Xəbər lenti

Əmək bazarı, yoxsa sadəcə, BAZAR?..
Hüseynbala Səlimov
Dünya 10:23 30.09.2024

Əmək bazarı, yoxsa sadəcə, BAZAR?..

Bir gənc tanışım düz dörd ildir ki, ali məktəbi bitirib. Özü də fərqlənmə diplomuyla! Üstəlik, özəl-filan deyil, dövlət sifarişi ilə təhsil alıb. Amma bu günə qədər işsizdir. Hələ ki problemini ictimailəşdirmək istəmir. Fəqət onun kimi gənclər bu ölkədə bir deyil, beş deyil. 

Elə bu səbəbdən də mən, yəni jurnalist bəndəniz, məhz yuxarıda səslənən detalların ən sonuncusundan, dövlət sifarişilə təhsildən, yəni pulsuz təhsil məsələsindən başlamaq istərdim. 

Sual olunur: əgər dövlət xərc cəkərək bu gənclərə təhsil verirsə və güman ki, bu proses müəyyən plan üzrə gedirsə, onda niyə bu gənclər sonradan iş tapa bilmirlər? İşə qəbul zamanı ilk növbədə bu gənclərə üstünlük verilməsi daha düzgün və ya məntiqli olmazdımı? Axı dövlət bu gənclərin yetişməsi üçün bilavasitə maliyyə sərf edib!..

Tanıdığım başqa bir gənc də deyir ki, bəs düz iyirmi səkkiz dəfə işə düzəlmə ilə bağlı ən müxtəlif şirkətlərdə və müəssisələrdə müsahibələrdə iştirak etmişəm, amma hər dəfə "işəgötürən”lərin meyarlarına-kriteriyalarına "uyğun gəlməmişəm”! Bəs nə soruşurlar bu müsahibələrdə? Məsələn, soruşurlar ki, xobbin nədir?!. 

Burada yenə də sözü mən alıram, bu sətirlərin müəllifi. Lap tutaq ki, bizim gənclərin xobbisi balina ovudur! Bu, nəyisə dəyişirmi? Bu, onun yaxşı və yaxud pis mütəxəssis olmasına dəlalət edirmi? Öz tərəfimdən deyirəm ki, şəxsən mən bu sualın cavabını qəti bilmirəm.

Odur ki, qayıdıram təhsil və işlə bağlı bu vaxta qədər eşitdiklərimə və oxuduqlarıma. 

Ən birincisi, ərz edim, indi əsas arqument budur ki, bəs hazırda kapitalizmdir və bu səbəbdən də təəccüblənmək lazım deyil ki, diplomlu gənclərin, özü də çox yaxşı təhsil göstəriciləri olan gənclərin bir hissəsi işsizdir.

Razılaşaqmı? Sizi bilmirəm, mən qətiyyən bununla razılaşa bilmirəm. Əvvəla, kapitalizm daim yaxşıları, özü də daha yaxşıları axtarmağı diqtə edir ki, firma, ümumiyyətlə, hansısa iqtisadi subyekt böhran yaşamasın, daha çox gəlir əldə etsin. 

Daha sonra, burada özümün otuz–qırx il bundan əvvəlki müşahidəmi misal gətirəcəm. Ötən əsrin doxsanıncı illəri idi, Azərbaycanda sosial-iqtisadi böhran hökm sürürdü. Bəri başdan deyim ki, belə böhran, yəni iqtisadi-siyasi formasiyanın dəyişməsi hər xalqın tarixində uzağı bir dəfə ola bilər, ona görə də fikriniz mütəmadi olaraq yaşanan böhranlara getməsin. Qərəz, bir mühəndis dostum qardaş Türkiyəyə xırda-xuruş, dəmir-dümür alverinə getmişdi. Orada türkiyəli qardaşlarımız biləndə ki, o, ali təhsilli mühəndisdir, az qala, gözləri kəllələrinə çıxmışdı! Hamısı təəccüblə soruşmuşdu ki, doğrudanmı, sən ali təhsilli mühəndissən? Yeri gəlmişkən, deyim ki, mənim dostum elə həqiqətən də ali təhsilli mühəndis idi, özü də sovetlərin vaxtında Bakıda da yox, Xarkovda təhsil almışdı.

Elə bu səbəbdən də kapitalizm–filan söhbəti burada qəti yaramır. Bəs onda problem nədədir? 

Ondadır ki, biz bütün digər sferalarda olduğu kimi burada da öz "milli kapitalizmimizi” yaratmışıq. Bəli, problem məhz elə bundadır. 

Bu "milli kapitalizm” odur ki, hamı lap elə sovetlərin vaxtında olduğu kimi, işə ilk növbədə qohum-qardaşını, tanış-bilişini götürür və bunun əski sovetlərdən bircə fərqi var: işə on nəfər tanış-bilişi, qohum-qardaşı götürəndən sonra bir nəfər də işi biləni götürür ki, həm iş getsin, həm də o, biçarə işi bilən işə götürənin on qohum-qardaşının əvəzinə də işləsin! 

Odur ki, biz də "əmək bazarı”ndan yox, elə sözün hərfi mənasında bazardan danışmaq daha düzgün olardı. Burada mənim yadıma yenə də öz təcrübəm düşür. Bir vaxtlar mən liberal-demokratiya və yaxud da sosial – demokratiya deyəndə bizim keçmiş müxalifətçilər deyirdi ki, yox, qoy, milli demokratiya olsun. Əlbəttə, mən bununla razılaşmırdım. Onlarsa mənə təlqin edirdilər ki, bəs bizim milli özəlliklərimiz var və onlardan qəti vaz keçə bilmərik. Nə idi bu "özəlliklər”? Odur ki, bizim qurduğumuz demokratiya, hətta kapitalizm dünyanın heç bir yerindəkinə bənzəmir. Bu, nəsə tamam başqa bir şeydir. İndi anladınızmı?..

Hüseynbala Səlimov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->