Tarixi gerçəklik, tarix və ədəbiyyatın bir-birinə mane olduğu məqamlar, Azərbaycan tarixinin ədəbiyyatda kifayət qədər əks olunmaması - bu kimi məsələlər, yəqin ki, bizi düşündürməlidir. Təkcə düşünməkmi?...
Əvvəlcə Bakının - ədəbiyyata çevrilmək istəyən şəhərin ümumi ab-havasına qısa nəzər salaq. Nəzərimizi XIX əsrdən başlayaq ki, məhz həmin dövrdə - həm dünyada, həm ölkəmizdə intibah sonrakı sabitlik hökm sürürdü. Burdan belə sual yaranır - Azərbaycan ədəbiyyatında intibah dövrü var idimi və hansı əsri əhatə edirdi? Bu sualla müasir yazıçı və filosoflarımıza verdiyim suallara hər birindən tamamilə fərqli cavablar aldım. Biri intibahı Nəsimi ilə, digəri Axundov və maarifçilərlə, başqası isə Nizami ilə bağladı. Bu xüsusi və böyük mövzunun məzmunudu və onu hələlik kənara qoyaq.
Əhalisi 1820-ci ildə 2500 nəfər olan Bakı müsavat, proletar, sovet, erməni, soyqırım, işğal, faciə sözlərini özünə yaxın buraxmaq istəmirdi. "Öz əməyi ilə dolanan fəhlə" - proletar kəlməsi ilə eyni mənaya gəlirdi, bu istiqanlı bənzərliyə baxmayaraq, Bakının yad terminlərə allergiyası vardı.
Siyasi, iqtisadi, sosial vəziyyətləri kənara qoyaraq, Bakının mədəni mühitinə sehrbaz çubuğu ilə toxunmaq istəyirəm. 1880-ci ildən sonra şəhərdə "rus- tatar məktəbləri” açılırdı. Çarın ruslaşdırma ideyalarına qarşı yaranan cəmiyyətlər milliliyə xidmət etməli idi. 1901-ci ildə Hacı Zeynəlabidin Tağıyevin qız gimnaziyasını açmasından sonra, "Səadət” məktəbi də yaradıldı. Türk kapitalistləri qəzet, jurnallara yardım edir, xaricdə oxuyan tələbələrə pul göndərirdilər.
"Üsuli-cədid" məktəblərində rus dili ayrı fənn kimi öyrədilirdi. Şamaxıda Seyid Əzim Şirvanin məktəbi də belə adlanırdı.
Ziya ocaqları, məktəblər, nəşriyyatlar, kitabxanalar artıqca, bədii əsərlər yazıldıqca əhali özünün savadsızlığını dərk edirdi. Başdan iylənən balıq misalındakı kimi, idarəetmə güclü və öz mənafeyini güdən əllərdə idi. Əhalinin az qismi olsa da, bunu başa düşürdü ki, millilik uçurumdadı, onun yerini inkişafa mane olan din və yerli adət-ənənələr tutub.
"Böyük qardaş bizə baxırdı".
1905-ci ildə milli hərəkət tərəfdarı olan M. Bağırzadə adlı tacirin köməkliyi ilə Tiflisdə Cəlil Məmmədquluzadə və Ömər Faiqin başçılığı ilə "Qeyrət” nəşriyyatı yaradıldı. Üzdə görünənlərin, tarixin yaddaşında qalanların deyil, fədakar insanları görməyinizi istəyirəm. Bağırzadə kimi, adları tarixin qaranlığında unudulan tacirlər, orta imkanlılar, ümumi işin xatirinə köməyini əsirgəməyənlər bu gün də var. Niyə onlar unudulur? Tarixin gerçək bəlalarından biri budur - unudulmuş, ama təməlin təşkilatçısı olan insanlar.
Ədəbiyyat üçün şərait yaranırdı. Azərbaycanın dünya ilə əlaqələri demək olar ki, yox dərəcəsində olsa da, daxildən təbii şəkildə yaranan burulğan nəticələri ilə ortalıqda idi. Hər dövr tənqid olunur, onun çatışmazlıqları haqqında cani-dildən danışılır. Ama, kimsə özünü o tarixi dövrün, o mühitin, o şəhərin adamı kimi təsəvvür etmək istəmir, çətinlikləri tam mənasıyla anlamır. Bu baxımdan tənqid ədəbiyyat və tarixi birləşdirən vasitədir. Deyərdim ki, əsas vasitədir. Tarixi və ədəbi şəxsiyyətlər qədər kimlər tənqid olundu ki?!
