Moldova ordusunun Baş Qərargahının keçmiş rəisi İqor Qorqana qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb.
Qaynarinfo "The İnsider”ə
istinadən xəbər verir ki, bu barədə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə və Xüsusi İşlər üzrə Prokurorluğun mətbuat katibi Emil Qaytur məlumat verib.
"Daha əvvəl prokurorluq tərəfindən elan edilən işdə adı keçən şəxsə təqsirləndirilən şəxs statusu verilib. Cinayət araşdırması davam edir və qanuna uyğun olaraq, məhkəmənin yekun qərarına qədər şəxs təqsirsizlik prezumpsiyasından istifadə edir", deyə Qaytur bildirib.
Xatırladaq ki, bundan əvvəl "The İnsider” Qorqanın GRU (Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi) kuratoru, polkovnik Aleksey Makarov ilə "Telegram" yazışmalarına giriş əldə edib. Məlum olub ki, Qorqan mütəmadi olaraq respublikadakı daxili siyasi vəziyyət barədə məlumat verir və Ukrayna Müdafiə Nazirliyinin silahlı qüvvələri üçün hərbi texnika və sursat alan nümayəndələrinin səfərləri barədə məlumatları ötürür.
"Moldovalı agent” 2021-ci ilin sonuna qədər, yeni prezident Maya Sandu onu vəzifədən azad edənə qədər Baş Qərargahda çalışıb. Və 2023-cü ilin iyulunda rusiyalı casus diplomatların Moldovadan kütləvi şəkildə qovulması ərəfəsində o, BMT-də işə düzəlib. Moldova Müdafiə Nazirliyindəki köhnə əlaqələrindən istifadə edən Qorqan mühüm GRU agenti olaraq qalıb.
Nizami Bağırov
Şərhlər