Xəbər lenti

Taxıl geosiyasəti: Rusiya ərzağı necə “səssiz silah”a çevirir
Dünya 11:04 07.06.2024

Taxıl geosiyasəti: Rusiya ərzağı necə “səssiz silah”a çevirir

2023-cü ildə Rusiyanın ixrac gəlirləri aşağı qiymətlər və ya həcmlərin azalması səbəbindən 28,3% azalaraq 592,5 milyard dollardan 425,1 milyard dollara düşüb. İlin sonunda artım cüzi olsa da, yalnız bir məhsul kateqoriyası - kənd təsərrüfatı məhsulları üzrə özünü göstərib. 

Tədarükün həcmi 41,6 milyard dollardan 43,5 milyard dollara (+4,3%) artıb - bu, əsasən, taxıl satışından əldə olunan gəlirin əhəmiyyətli dərəcədə artması (+21,6%) hesabınadır. Kənd Təsərrüfatı Nazirliyinin "Aqroexport” mərkəzindən verilən məlumata görə, nəticədə taxılın kənd təsərrüfatı məhsullarının ümumi tədarükündə xüsusi çəkisi 37%-ə yüksəlib. Beləliklə, taxıl ixracı təxminən 16 milyard dollar gəlir gətirib. İki illik müharibə zamanı son dərəcə əlverişli hava şəraiti sayəsində Rusiya istehsalı əhəmiyyətli dərəcədə artıra bilib. Rusiyada 2022-ci ilin məhsulu tarixi rekord vurub (153 milyon ton), 2023-cü ilin məhsulu (147 milyon ton) isə ikinci ən yüksək göstəricili il  olub. Müqayisə üçün 2021-ci ildə 121,4 milyon ton, 2020-ci ildə 133,5 milyon ton məhsul yığılıb.

Kənd təsərrüfatı məhsullarının ixracı 2010-cu illərin ortalarından etibarən sürətlə artmaqdadır. 2012-2016-cı illərdə bu, ildə təqribən 16,5 milyard dollar təşkil edib, yəni bütün ixrac gəlirlərinin 4%-dən azını təşkil edib. 2018-2019-cu illərdə - artıq 25 milyard dollardan çox. 2020-2021-ci illərdə ixrac ildə 20% artıb. Sonra artım bir qədər yavaşlayıb, lakin 2023-cü ildə kənd təsərrüfatı məhsullarının ixracı ölkənin ümumi ixrac gəlirinin 10%-ni keçib.

Rusiya hakimiyyət on ildir, deyir ki, kənd təsərrüfatı məhsulları (əsasən taxıl) Rusiya üçün "yeni neft” olmalıdır. 2022-ci ilin sonunda hökumət 2030-cu ilə qədər aqrar-sənaye kompleksinin inkişafı strategiyasını təsdiqləyib. Onun hədəf ssenarisi güman edir ki, onilliyin sonuna qədər kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan gəlirlər 2020-ci il səviyyələri ilə müqayisədə (sabit qiymətlərlə) 50%-dən çox artacaq: 30,5 milyard dollardan 47,1 milyard dollara qədər, lakin bu səviyyəyə daha tez çatmaq ehtimalı var. Hökumət proqramın məqsədlərinə çatmaq üçün tələb olunan minimum investisiya məbləğini ildə 900 milyard rubl (17,23 mlrd manar- red.) qiymətləndirir.

