Xəbər lenti

Gənclərin davamlı biznes innovasiyaları yaratmaları üçün təlimlər keçirildi
Ölkə 12:15 30.08.2024

Gənclərin davamlı biznes innovasiyaları yaratmaları üçün təlimlər keçirildi

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin təşəbbüsü və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən "Yeni nəsil sahibkarların yetişdirilməsi: biznesin və innovasiyaların idarə edilməsi üzrə təlimlər" layihəsi uğurla başa çatmaq üzrədir.

Layihə çərçivəsində son mərhələdə "Biznes düşüncə tərzi və yumşaq bacarıqlar" mövzusunda dörd intensiv təlim baş tutub. Təlimlər karyera mütəxəssisi və fərdi inkişaf təlimçisi Orxan Mahmudov tərəfindən həyata keçirilib. Bu təlimlərdə iştirakçılar müasir iş dünyasının tələb etdiyi düşüncə tərzləri, biznes bacarıqlarının təkmilləşdirilməsi və komanda idarəetməsi üçün tətbiqi qabiliyyətlər barədə dəyərli biliklər əldə ediblər.

Proqram çərçivəsində iştirakçılar liderlik, effektiv ünsiyyət, problem həlli və komanda işinin inkişaf etdirilməsi kimi mühüm mövzularda biliklərini artırıblar. Təlimçi Orxan Mahmudovun təqdim etdiyi praktiki çalışmalar, interaktiv oyunlar və spesifik tapşırıqlar iştirakçıların həm fərdi, həm də peşəkar inkişafına əhəmiyyətli töhfə verib. Təlimlərin sonunda iştirakçılar iş mühitində daha uğurlu olma imkanlarını artıraraq, öz karyeralarında irəliləyiş əldə etmək üçün vacib bacarıqlara yiyələniblər.

Keçirilən təlimlər gənc sahibkarların gələcəkdə iqtisadiyyatın müxtəlif sahələrində liderlik etmələri və davamlı biznes innovasiyaları yaratmaları üçün möhkəm təməl qurulmasına şərait yaradıb. Birliyin sədri Sevinc Fədainin rəhbərlik etdiyi layihənin nəticələri ölkəmizdə sahibkarlığın inkişafı və gənc nəsillərin iqtisadiyyata töhfə vermək potensialının artırılması istiqamətində mühüm bir addım kimi qiymətləndirilə bilər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->