ABŞ Nümayəndələr Palatasının Tayvana səfəri ehtimalının güclənməsi ilə Çinin bu bölgə ətrafında hərbi hərəkətləri artıb.
Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər
verir.
Çin Hərbi Dəniz Qüvvələri ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana mümkün səfəri öncəsi Tayvan boğazı və Cənubi Çin dənizində təlimlər keçirib.
Sinxua xəbər agentliyinin məlumatına görə, Çin Xalq Ordusu Tayvan adasının əks sahilindəki Fuxin əyalətindəki Pingtan adaları yaxınlığında canlı sursat təlimləri keçirdiyini açıqlayıb.
Digər tərəfdən Çin dövlət televiziyası dünən axşam saatlarında Type 055 sinifli idarə olunan raketləri daşıyan Yanan esminesindən canlı mərmi atışlarının görüntülərini paylaşıb.
Məlumatlara görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin Sakit Okeanda 7-ci Donanmasına bağlı olan "Ronald Reyqan" döyüş gəmisi həftənin əvvəlində Sinqapurdan Cənubi Çin dənizinə yola düşüb.
Mübahisəli Spartan adaları yaxınlığında hərəkət edən donanmanın təyinatı barədə məlumat verilməsə də, bu yolla davam edərsə, onun Tayvana çatacağı gözlənilir.
Liderlərin və yüksək vəzifəli şəxslərin səfərləri zamanı təhlükəsizliyi təmin etmək üçün Sakit okeanda ABŞ qoşunlarının yerləşdirilməsi adi haldır, lakin bu, regionda iki ölkənin hərbçiləri arasında münaqişə riskini artırır.
Digər tərəfdən Çin hərbi təyyarələrinin bu gün səhər saatlarından etibarən Tayvan adasının sərhəd xəttində geniş hava patrullarına başladığı bildirilir.
Vurğulanır ki, Pelosinin yaxın günlərdə Asiya-Sakit okean turu zamanı Yaponiya, Cənubi Koreya, Sinqapur və İndoneziya kimi ölkələrə səfər etməyi planlaşdırdığı bildirilir. Tayvan da bu proqrama daxil edilə bilər.
Səfər baş tutsa, Pelosi 25 ildən sonra ABŞ Nümayəndələr Palatasının Tayvan adasına səfər edən ilk spikeri olacaq. Bundan əvvəl, 1997-ci ildə Nyut Qinqriç bu missiyada olarkən Tayvana səfər etmişdi.
M.Arif
Şərhlər