Rusiya əsasən buğda ixrac edir. ABŞ Kənd təsərrüfatı nazirliyinin (USDA) məlumatlarına əsaslanaraq, Strateji və beynəlxalq araşdırmalar mərkəzi (CSIS) hesab edir ki, 2022-2023-cü maliyyə ilində (1 iyuldan başlayaraq) Rusiya 48 milyon ton ixrac edib ki, bu da əvvəlki illərlə müqayisədə 15 milyon ton çoxdur. CSIS-in 2023-2024-cü maliyyə ili üçün proqnozu 51 milyon tondur. USDA Rusiyanın dünya bazarındakı payını 24%, Rusiyadan sonra ikinci yerdə olan Aİ-nin payını isə 11% qiymətləndirir. Daha sonra ABŞ və Avstraliya gəlir (hər biri 10%). Müharibədən əvvəl Rusiyanın payı nisbətən daha az idi: 2020-ci ildə - 15%, 2021-ci ildə - 20% -dən bir qədər az. Ən böyük ixracatçıdan tədarükün belə güclü artması dünya qiymətlərinin çökməsinə səbəb olub. Onlar Ukraynada müharibənin ilk aylarında artaraq 1 ton üçün 450 dollara çatıb, lakin 2022-ci ilin may ayından başlayaraq qiymətlər aşağı düşüb və bir il sonra 250 dollar səviyyəsində sabitləşdi ki, bu da müharibədən əvvəlki səviyyədən bir qədər aşağıdır. 2024-cü ildə Rusiyada may ayında havaların həddindən artıq soyuq keçməsi səbəbindən istehsalın azalacağı qorxusu ilə qiymətlər yalnız son həftələrdə yenidən yüksəlməyə başlayıb.
CSIS ekspertləri xəbərdarlıq edir ki, Ukraynadan tədarükün azalmasından (müharibə səbəbindən hasilatı təxminən dörddə bir azaldıb) istifadə edən Rusiya Afrika və Asiyanın aşağı gəlirli ölkələrinə ixracı artırır və bununla da orada təsirini artırır. Dmitri Medvedevin ardınca onlar ərazğı Rusiyanın "səssiz silahı” adlandırırlar. 2022-ci ilin əvvəlində Medvedev kənd təsərrüfatı məhsullarını yalnız Moskvanın "dostlarına" tədarük etməyi təklif edib. "Bloomberg”ə müsahibə verən ekspertlər Rusiyanın "taxıl silahı”ndan "qaz silahından” istifadə etməyə çalışdığı kimi istifadə etməyə başlayacağına şübhə edirlər. Rusiyadan taxılı əsasən "dost” hesab etdiyi ölkələr alır. "Aqroexport” mərkəzinin məlumatına görə, onların 2023-cü ildə Rusiya ixracında payı 87% təşkil edir (ən böyük alıcı 17,5% payla Çindir).
Rusiyanın qlobal taxıl bazarında mövqeyinin güclənməsi ABŞ-da narahatlığa səbəb olub - orada Rusiyanın "yeni neft” doktrinasına kifayət qədər ciddi yanaşılır. İlin əvvəlində Konqresin aşağı palatası bu tendensiyanın qarşısının alınmasına yönəlmiş "No Russian Agriculture” ("Rusiyanın kənd təsərrüfatına yox” – red.) qanununu qəbul edib. Xüsusilə, bu qanun, ABŞ hakimiyyət orqanlarından üçüncü ölkələrə Rusiyanın kənd təsərrüfatı ixracından, ilk növbədə taxıl və gübrələrdən asılılığını azaltmağa kömək edə biləcək layihələrə investisiyaları "mümkün qədər” dəstəkləməyi tələb edir.

Taxılı "silah”a çevirmək qaz və neftdən qat-qat çətin olsa da, Rusiyanın dünya bazarında mövqeyini gücləndirmək ona müəyyən təsir rıçaqları verəcək. Üstəlik, bunun ilk nümunələri artıq ortaya çıxıb. Ötən ilin payızında Misir (onun Rusiya ixracında payı 5,8%) Rusiyadan artıq razılaşdırılmış tədarükün bir hissəsindən imtina edib, belə ki, "Bloomberg”in məlumatına görə, Rusiya hakimiyyəti Misir üçün qeyri-rəsmi minimum qiymət (1 ton üçün 270 dollar) təyin etməyə çalışıb. Və bu ilin yazında "RIF" şirkəti (bu yaxınlarda "Rodnıye polya" adlandırılıb) tərəfindən Misirə tədarük edilməli olan buğda ilə dolu gəmilər Rusiya limanlarından buraxılmyıb – "Rosselxoznadzor” orada zərərli bitkilər aşkar edib. "Bloomberg” "RIF” şirkətinin alıcıya göndərdiyi məktubu nəzərdən keçirib. Şirkət qiyməti Kənd Təsərrüfatı Nazirliyinin "tövsiyə etdiyi” səviyyəyə qaldırmaqdan imtina etdiyi üçün gəmilərin buraxılmadığını bildirilir.

Ərzaq ixracının "səssiz silah" kimi istifadəsi tədarüklərə dövlət nəzarətinin qurulmasını tələb edir və Rusiya hakimiyyəti müharibə başlayandan bəri bununla fəal şəkildə məşğul olur, Bloomberg qeyd edir.

Ötən il qlobal treyderlər "Cargill”, "Viterra” (keçmiş "Glencore Agriculture”) və "Louis Dreyfus” Rusiya taxılının ixracını dayandırıblar. Onların bazardan çəkilmələrinin rəsmi səbəbləri qeyri-müəyyən formalaşdırılıb. "Viterra” açıqlamasında bildirib ki, "Rusiyadakı əməliyyat artıq şirkətin uzunmüddətli fəaliyyət istiqamətinə uyğun deyil”. "Bloomberg” mənbələri iddia edir ki, sanksiyalardan yaranan çətinliklərlə yanaşı, qərbli treyderlərin işini dayandırmasının digər səbəbi də Rusiyadakı hakimiyyət orqanlarının rusiyalı rəqiblərinə yer açmaq üçün onlara təzyiq göstərməsi olub. Belə ki, şirkətlər sənədləşmə işində çətinlik çəkməyə başlayıblar.

"Cargill”, "Viterra” və "Louis Dreyfus” bazardan çıxdıqlarını elan etməzdən bir neçə ay əvvəl (onlar bunu demək olar ki, eyni vaxtda ediblər) VTB rəhbəri Andrey Kostin Vladimir Putinə xarici treyderlərin - "dünya taxıl nizamının" agentlərinin işini məhdudlaşdırmağı təklif edib (bank o zaman ən böyük Rusiya treyderlərindən birinə - "Demetra" kənd təsərrüfatı holdinqinə sahib idi). Bir müddət sonra "Rossiya 1” telekanalı "Taxıl” filmini nümayiş etdirib, burada bir sıra rayonların rəhbərləri əcnəbiləri ölkədən taxılın "kölgə” ixracında ittiham ediblər.