Bakı palçıq vulkanlarına oxşayırdı mənə görə. Bu şəhər iki əsr, beş əsr əvvəl və bu gün də eyni vəziyyətdədir; daxildən qaynar, ilhamlı, yaradıcı, xaricdən sakit, bir az çəkingən və gözləmə mövqeyində olan, tarixin və ədəbiyyatın döyünən ürəyi...
Ədəbi tənqidin hər zaman boynu bükük olub. Ağzını açan kimi güllələyiblər, ya gecə ikən evindən aparıblar, ya əqidəsindən döndəriblər. Bəlkə ona görədir ki, biz tənqidə dözə bilmirik. Qəlbimizə dəyir, əks təsir sindromu yaradır bizdə. Evdə bişməyib, qonşudan gəlməyib. Həmişə düşünürəm ki, nəzmin, şeriyyatın orta əsrlərdən bəri bu günümüzdə səviyyəli olmasının səbəbi nə?
Axı, elə orta əsrlərdə nəsr nümunələri də kifayət qədər çox idi, bu gün də çoxdur. İnsanın içini titrədən nəsr yoxdur desəm, xətrinizə dəymədən, xarici yazarlar kimi Azərbaycan nəsri, yaxşı mənada düşüncələri alt-üst etmək effekti vermirsə, bunu etiraf etməliyik. Bu elə tənqidin, məhz özünütənqidin bir hissəsidir.
1840-cı ildə Mirzə Fətəli Axundov Vaqif və Zakirin şeirlərindən ibarət antologiya tərtib etmiş, bu kitabda "sənət sənət üçündür” fikrini rədd edərək, "sənət həyat üçündür” ideyasını müdafiə etmiş və forma üçün mövzunu fəda edən yazıçıları kəskin tənqid etmişdi. Onun fəaliyyəti ölkəni dünyaya tanıtmaq cəhdlərinə hesablanmışdı.
"Kəmalüddövlə məktubları”nda çox sevdiyim bir cümlə var. "Yeni bir din gətirdiklərini bəhanə edərək, ərəblər ağ ipək üzərində çox qorxu verən və az ümid göstərən bir məktub yazdılar". Sanki bu sətirlərlə yazıçı 1920-ci ildə Qızıl Ordu tərəfindən hücum edilmiş işğal gününü göstərir, əvvəlcədən hiss edir, zira bu cümlə dinə ünvanlanmış olsa da...
Axundovun tarix və ədəbiyyatın vəhdətindən, müəyyən mənada təzadından bəhs edən məqalələri dövrünə görə çox irəlidə idi. "Babilik əqidələri”, "Con Stüart milli azadlıq haqqında", "Yek kəlimə" buna misal ola bilər. Ədəbiyyatın da tarix səbəbindən geri düşməsi gerçək bəlanın ikinci səbəbidir. Birinci səbəbi isə tarixi yazan və ədəbiyyatın inkişafına xidmət edənlərin gölgədə qalması idi. İzah edim: əgər milli, iqtisadi, siyasi, elmi sahələr inkişaf etsəydi, yazıçının işi özünü ədəbiyyata həsr etmək olacaqdı. Axundov və onun timsalında dövrün bütün yazıçıları savadsız qonşunun maddiyatsızlığının, bixəbərliyinin dərdini çəkməkdənsə, ölkənin siyasi geriliyindən məqalə yazmaqdansa, sırf ədəbi lahiyələrlə məşğul olacaqdılar. Bu ədəbiyyatın dərinləşməsinə gətirəcəkdi. Bilirəm, mübahisəli fikirdi. Amma bu gün də, maddiyyatdan əziyyət çəkən yazıçı ədəbi fəaliyyətini sabaha saxlayır. Çünki öhdəlikləri var ailə qarşısında. Çünki ölkənin siyasi, iqtisadi çətinlikləri birbaşa yazıçının evinə təsir edir. Yazdığı kitaba mane olur. Bu keçən əsrdə də belə idi, indi də.
Geniş mövzu olsa da, sonda tarixlə ədəbiyyatın estetik tərəfinə toxunmaq istəyirəm. Polşa inqilabçısı S. Konarski Bakıda sürgündə olmuşdu. Sonralar onun asıldığı dar ağacının kiçik parçalarını boynundan asan polşalı ədəbiyyatçılar tarixin ədəbiyyat üçün dar ağacı olduğu mənasını vermək istəmişdilər ya yox?!
