DÇ 2022-də H qrupunun ilk oyununda Portuqaliya millisinə məğlub olan Qananın futbolçusu Osman Bukari Ronaldo sayağı qol sevincinə aydınlıq gətirib.
Qaynarinfo-nun məlumatına görə Portuqaliya hesabda 3-1 üstün durumda olarkən, Ronaldo 88-ci dəqiqədə oyundan kənarlaşdırılıb. O, meydandan çıxandan dərhal sonra Osman Bukari baş zərbəsi ilə topu tora göndərib və Qana millisi hesab arasındakı fərqi azaldıb. Ronaldo hələ ehtiyat oyunçular skamyasında oturmamış vurulan qoldan şoka düşsə də, Buxari qol sevinci zamanı Ronaldonu yamsılayıb.
Oyundan sonra şəxsi Tvitter hesabından açıqlama verən 23 yaşlı futbolçu, "Bugünkü qol sevincimdən sonra Ronaldoya hörmətsizlik etdiyim barədə fikirlər səsləndi. Bu yanlışdır. Qol vurmağın həyəcanı məni çox təsirləndirdi. Dünya çempionatında keçirdiyim ilk matçımda bu sevinci yaşadım. Tərbiyəm nəinki kumirlərimdən birinə, yaşca özümdən böyük heç kimə hörmətsizlik etməyimə icazə vermir" - deyib.
"Srvena Zvezda"nın hücumçusu indiyədək Qana millisinin formasını 8 dəfə geyinib və 2 qol vurub.
Səbuhi Həsənov
Şərhlər