Nüvə silahının ilk müəllifləri, xüsusən də artıq çoxdan dünyasını dəyişmiş Rusiyanın birinci və demək olar ki, sonuncu yorulmaz demokratı Andrey Saxarov daim yazırdı və deyirdi ki, bu silah ən azı qlobal dünya müharibələrinin qarşısını alır və o, yalnız bircə dəfə Xirosima və Naqasakidə tətbiq olundu ki, bəşəriyyət bunun nə dərəcədə böyük bir dəhşət olduğunu anlasın və əlbəttə ki, həm də ona malik dövlətlərlə hesablaşsın.
Sonuncu məqam elə də əhəmiyyətsiz deyil, çünki nüvə silahı yaranandan təkcə böyük çəkindirici amil kimi çıxış etməyib, həm də böyük iddiaların meydana çıxmasına və bu silahı əldə etmiş dövlətlər arasında böyük çəkişmələrə və hətta yarışa səbəb olub.
Bəli, nüvə silahı iyirminci əsrin ikinci yarısından dünya liderliyi üçün sehrli çubuq, az qala "Ələddinin sehrli və itaətkar çırağı” kimi qalmaqda davam edir. Əks halda iqtisadi gücü ABŞ-ın bir ştatının - Kaliforniyanın potensialı qədər belə olmayan Rusiya bu qədər baş ağrıtmazdı, iqtisadi potensialları Rusiyadan 25-30 dəfə çox olan Avropa dövlətləri Ukrayna məsələsində bu qədər Moskvanın nazı ilə oynamazdılar.
Elə Ukrayna müharibəsindən, Rusiya-Qərb qarşıdurmasından bəhs edən bu kiçik qeydləri də təsadüfən nüvə silahından başlamadıq. Üçüncü ildir davam edən bu müharibə bizi yalnız ədalətsizliyi və qardaş Ukrayna xalqı üçün böyük faciələri və fəsadları ilə üzmür, həm də dünyanın nüvə müharibəsinə nə qədər yaxın olduğunu göstərir hamıya!
Bəlkə də bu üç il ərzində Qərb dövlətləri Rusiyaya üç yüz dəfə hücum edərdi və bu qəddar müharibəyə, sözün əsl mənasında hərbi özbaşınalığa son qoyradı. Amma onlar bunu edə bilmirlər, çünki Rusiyanın çox böyük nüvə potensialı və "əgər Rusiya olmaycaqsa, dünya kimə və nəyə lazımdır?” deyən siyasi lideri var.
Ona görə də məsələ dalana dirənib və Qərb, daha dəqiq desək, NATO bir neçə il bundan əvvəl əski Yuqoslaviyada olduğu kimi bircə cəhdlə "növbəti Qordi düyünü”nü kəsə bilmir, yalnız müharibəyə milyardlarla dollar vəsait xərcləyir və Ukrayna xalqının yanında olduğu haqqında çox təsirli bəyanatlar verir.
Bu yaxınlarda belə bir təsəvvür yarandı ki, sanki Qərbin səbri daha tükənib. Həm də son günlərdə Rusiya Ukrayna cəbhəsində daha ciddi şəkildə irəliləməyə başlayıb. Odur ki, Avropadan belə bir soraq gəldi ki, əgər ruslar Kiyevi götürsələr, biz də mühribəyə girəcəyik. Bu bəyanatların nə qədər doğru olduğnu demək çətindir, amma rusların Kiyevi götürəcəyi təqdirdə də Qərbin xüsusi senarisi olmalıdır. Fəqət varmı belə bir senari? Ən azı onu demək olar ki, Pentaqonun və NATO-nun analitikləri və strateqləri boş yerə maaş alımır, güman ki, onlar bizə məlum olmayan hansısa plan işləyib hazırlayıblar.
Əlbəttə ki, bu plan bizə bəlli deyil. Yenə də nüvə silahı amili onu deməyə əsas verir ki, böyük güclər – Rusiya və Qərb biri-birilə birbaşa savaşa başlamayacaqlar. Onda bəs əvəzində nə olacaq?
Birinci senari budur ki, dünya yenidən soyuq müharibəyə qərq olacaq - əlbəttə, daha ciddi və hərtərəfli, indikindən daha sistemli. İkinci ehtimal budur ki, hətta Rusiya Kiyevi götürsə belə, proses Əfqanıstandakı kimi davam edəcək və ukraynalılar müqaviməti dayandırmayacaq. Nəhayət, daha bir senari odur ki, Qərbin daha bir ünvandan Rusiyaya qarşı savaş açacağı zənn edilir və hətta bu ünvanın Cənui Qafqaz olacağı deyilir.
Amma biz bunu ciddiyə almırıq, çünki Gürcüstan və xüsusən də Ermənistan heç də Ukrayna deyillər, "onların ağılını başına qoymaq” Moskva üçün bir neçə saatlıq işdir - bir neçə il bundan əvvəl olmuş Rusiya-Gürcüstan müharibəsi bunu əyani şəkildə göstərdi. Odur ki, ilk iki senari daha inandırıcı görünür - bəli, çox böyük ehtimalla müharibə davam edəcək, hətta partizan müharibəsi şəklində olsa belə, əlbəttə, bircə halda ki, prezident seçkiləri ABŞ-dakı indiki siyasi konfiqurasiyanı dəyişməyəcək...
Hüseynbala Səlimov
Şərhlər