Xəbər lenti

Şoyqunun komandasının yeddinci generalı korrupsiyaya görə saxlanıldı
Dünya 16:48 18.09.2024

Şoyqunun komandasının yeddinci generalı korrupsiyaya görə saxlanıldı

Müstəntiqlər Mərkəzi Hərbi Dairəsinin zirehli texnika xidmətinin rəisi, general-mayor Denis Putilovu xüsusilə külli miqdarda rüşvət almaqda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi) ittiham edərək saxlayıblar. 

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

İstintaqın məlumatına görə, 2023-cü ildə Rusiya Müdafiə Nazirliyi dövlət müdafiə sifarişinin icrası çərçivəsində fərdi sahibkar Çudinov ilə hərbi maşınların təmiri və texniki xidmətinə dair bir sıra dövlət müqavilələri bağlayıb. Dəyəri 140 milyon rubldan çox olan müqavilələrin icrasına Putilov nəzarət edib.

"Nəzarəti zəiflətmək, dövlət müdafiə sifarişlərinin icrasında digər imtiyaz və üstünlüklər əldə etmək, habelə gələcəkdə yeni müqavilələr bağlamaq üçün Putilov İ.P.Çudinovun nümayəndəsindən 10 milyon rubl məbləğində rüşvət alıb”, - İstintaq Komitəsi qeyd edib.
Komitədən əlavə ediblər ki, general-mayor barəsində qəti imkan tədbiri hələ seçilməyib. İşə Baş Hərbi İstintaq İdarəsi rəhbərlik edir.

Rusiya prezidenti Vladimir Putin Putilova bu ilin mayında general-mayor rütbəsi verib. Müdafiə Nazirliyinin rəsmi saytlarında onun tərcümeyi-halı ilə bağlı təfərrüat yoxdur.
Xatırladaq ki, 2024-cü ilin yazından nazirliyin keçmiş rəhbəri Sergey Şoyqunun komandasından olan bir sıra generallar və Müdafiə Nazirliyinin rəsmiləri rüşvətxorluq işi ilə bağlı saxlanılıb. Onlardan ən yüksək vəzifəlisi hərbi idarə üçün müqavilələr bağlayarkən xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunan müdafiə nazirinin müavini Timur İvanov olub.

Həmçinin Şoyqunun daha iki keçmiş müavini - Dmitri Bulqakov və Pavel Popov, həmçinin Müdafiə Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi, general-leytenant Yuri Kuznetsov korrupsiya işi ilə üzləşib. Onlardan əlavə, Baş Qərargah rəisinin müavini general-leytenant Vadim Şamarin və Leninqrad Hərbi Dairəsinin maddi-texniki təminat üzrə müavini, general-mayor Valeri Mumindjanov xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunaraq həbs ediliblər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->