuz”u qəbul etdi. Kurban Berdiyevin qısa müddətdə formalaşdırdığı heyət meydan sahiblərinə göz açdırmadı. Hətta, qol vəziyyətlərinə görə qonaqlar daha üstün göründülər, qərblilər bir neçə dəfə hesabı açmağa yaxın oldular. Düşündük ki, birinci oyundur, hələ futbolçular ayaqlrını yerə bərk basmağı öyrənirlər, onların arasında anlaşma istənilən səviyyədə deyil. "Səbail”lə oyun isə "Neftçi” azarkeşlərinin narahatlığının əbəs olmadığını göstərdi. Qriqorçukun komandasının gücü "Səbail”i cəmi bir hissə məğlub etməyə yetdi. Qolu da müdafiəçi Yuri Matias standart vəziyyətdən vurdu. Yəni, nə bəh-bəhlə "Neftçi”yə gətirilən Ramil Şeydayevdən, nə də gəlişi üçün "Çernomorets”ə təzminat ödənilən  Andrey Ştoqrindən qol gözləyənlərin ümidləri doğrulmayıb.

Belə yerdə azarkeşlər də haqlı olaraq futbolçuları yanlarına çağırıb, onlara narazılıqlarını bildiriblər. Bu futbolçular hələ "Qarabağ”ı demirəm, heç "Zirə”, "Sabah” kimi rəqiblərlə qarşılaşmayıb, ortabablar önündə əziyyət çəkirlər. Nə vaxt qol vuracaqlar, nə vaxt qələbə qazanacaqlar? Azarkeş də bunu onlardan soruşur. Ötən mövsümdən bəri "Neftçi”də gününü keçirən Ervin Koffi fanatlara qarşı səbr nümayiş etdirmək əvəzinə onlara əl-qol hərəkəti edir, tribunalara butulka atacaq qədər cəsarət göstərir. Əcnəbi futbolçunun son hərəkəti "Neftçi”nin daxilindəki ab-havadan, klubun necə idarə olunmasından xəbər verir. Belə yerdə nə nəticə olar, nə də böyük uğurlar. 

Sonda qayıdıram forma məsələsinə. "Neftçi” "Səbail”lə oyuna sarı-qara forma ilə çıxmışdı. Bu formanı təqdim edərkən klubun "feysbuk” hesabında belə yazırdılar: "1998/99 mövsümündə finalda "Şəmkir” üzərində qələbə qazanan "Neftçi” qara üfüqi zolaqlı sarı formada Azərbaycan kubokunu başı üzərinə qaldırmışdı”. Formaya, rənglərə sevginiz səmimidirsə, o formanı geyinənləri, "Neftçi” üçün kubok qazananları da sevməlisiz. Onlar "Neftçi”nin tarixinin bir parçalarıdır. Azarkeşlər "sarı-qara” formanı geyinən Tərlan Əhmədovun, Bəxtiyar Musayevin, İqor Getmanın, Kamal Quliyevin oyunu ilə sevinib, "Neftçi”yə könül veriblər. Bir maraqlanın, görün veteranlarınız indi hardadır?! Bəlkə onlar "Neftçi”yə sizin xaricdən gətirdiklərinizdən daha çox xeyir verə bilərlər. Bu barədə heç düşünmüsüz?

Amal Abuşov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->