A.Bakıxanov dekabristlərlə yaxından dost idi. Baxmayaraq ki, xan nəslindən idi, amma çar idarəsinə cəsarətli, milli ideyalara xidmət edən təkliflər verirdi. Onun "Hind nağılı” hekayəsi tarixlə ədəbiyyatın ən estetik nümunəsidir. Yazıçı Azərbaycana "dövlət, haqq, hüquq, ədalət” fikirlərini gətirənlərdən birincisi olmuşdur. "Kitabi-Əsgəriyyə” kimi zərif əsərin müəllifi, məhz ətrafdakı gərgin vəziyyəti gücü çatdığı qədər sabitləşdirmək üçün ədəbiyyat dünyasına tarix adlı gücü dəvət etməyə məcbur olmuşdur.
Ədəbiyyatın dili olmasaydı, tarixi gerçəklik, tarixi fəsadlar aradan qalxardımı?!
"Əgər sən azadlığın məşəsini bilsən və insanlığın hüququndan xəbərdar olsaydın, belə zülmə və rəzalətə dözməzdin... Sənə ancaq ürək birliyi və istiqamət birliyi lazımdır ki, inqilab edib itaətdən qurtulasan".
Axundovun bu ədəbiyyat çiçəklərinə bürünmüş tarixi müraciəti, tarixi bəlaların ədəbi gerçəkliklə həll olunmasına, düz olanın üzə çıxmasına, ədalətin aşkarlanmasına ən təsirli nümunədir.
Tarix və ədəbiyyatın vəhdəti Bakıdan başqa şəhərlərdə bu qədər aydın nəzərə çarpırdımı?
Və ümumiyyətlə vəhdətdə idimi?
Tarixi ədəbiyyat deyilən istiqamət nə vaxtdan yaranmışdı? Xətai özü tarix ola-ola ədəbiyyata incilər düzdüyü vaxtanmı?
Bakının inkişafı, geniş mənada olmasa da, ədəbiyyat üçün ən uyğun məkan sayılmışdı və bu uzun illər davam etmişdi. Buna baxmayaraq, ədəbiyyat tarixin həqiqi üzünü tam əhatə etməyə həmişə gec qalıb. Sadə misal desək, Bakı xanının öldürülməsi, rus istilaçılarının Bakıya hücumu haqqında tutarlı bədii təsvir varmı? Varsa, o dünya səviyyəsinə çıxa bilərmi? Düzünə qalsa, dünya səviyyəsi anlayışı özünün mənasını itirib.
"Dumanlı Təbriz", "Səttarxan", " Xudafərin körpüsü", "Aljir" - adını saymadığım digər tarixi ədəbiyyat nümunələri, ərazisininə görə balaca, amma zəngin tarixi olan ölkənin tarixini ədəbiyyatda göstərən nümunələrin az olması demək deyilmi?
Həmişə o fikirdə olmuşam ki, təkcə Bakının taleyində indiyədək yaşanmış tarixi incəliklər ədəbiyyatın ən əhəmiyyətli kitablarına çevrilə bilərdi...
Nəticə olaraq onu deyim ki, şəxsi duyğuları kənara qoya bilən - baxmayaraq ki, bu çox çətindir - ədəbiyyat xadimləri özlərinin şəxsi çətinliklərini, ədəbi aləmdəki yoldaşlıq kinini, qibtəsini uda-uda bu gün bizim zehnimizi dəyişə bilən nümunələr yaradıblar.
İkinci nəticə isə ölkə olaraq müstəmləkə və müharibələr, belə deyək ki, tapdaq altı olan torpaqda dühaların yetişməsi çətinliyini də nəzərə almalıyıq.
Üçüncü nəticə parakəndəlik və vahid milli liderin olmaması və ya olduğu müddətin qısa sürməsi uğura mane olan səbəbdir. ADR intibah sayıla bilərdi, uzun ömürlü olmağa imkan versəydilər.
Tarixi gerçəkliyə aydın şəkildə baxa bilsək, Bakı yağışdan çıxıb, yağmura düşmüş şəhər olub, ta qədimdən. Bu mühitdə şeh damlalarının - yazıçıların qəlbən və israrla etdikləri sıçrayışlarla ən azından fəxr etməliyik ki, davamçıları üçün qırılmayan zəncirin daha möhkəm halqaları olsun.
Könül Nuriyeva
Şərhlər