Xəbər lenti

Kitabların “kitabının açılması” üçün nə lazımdır?..
Hüseynbala Səlimov
Ölkə 10:40 07.10.2024

Kitabların “kitabının açılması” üçün nə lazımdır?..

Doğrusu, yazıçı-jurnalist Murad Köhnəqalanın son yazılarından biri - "Kitabın kitabı bağlanıb” məni çox təsirləndirdi. Ona görə ki, yazıçı kimi olmasa da, bir jurnalist kimi mən də oxşar hisslər keçirmişəm. 

Səbəbi də budur ki, internetin daha çox yayıldığı, elektron medianın daha çox inkişaf etdiyi dünya ölkələrində insanlar, hələ də qəzetləri və jurnalları oxuyurlar, mən hələ kitabları demirəm! Biz isə nəinki qəzetləri, hətta jurnalları, ümumiyyətlə, çap mediasını tamamilə dəfn etdik, indi də növbə gəlib kitablara çatıb.
Amma uzun düşüncələrdən sonra yenə də bu qərara gəldim ki, sualı "Qəzetlər qalacaq?”, "Kitablar qalacaq?” kimi yox, "Jurnalistika qalacaqmı?”, "Ədəbiyyat qalacaqmı?” kimi qoymaq lazımdır və sizi bir az təəccübləndirsə də, mən bu məsələdə hələ ki nikbinəm: nəinki daha ciddi və çətin bir sahə olan ədəbiyyat, hətta jurnalsitika da qalacaq! 

Bir baxın, tənqidi çap mediası sıradan çıxdı, amma o, tamam yox oldumu? Əlbəttə ki, yox! Onun əvəzində sosial şəbəkələrdə daha bayağı "tənqidi media” yarandı! 

O ki qaldı ədəbiyyata, bu, daha ciddi məsələdir. Lap əvvəlcə, onu deyim ki, bu məsələni də daha çox kapitalizmlə bağlayırlar. Guya ki, kapitalizm daha çox başqa meyarlar təlqin edir insanlara, hətta onları bir az da vulqarlaşdırır. Burada, əlbəttə, həqiqət var. Amma kiçik istisnalarla. 

Birincisi, biz hətta sosializm vaxtı da elə bir mütaliə edən xalq olmamışıq. 

İkincisi, mən həmişə demişəm və yazmışam ki, bizim yaratdığımız kapitalizmin, hətta demokratiyanın da dünyadakılara oxşamasına çox var – düzdür, bunun obyektiv səbəbləri də olmamış deyil, çünki hələ ilkin kapitalizm dövürünü yaşayırıq və bütün dünyada olduğu kimi, bizim milli "kapitalizm”in də "yonulması”, normallaşması üçün on illər tələb olunacaq, özü də ən azı! 

Üçüncüsü, düzdür, kapitalizm başqa bir həyat ritmi, hətta başqa meyralar diqtə edir bütün insanlara. Amma gəlin unutmayaq ki, məhz kapitazlizm dövründə çap texnologiyası geniş vüsət aldı, kitablar daha çox insan üçün əlçatan oldu!

O ki qaldı həyat ritminə, xüsusən də əyləncələrə, bu da bir az qəliz məsələdir. Əvvəla, inanmıram ki, nəinki indi, hətta iki yüz il bundan əvvəl insanlar Dostoyevskini, hətta Hüqonu əyləncə, necə deyərlər, vaxt keçirmək üçün oxuyurdular. 

"Karamazov qardaşları”nı çoxdan, tələbəlik vaxtı oxumuşam və mümkündür ki, burada bəzi məqamları qarışdırıram, amma onu bilirəm ki, əsərin qəhrəmanlarından birinin – İvan Karamazovun keçirdiyi qızdırmanı mən hələ də bədənimdə və canımda hiss edirəm və deyim ki, bunu Dostoyevskinin başqa əsərləri haqqında da demək olar. Məsələn, heç "Cinayət və cəza”nı əyləncə üçün oxumaq olarmı? 

Həm də burada "əyləncə” ilə bağlı başqa məqam da var. İnsanların intellektual və hətta mədəni səviyyəsindən asılı olaraq əyləncələr də müxtəlif olur – məsələn, Eynşteyn "əylənmək” üçün Spinozanı oxuyurdu, "Kabbala”nı öyrənirdi, Dostoyevskiyə baş vururdu, hətta Karl Marks siyasi iqtisaddan və ya fəlsəfədən dincəlməkçün riyazi məsələlər həll edirdi! 

İndi daha çox insan vaxt keçirmək və dincəlmək üçün axşamlar evə tələsir ki, həyətə düşüb qonşularla bir az domino və yaxud nərd oynasın! Bundan daha artığının isə əlindən telefon düşmür!..

Üstəlik, kapitalizm vaxtı da əyləncə üçün bir az "yüngül” ədəbiyyat, məsələn, macəra ədəbiyyatı və ya fantastika vardı. Məsələn, Jül Vern və Dümalar bu janrlarda yazmırdılarmı?..

Əlbəttə, kapitalizm həm də daha böyük sürət diqtə edir, insanları daha çox praqmatikləşdirir. Onlar hər şeyin daha iti, daha sürətli, daha az vaxt aparan formasını axtarırlar. Həm də son illərdə Qərbdə də belə meyllər sezilir. Daha çox adam etiraz edir ki, niyə biz başqalarının, o cümlədən də, yazıçıların uydurmalarını, beyinlərinin məhsulunu oxumalı və buna vaxt sərf etməliyik?

Amma yenə də bəndəniz belə hesab edir ki, bütün hallarda dəyişən forma olacaq, böyük ədəbiyyat qalacaq, çünki o, böyük mənəvi suallar sənətidir, insanlar isə heç vaxt böyük suallardan imtina edə bilməzlər. Məsələn, həyatda çox dəyişə bilər, amma həyat, onun özü və mənası haqqındakı suallar həmişə qalacaq...
Heç sözsüz ki, bütün bu dediklərim tamam təsəlli də ola bilməz. Ona görə ki, ədəbiyyat, hətta jurnalistika insanların bir qismi üçün həm də peşədir, bunlar da hansısa insanların ərsəyə gətirdiyi məhsuldur və əgər söhbət məhsuldan gedirsə, bir az bayağı, vulqar olsa da, bunun da bir bazarı olmalıdır. Bu müstəvidə də çox ziddiyyətli proseslər gedir. Bütün dünyada əməyin intellektual tutumu artır. İndi hətta dəmirçi dükanında da kompüter var, onlar da nəsə axtarmaq üçün internetə baxırlar. Amma bununla belə intellektual əmək özü üçün bazar tapmaqda çətinlik çəkir, xüsusən də az inkişaf etmiş ölkələrdə. Bax, ən böyük problem bundadır: ədəbiyyat, hətta çap jurnalistikası yeni şəraitdə özünə bazar tapmır. 

Prinsip etibarilə, məsələn, jurnalist üçün böyük fərqi yoxdur ki, onun məhsulunu qəzetdən oxuyacaqlar, yoxsa saytdan? Amma onun üçün böyük fərqi var ki, bunun müqabilində o, nə alacaq? Bax, deyərdim ki, problem, hətta dərd də bundadır. Amma ümidliyik ki, bunun da gec-tez forması tapılacaq, hətta bunu bizim nəslə görmək qismət olmasa da...
 
Hüseynbala Səlimov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->