Xəbər lenti

Çatdırılmamış qaza görə Avropa “Qazprom”dan 20 milyard dollardan çox tələb edir
Dünya 11:52 18.09.2024

Çatdırılmamış qaza görə Avropa “Qazprom”dan 20 milyard dollardan çox tələb edir

Ukrayna ilə bağlı güzəştlərə nail olmaq üçün Avropanı dondurmaq cəhdinin uğursuzluğu "Qazprom”un tarixdə rekord itkilərlə yanaşı, on milyardlarla dollarlıq məhkəmə çəkişmələri ilə də nəticələnib.

Qaynarinfo "The Moscow Times”a istinadən xəbər verir ki, "Reuters”in hesablamalarına görə, 11 Avropa ölkəsindən ən azı 19 şirkət qaz müqavilələrinin pozulması ilə bağlı Rusiyanın qaz monopolistinə qarşı iddia qaldırıb və tələb olunan təzminatın ümumi məbləği 18,6 milyard avroya və ya 20,6 milyard dollara çatıb

Ən böyük 13 milyard avroluq tələb keçmişdə "Qazprom"un Almaniyadakı əsas müştərisi və "Şimal axını 2" layihəsinin həmsərmayəçisi olan Almaniyanın "Uniper" konserni tərəfindən irəli sürülüb. Rusiyadan ildə 20 milyard kubmetr qaz alan şirkət Rusiya tədarükünün dayandırılmasına görə itkilərin ödənilməsini tələb edib. 2024-cü ilin iyununda Stokholm Arbitraj Məhkəməsi "Uniper"in iddiasını tam təmin edib.

İldə 1 milyard kubmetr qaz alan Almaniyanın digər qaz idxalçısı RWE şirkəti "Qazprom”dan daha 1 milyard dollar tələb edir. Fransanın "Engie” şirkəti arbitrajda iddia qaldıraraq, "Qazprom”dan 300 milyon avrodan çox təzminat tələb edib. "Reuters” yazır ki, qaz ehtiyacının təxminən 90%-ni Rusiya qazı ilə ödəyən Avstriyanın ən böyük enerji konserni OMV "Qazprom”u məhkəməyə verib və ondan 575,3 milyon avro tələb edir. 

Müharibədən əvvəl Finlandiya üçün qazın 90%-ni Rusiyadan alan  "Qasum” konserni və İtaliyanın enerji nəhəngi "Eni”ni də yerli məhkəmələrə müraciət edib. "Eni” Vladimir Putinin tədarük haqqını rublla ödəmək haqqında fərmanına əməl etməkdən imtina edib. 

Polşada Qərbi Sibirdən Almaniyadakı istehlakçılara qaz nəql edən Yamal-Avropa kəmərinin Polşa hissəsini idarə edən "Europol” qaz şirkəti "Qazprom”a qarşı 1,5 milyard avroluq iddia qaldırıb. Çexiyada "Net4gas” və "Innogy Energie” tədarük edilməmiş qaza görə "Qazprom”a qarşı iddia qaldırıblar: birincisi 113 milyon avro, ikincisi isə 78 milyon avro tələb edir. İsveçrədə qaz treyderləri "DXT Commodities” və "Axpo Solutions” şirkətləridə məhkəməyə baş vurublar. Onların ümumilkdə tələbi 1 milyard avroya çatır. 

Niderlandda qaz nəqli operatoru "Gasunie Transport Services” Rusiya qaz monopolistindən 275 milyon avro tələb edir. Qaz sifarişinin yerinə yetirilməməsi ilə bağlı daha bir iddia "BBL Company V.O.F” şirkəti tərəfindən verilib. Slovakiyada "ZSE Energia” və "Vychodoslovenska energetika”, Bolqarıstanda isə milli qaz operatoru "Bulgargaz” "Qazprom”u məhkəməyə vermək qərarına gəlib. Sonuncu müqavilənin ləğvi üçün 400 milyon avro tələb edir.

"Qazprom”a qarşı iddiaların ümumi məbləği onun bütün xarici bazarlara qaz satışından əldə etdiyi xalis gəliri üstələyib. BCS-nin hesablamalarına görə, Rusiya şirkəti Avropa və Türkiyəyə tədarükdən ildə 10 milyard dollar, Çinə tədarükdən 7 milyard dollar və MDB ölkələri və Mərkəzi Asiyaya ixracdan 2 milyard dollar əldə edir.

"Alfa Bank”ın analitiki Nikita Bloxin xəbərdar edir ki, çox milyardlıq iddialar Avropada "Qazprom”a ödənişlərin həbs olunması riskini yaradır: kompensasiya tələb edən şirkətlər Rusiya qazının qalan alıcılarının şirkətə köçürdüyü pulları ələ keçirməyə cəhd edə bilərlər. Bu, xüsusən də Avstriyada baş verə bilər, burada milli qaz operatoru OMV may ayının sonunda "Qazprom”a ödənişləri "ələ keçirmək” cəhdlərindən danışıb. 
Rusiya şirkəti üçün mövcud vəziyyət Avropada fəaliyyətin daha da məhdudlaşdırılmasını vəd edir, Bloxin xəbərdar edir. Ötən il "Qazprom” Avropa bazarına cəmi 28 milyard kubmetr qaz nəql edib – bu, 1970-ci illərin sonundan bəri minimum həcmdir. Onun ümumi ixracı cəmi 69 milyard kubmetr təşkil edib ki, bu da 1985-ci ildən bəri ən aşağı göstəricidir. 1990-cı illərin sonundan bəri ilk dəfə olaraq, "Qazprom” beynəlxalq maliyyə hesabatları standartlarına (BMHS) görə ili xalis zərərlə başa vurub. Şirkət, ili 629 milyard rubl ziyanla başa vurmaqla tarixinin antirekorduna imza atıb. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->