Xəbər lenti

Alınmayacaq, cənab Santuş
Amal Abuşov
İdman 10:23 10.09.2024

Alınmayacaq, cənab Santuş

Millimizin baş məşqçisi Fernando Santuşun İsveçlə oyundan öncə keçirdiyi mətbuat konfransına tələsəndə beynimdə ona verəcəyim iki sualı götür-qoy gedirdim. Emin Mahmudovun da onunla birlikdə mətbuat konfransında iştirak etməsi mənim üçün lap göydəndüşmə oldu. Çünki Emindən də soruşacağım var idi...

Amma işlər bir qədər tərs gətirdi. Belə ki, Santuşdan əvvəl jurnalistlərin önünə İsveçin baş məşqçisi Yon Dal Tomasson çıxdı. Ona və onunla birlikdə mikrofonlar önünə keçən isveçli futbolçuya öz həmyerliləri o qədər sual verdilər ki, mətbuat konfransı nəzərdə tutulandan uzun çəkdi. Nəticədə bizim millinin kapitanı ilə Fernando Santuş mətbuat nümayəndələrinin önünə planlaşdırılan vaxtda çıxmadılar. İlk sualın səslənməsindən öncə elan olundu ki, həm Mahmudov, həm də Santuş məşqə tələsdiklərinə görə sual-cavab mümkün qədər qısa sürməlidir. Belədə mən Santuşa verəcəyim suallardan birini təxirə saldım, amma ona və Eminə bir sual ünvanlamağa macal tapdım.

Mətbuat konfransının gedişatını oxuyanlar bu söhbətdən xəbərdardılar. Eminə "Neftçi”də işlərinin qaydasında getmədiyini xatırladıb, bu əhval-ruhiyyənin millidəki oyununa təsir edib-etməyəcəyini soruşmuşdum. Kapitan əminliklə bildirmişdi ki, klubdakı problemləri milliyə qarışdırmır, bunu hiss etdirməyəcək. Amma zaman sübut etdi ki, Emin bunu istəsə də, bacarmadı. Onun qətiyyəti çatmadı ki, qazandığımız penalti zamanı topu əlində saxlasın, onu Ramil Şeydayevə güzəştə getməsin. Halbuki, zərbəni Mahmudov özü yerinə yetirsəydi və hesabı açsaydı, hər şey başqa cür ola bilərdi. Bu psixoloji gərginliyin davamını oyunun gedişində də gördük. Heç də təsadüfi deyil ki, Santuşun əvəzlədiyi ilk futbolçu məhz Emin oldu. Slovakiya ilə səfərdəki oyunda isə ona ümumiyyətlə, şans verilmədi.

Gələk Santuşdan soruşduğuma və soruşmaq istədiyimə. Millimizin baş məşqçisindən onun rəhbərliyi altında çıxış edən komandanın liderinin kim olacağını soruşdum. Bəlli məsələdir ki, hər bir komandanın lider futbolçuya ehtiyacı var. Üstəlik, Emin Mahmudovun son günlər lider keyfiyyətlərini itirməsi də nəzərə alınmalı idi. Santuş "bütün komanda” deyərək, kimisə fərqləndirmək istəmədiyini bildirdi. Amma zaman sübut etdi ki, mən haqlı imişəm, Santuş yanılıb. Elə bu yerdə də penalti epizodunu xatırlatmaq kifayətdir. Azərbaycan millisi hər iki qarşılaşmada lider yoxluğundan əziyyət çəkdi. Vəziyyət o qədər acınacaqlıdır ki, İsveçlə oyunun start heyətində yer almayan Elvin Camalov Slovakiya ilə oyuna kapitan sarğısı ilə çıxdı. Əsas heyət üzvü sayılmayan bir futbolçu necə liderlik edə, komanda yoldaşlarını arxasınca apara, yeri gələndə hakimə irad bildirə bilər? Bizim millimizdə bu missiyanı uzun müddət Rəşad Sadıqov öz çiyinlərində daşıyıb. Görünən odur ki, Rəşadın futbolçu karyerasını bitirməsindən sonra millimiz lidersiz qalıb.

Həm Emindən, həm də Santuşdan soruşduğum sualları onlardan fərqli zaman daha gercək şəkildə cavabladı. Çalışdırıcıya verə bilmədiyim sual da elə cavabını tapmış kimidir. Soruşacaqdım ki, "cənab Santuş, artıq Azərbaycan Premyer Liqasının beş turu geridə qalıb, siz də çempionatı izləmisiz. Bu çempionatdan Avropada rəqabət aparmağı hədəfləyən milli üçün futbolçu seçmək çətin olmayacaq ki?” Sualım artıq öz cavabını alıb. İsveçlə Slovakiyaya uduzan millimizin qrup sonuncusu olmamaq üçün Estoniya ilə mübarizə aparacağı artıq heç kimdə şübhə doğurmur.

Santuş da Canni De Byazinin yolu ilə gedərək azərbaycanlı futbolçuların mentalitetini dəyişməyin vacib olduğunu deyir. Guya ki, bu mentaliteti dəyişə bilsək, millimiz qrupdan çıxmaq üçün mübarizə aparacaq. Dəyişə bilməsək, elə bu cür də davam edəcəyik. Mən də indidən deyirəm ki, alınmayacaq. Vallah-billah, alınmayacaq!

Amal Abuşov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->