Sənədsiz evlərin tikintisi ilə bağlı qaydaların sərtəşdirilməsindən sonra Bakıətrafı qəsəbələrdə həyət evlərinin inşası nəzərəçarpacaq dərəcədə azalıb. Hətta torpaq sahiblərinin çoxu kommunal xətlərin çəkilməsinin çətinliyini nəzərə alaraq, gözləmə mövqeyində dayanıb. Amma istisnalar da var. Məsələn, Bakının Sabunçu rayonunda, xüsusilə Ramana qəsəbəsində həyət evlərinin inşası əvvəlki qaydada davam edir. Satış saytlarına nəzər salsaq, bu ərazilərdə olan torpaqlarla bağlı elanların sayında xeyli artım müşahidə olunur.
Buna səbəb nədir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, paytaxın bəzi ərazilərində yerli icra hakimiyyəti orqanlarının təşkil etdiyi qanunsuz tikintilər mövcuddur:
"Tikinti ilə bağlı qanunvericiliyin tələbləri bütün rayonlar üçün eynidir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu işlə məşğuldur və komitə nəzdində bununla bağlı portal istifadəyə verilib. Məlumatlandırma icraatı ilə bağlı vətəndaş müraciətini bu portal üzərindən edir və cavabını alır. Bu zaman torpağın Səbail və yaxud Sabunçuda yerləşməsinə görə hər hansı rüsum fərqi yoxdur. Sənədsiz tikililərə gəlincə, şəhərin ərazisindən asılı olaraq, yerli icra hakimiyyəti orqanlarının qanunsuz şəkildə tələb etdikləri müəyyən məbləğ var. Bu məbləğ yerləşməsindən, evin ölçülərindən, mərtəbə sayından asılı olaraq dəyişir. Məsələn, Binəqədi rayonunun ərazisində yerləşən Biləcəri və kənd Binəqədinin tikinti qiymətləri arasında müəyyən fərqlər var. Bu işin hüquqi tərəfidir”.
Ekspert qanuni tikintilərlə bağlı ərazidən asılı olmayaraq, icazə rüsumunun eyni olduğunu diqqətə çatdırıb:
"Tez başa gəlmə məsələsinə gəlincə, bu artıq texniki məsələdir. Məsələn, biz Yeni Ramana ərazisində tikinti aparmaq üçün yerli icra hakimiyyəti orqanları ilə daha tez dil tapa bilirik, nəinki Mərdəkanda. Bu isə ərazinin inzibati mərkəz olub – olmamasından asılıdır. Amma sənədli torpaq sahələrinin üzərində, məlumatlandırma icraatı qaydasında tikinti aparılması ilə bağlı Azərbaycan Respublikasının Tikinti və Şəhərsalma məcəlləsi var. Həmin məcəllənin tələbələrinə müvafiq qaydada tikinti aparmalıdır. Bu isə şəhərin bütün rayon və ərazilərində eyni qiymətlədir”.
Şərhlər