Xəbər lenti

Lukaşenko həyacan təbili çalır: Belarus lideri nədən narahatdır?
Dünya 18:12 29.08.2024

Lukaşenko həyacan təbili çalır: Belarus lideri nədən narahatdır?

"Lukaşenko bu açıqlaması ilə ölkə ictimaiyyətini müharibə ərəfəsi ovqata kökləyir. Bu yolla da Belarus əhalisini öz ətrafında birləşdirməyi, səfərbər etməyi düşünür".
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Belarus prezidenti Aleksandr Lukaşenkonun ölkənin taleyilə bağlı səsləndirdiyi həyəcanlı açıqlamalarını şərh edərkən deyib.

Üzeyir Şəfiyev bildirib ki, Belarus Rusiyanın daha çox təsiri altında olan dövlətdir. Buna görə də Qərbdə Belarusa da Rusiya kimi "şər oxu" qismində baxırlar:

"Ötən seçkilərdə Lukaşenko ancaq Rusiyanın dəstəyilə çətinliklə də olsa, hakimiyyətini qoruyub saxladı. Artıq Rusiya ətrafında çevrə daralır. Bu baxımdan Belarus üçün də ciddi ekstensional təhlükə var. Kiyevin Kurska hücumu fonunda Ukrayna-Belarus münasibətlərində də daha sərt ritorika hökm sürür. Hətta Belarusun sərhəd zonasında hərbi müstəvidə hərəkətlənmələri fonunda Volodimir Zelenski Minski də təhdid edir". 
 


Bu baxımdan həmsöhbətimizə görə, Belarus Ukrayna qarşıdurmasının yaranması da mümkündür:

"Qərb Belarusu da Rusiya kimi hədəf seçə bilər. Bu an məsələsidir. Lukaşenko da bunun fərqindədir. Belədə Belarus daxilində də həssas vəziyyət yaranır. Qərb yenidən Lukaşenko əleyhinə olan qüvvələri ayağa qaldıra bilər". 
 
Ekspertə görə, Belarus daxilində vətəndaş qarşıdurmasının baş vermə ehtimalı da istisna deyil:

"Eyni zamanda, Belarusa preventiv hücumların olması da mümkündür. Putinin də Belarusun aktiv müharibə tərəfdarı kimi iştirakında maraqlıdır. Lakin belə vəziyyət Belarusun dövlət kimi varlığına təhlükə yarada bilər. Yaxın perspektivdə Rusiyanın Ukraynanın içərilərinə doğru daha sərt hücumları gözlənilir. Belə durumda Belarus tərəfdən müəyyən hərəkətlərin olması da istisna edilmir. Ona görə də Lukaşenko həmin açıqlaması ilə ölkə ictimaiyyətini müharibə ərəfəsi ovqata yükləyir. Bu yolla da Belarus əhalisini öz ətrafında birləşdirməyi, səfərbər etməyi, onları müharibə ovqatına kökləməyi düşünür. Çünki Belarus Prezidenti yaxın perspektivdə müharibənin daha da dərinləşməsi və Minskin də orada iştirakının qaçılmaz olacağının fərqindədir. Nəticədə yaxın və orta perspektivdə Ukrayna Ruriya müharibəsinin coğrafiyasının genişlənməsini görə bilərik. Lakin Belarus vətəndaşı onlara aid olmayan müharibənin çətin ki, iştirakçısı olmaqda maraqlı olsun". 

Qeyd edək ki, son vaxtlar Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin taleyi ilə bağlı həyəcanlı açıqlamalar verir və çağırışlar edir. O, avqustun 27-də növbəti dəfə belə bəyanat verərək qeyd edib ki, Belarus ətrafında vəziyyət heç vaxt belə mürəkkəb olmayıb: "İndi əsas məsələ belə bir şəraitdə ölkənin müstəqilliyini qorumaqdan ibarətdir”. 

Lukaşenko əlavə olaraq bildirib ki, ölkənin hər bir vətəndaşı bu barədə fikirləşməlidir: "Mən sizin hamınızdan daha məlumatlıyam. Buna görə də hər bir istiqamət üzrə doğru yolu göstərə bilərəm. Hamımız eyni qayığın sərnişinləriyik və gedəcəyimiz başqa yer yoxdur. Ətrafda daha öncə qarşılaşmadığımız çox  mürəkkəb vəziyyət hökm sürür. Bu şəraitdə ölkəni ayaqda saxlamaq lazımdır. Hər kəs müstəqilliyimizi qorumaq haqqında düşünməlidir”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->