Xəbər lenti

Karantin tibbi, yoxsa siyasi
Hüseynbala Səlimov
Ölkə 13:08 14.10.2024

Karantin tibbi, yoxsa siyasi "epidemiya"lardan qoruyur?..

Əlbəttə, insanları insanlıq hüdudlarında saxlayan, bəzən də onların təhlükəsizliyini təmin edən təkcə azadlıqlar, haqlar və hüquqlar deyil, nə qədər qəribə olsa da, burada qadağaların, yasaqların və tabuların da rolu var. 

Amma durub demək ki, bütün yasaqların insan üçün faydası var, bu, absurddan da absurd olardı, çünki bu halda dünyanın qeyri-azad ölkələri ən öncül və inkişaf etmiş olardılar və "cənnət” deyəndə gözlərimizin önünə, Mərkəzi Avropanın azad, tox və liberal ölkələri yox, məsələn, insanların, az qala, icazə ilə ağladığı və güldüyü Şimali Koreya gələrdi...

Bütün bunları niyə deyirəm? Əvvəlcə bunu söyləyim ki, çox təəssüf, son illərdə ölkəmizdə ictimai diskussiyalar - müzakirələr olmur və yaxud da çox az olur, ya olsa da, elə məsələlər ətrafında "müzakirə”lər aparılır ki, dinləyəndə adamın, az qala, əti tökülür - məsələn, bir də görürsən, başlayırlar "şou-biznes”in bitib tükənməyən "problemlərini”, daha doğrusu, dedi-qodularını araşdırmağa, guya, iki şou-biznes əhli münasibətlərinə aydınlıq gətirsə, biz dönüb olacağıq dünyanın ən qabaqcıl və ya xoşbəst milləti, işlərimiz də bundan sonra başlayacaq lap yağ kimi getməyə!

Odur, epizodik ictimai müzakirə cəhdləri olanda da adam az qala, qulaqlarına inana bilmir ki, yəni bu, bizim ölkəmiz, bizim mediamız və bizim telekanallarımızdır! 

Bu günlərdə belə bir müzakirə cəhdi oldu- bəzi telekanallarımız intenetin yeni qiymətləri və sürəti ətrafında müzakirə açmağa çalışdılar ki, real mənzərəni araşdırsınlar, yəni görsünlər, internetin sürəti və keyfiyyəti onun yeni qiymətinə adekvatdır, ya yox?

Nə isə! Bu xüsusda hələ çox da başınızı ağrıtmayacam və keçəcəm əsas mətləbə - internetlə bağlı isə güman, hələ müzakirələrə ehtiyac olacaq... Demək istədiyim əsas məsələsə budur ki, son vaxtlar daha bir məsələ ətrafında ictimai müzakirələr gedir, amma tamam qeyri-rəsmi bir şəkildə, yəni media, televiziya belə diskussiyalar aparmır, adamların özləri aralarında danışır, bəzən də gileylənirlər. 

Media isə hər ayın axırında hökumətin bu xüsusdakı qərarını açıqlayır və deyir ki, məlum epidemiya ilə - koronovirusla bağlı karantin müddəti daha bir müddətə uzadılıb və bununla da iş bitir. 

Adamlara isə qalır bütün digər məsələlərdə olduğu kimi, burada da sadəcə, özləri üçün deyinmək, çünki artıq epidemiya çoxdan bitib. 

Düzdür, demək olar, hər ay xəbərlər gəlir ki, bəs dünyada koronovirusun yeni növü yayılır. Onların insan həyatı üçün nə qədər təhlükəli olduğunu deyə bilmərik, çünki həkim deyilik. Amma bu xüsusda həkimlərin dediklərini diqqətlə izləyirik və əsas rəy budur ki, yeni koronovirus növləri insan həyatı üçün əvvəlki kimi təhlükəli deyil. 

Bir daha deyirik, burada qətiyyən tələsmək olmaz və biz də buna çağırmırıq, şübhəsiz ki, min dəfə ölçüb-biçmək və ən əsası da başqa ölkələrin təcrübəsinə baxmaq lazımdır, - gəlin onlar necə edibsə, biz də elə edək...    

Amma insanlar çox yorulub, əvvəlki həyat ritminə qayıtmaq, heç olmasa, yaxın ölkələrə quru yolları və ya nəqliyyatı ilə gedib-gəlmək istəyirlər. 
Burada bir detalı da qeyd edək ki, hava nəqliyyatı heç də hamının imkanları hüdudlarında deyil, xüsusən də nəzərə alanda ki, dünyanın düz vaxtlarında belə insanlarımız bunun bahalığından dad edirdi.      

Amma hökumət quru yollarını açmağa tələsmir, hətta deyirlər ki, guya belə bir rejimin və qadağnın bizim üçün çox böyük xeyri də var - yəni, bu yolla biz nəinki tibbi, hətta siyasi "epidemiyaların”, yəni bizə dost olmayanların bizə qarşı bəzi məkrli planlarının, hətta ölkəmizdə sabitliyi pozmaq cəhdlərinin də qarşısını alırıq!

Nə demək olardı bununla bağlı? Lap əvvəlcə qeyd edək ki, biz bu məsələdə tələskənliyə çağırmırıq, başqa ölkələrə baxmaq lazımdır və həm də ümid edirik ki, yaxın vaxtlarda bu problemin də həlli tapılacaq - ən azı koronovirus bəşəriyyətdən əl çəkəcək... 

Belədəsə, vallah, biz də inanmaq istəyirik ki, karantin həm də bizi hansısa "siyasi təhlükələr”dən qoruyur, amma qəti inana bilmirik, çünki bu məntiqlə, belə davam etsə, biz tamam qapanarıq.
 
Həm də burada çox maraqlı bir detal diqqəti çəkir. Hazırda bütün Azərbaycan bir məsələnin həllini gözləyir – bu da "Zəngəzur dəhlizi”nin bir problem kimi həllini tapmasıdır. 

Amma sual yaranır: əgər Azərbaycanın quru sərhədləri uzun müddət bağlı qalacaqsa və üstəlik, bəzi hökumət təmsilçilərimizin dediyi kimi, bunun bizə çox böyük faydaları varsa, Naxçıvana quru dəhlizi necə əsaslandıracağıq?...

Sonda bir detalı da qeyd etmək yerinə düşər. Biz bir millət kimi çox "ilk”lərə imza atmışıq. Məsələn, dəfələrlə qeyd etmişik ki, hamıdan əvvəl kağız mediadan imtina etmişik, halbuki internetin və elektron medianın daha inkişaf etdiyi ölkələrdə insanlar hələ də qəzet oxuyur! 

Əgər belə getsə, deyəsən, daha bir "ilk”ə də imza atacağıq – quru yollarından və ya nəqliyyatından tamam imtina edib təyyarədən yararlanacağıq və olacağıq lap "obrazovonski” millət...

Hüseynbala Səlimov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->