"Əcnəbilərin sənayedən getməsi hələ 2014-cü ildə başlayıb. Məsələn, ABŞ-ın "Bunge” şirkəti hətta o zaman öz biznesini ixtisar etməyə başlayıb”, - "Sovekon” analitik mərkəzinin direktoru Andrey Sizov "The Bell”ə izah edib. - "Bundan əlavə, şirkətlərə davamlı təzyiqlər, Rusiya üçün xüsusi bir yol ideyasının, məhz Rusiya şirkətlərinin Rusiya taxılını alqı-satqı etməli olduğu ideyasının populyarlıq qazanması ilə başlayıb." Həqiqətən də, helə həmin Kostin, hələ 2019-cu ildə Putinə taxıl ixracı və saxlanması ilə bağlı aktivləri birləşdirəcək, "Rusiya buğdasının aparıcı treyderi funksiyalarını öz üzərinə götürəcək" bir "milli lider" yaratmağı təklif edib. Kənd təsərrüfatı sənayesində "yeni Qazprom” yaratmaq zərurəti ilə bağlı eyni fikir "Taxıl” filmində də öz əksini tapıb. 

Rusiyadan ayrılan Qərb şirkətləri Rusiya taxılının ən böyük ixracatçıları arasında idilər. Rusiya Taxıl İttifaqının məlumatına görə, "Viterra” onların siyahısında dördüncü, "Cargill” altıncı, "Lui Dreyfus” isə 11-ci olub. "Əgər onların yerini dövlət şirkətləri tutsa, o zaman fermerlər tərəfindən satış səviyyəsində rəqabət qabiliyyətimiz pisləşə bilər”, - Kənd təsərrüfatı bazarının öyrənilməsi institutunun (İKAR) baş direktoru Dmitri Rılko xəbərdarlıq edib. Lakin onlar getdikdən sonra belə, böyük ehtimalla Rusiya bazarının konsolidasiyası davam edəcək. "Rosselxoznadzor” "RIF” Ticarət evinin Misirə çatdırmaq niyyətində olduğu buğda ilə gəmiləri buraxmadıqdan sonra şirkətin benefisiarı Peter Xodıkin bildirib ki, bu yolla onlar, "məni aktivləri cüzi qiymətə satmağa məcbur etmək istəyirlər və bu, hətta cari borclarını ödəməyə imkan verməyəcək.” Bu, onun sözlərinə görə, "Moskvadan gələn əmrlə” edilir.

On il ərzində "RIF" ən böyük ixracatçı olub. 2023-2024-cü illərdə onu 2022-ci ildə yaradılmış və "Demetra”nın keçmiş top-menecerinin rəhbərlik etdiyi "Green gates” şirkəti ötüb. "Novaya qazeta Europe” nəşrinin araşdırmasından belə çıxır ki, əslində yeni şirkət adı altında "Demetra” fəaliyyətini davam etdirir və "indiyədək hər şeyi VTB menecerləri necə idarə edirdilərsə, indi də belə edirlər”. VTB kənd təsərrüfatı aktivlərini sanksiyalardan çıxarmaq üçün bu "xüsusi əməliyyatı” həyata keçirməli idi.

Hal-hazırda, "Bloomberg”in istinad etdiyi ICAR məlumatlarına görə, onların arasında, "Green Gates” və "RIF” Ticarət evi artıq Qara dəniz terminallarından Rusiya ixracatının yarısından çoxuna nəzarət edir. Onların payları təxminən bərabərdir. Üçüncü yeri, "Vedomosti"nin məlumatına görə, RIF Ticarət Evi kimi, son vaxtlar tədarükün təşkilində çətinlik çəkməyə başlayan "Aston” şirkəti tutur. Dördüncü yeri dövlətin nəzarətində olan "Birləşmiş taxıl şirkəti” tutur. Ümumilikdə bu dördlük artıq təchizatın 75%-ni təmin edir. Beləliklə, Peter Xodıkinin qorxuları gerçəkləşərsə, dövlət ən böyük taxıl ixracatçısı olacaq.

Kənd təsərrüfatı naziri və Putinin silahdaşının oğlu Dmitri Patruşevin baş nazirin müavini statusuna yüksəldilməsi də bu kontekstdə qiymətləndirilməlidir. Taxıl böyük siyasət səviyyəsinə yüksəlir və dərhal "çekist” kvazibazar dünyagörüşünün bütün atributlarına yiyələnir, yəni həm ixrac gəlirinin ən mühüm mənbəyi, həm də xarici təsir aləti kimi qəbul edilir və onun səmərəliliyi sektorun inhisarlaşdırılmasını tələb edir. Məhz belə strateji baxış Putin və onun tərəfdaşlarının əvvəllər "Rusiya korporasiyası”nın əsas elementlərindən biri kimi baxdıqları Rusiya qaz ixracatının fəlakətinə səbəb oldu.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->