Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar Kollecdə 8 Noyabr - Zəfər Gününə həsr olunan konsert keçirilib.
Əvvəlcə kollecin 44 günlük Vətən müharibəsində canından keçən altı şəhidinin xatirə lövhəsinin önünə tər güllər düzülüb. Sonra kollecin foyesində təşki olunmuş Kinooperator sənəti və Dekorativ tətbiqi sənət və bədii xalça ixtisasının tələbələrinin 8 Noyabr- Zəfər Gününə həsr etdikləri əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Kollecin akt zalında davam edən tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Humanitar Kollecin direktoru dosent Nərmin Qaralova açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib. Direktor qeyd edib ki, 8 Noyabr - Vətən müharibəsində qazandığımız qələbə şanlı Zəfərin simvoludur:
"Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində əldə olunmuş zəfər ordumuzun gücünün, xalqımızın birlik və həmrəyliyinin bariz təcəssümüdür. Ən əsası, həmin tarixdə haqq-ədalət bərpa olundu. Qəhrəman oğullarımız Vətən, torpaq uğrunda canlarından keçdilər. Şəhidlərimiz arasında Humanitar Kollecin tələbələri də var. Onların göstərdiyi igidliklər heç vaxt xatirimizdən silinməyəcək. 44 günlük Vətən müharibəsində imzası olan hər bir qəhrəmanımızı dərin hörmət və ehtiramla anırıq. Nə yaxşı ki, qazi tələbələrimiz dəvətimizi qəbul edib bugünki tədbirə gəliblər. Onların qarşısında baş əyirik, Allahdan onlara can sağlığı arzu edirik”.
Hər günü qəhrəmanlıq salnaməsi olan Vətən müharibəsinin tarixindən bəhs edilən konsert proqramında Kollecin müəllim və tələbə heyətinin ifasında igidlərimizin ruhunu yaşadan, Vətənə məhəbbəti ifadə edən, həm də Zəfərin qürurunu yaşadan " Torpağın səsi”, "Bu torpağın, bu diyarın”, "Min yaşasın”, "Biz Zəfər qazanmışıq”, "Qarabağ”, "Ey Vətən”, "Zəfərin Mübarək” kimi yerli bəstəkarların mahnıları və şeirlər səslənib, konsert iştirakçılar tərəfindən sürəkli alqışlarlarla qarşılanıb.
Şərhlər