Xəbər lenti

Keçmiş Baş Qərargah rəisi illərlə Rusiya kəşfiyyatının agenti olubmuş
Dünya 22:18 05.06.2024

Keçmiş Baş Qərargah rəisi illərlə Rusiya kəşfiyyatının agenti olubmuş

2021-ci ildə vəzifəsini tərk edən Moldova Baş Qərargahının keçmiş rəisi İqor Qorqan illərdir Rusiya hərbi kəşfiyyatının məlumatçısı olub və indi də bu fəaliyyətini davam etdirir.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Insider” moldovalı jurnalistlərlə birgə apardığı araşdırmanın nəticələrinə görə məlumat verib

Jurnalistlər Qorqanın kuratorlarından biri, polkovnik Aleksey Makarovla Telegram yazışmalarına giriş əldə etdiklərini iddia edirlər. Onların araşdırmalarına görə, o, Müdafiə Nazirliyindəki köhnə əlaqələr sayəsində hələ də Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsi ("QRU” – red.) üçün vacib bir məlumatçı olaraq qalır.

Qorqanın agent kimi işləməyə nə vaxt başladığı dəqiq məlum deyil. "The Insider”in hərbi kəşfiyyat mənbəsi bunun hətta 2004-cü ildə, Qorqanın NATO missiyasında xidmət etdiyi vaxtda ola biləcəyini ehtimal edir.

Məlumata görə, polkovnik Makarovdan əvvəl Rusiyanın Kişinyovdakı hərbi attaşesi Vadim Uxnalevlə, sonra isə onun varisi İqor Dovbnya ilə əlaqə saxlayıb. Jurnalistlər Kişinyovda "Əfqanıstanda döyüşən hərbçilərin” xatirəsinə ucaldılmış abidə yanında görüş barədə razılığa gəldikləri söhbətin səs yazısını əldə edə biliblər. 2017-ci ildə Dovbnya casusluğa görə Moldovadan qovulub.

Makarov çox güman ki, 2019-cu ildə nəzarəti öz üzərinə götürüb. Qorqanın Makarovla əlaqələri 2022-ci ilin aprelində intensivləşib. Qorqan mütəmadi olaraq Moldovada daxili siyasi vəziyyət, Ukrayna Müdafiə Nazirliyinin nümayəndələrinin silahların əldə edilməsi ilə bağlı səfərləri barədə öz müşahidələrini təqdim edib. Görüşlər kafelərdə və balıq ovu zamanı baş tutub.

Rusiya tərəfi Ukraynanın, o cümlədən Moldovadan hansı silahları alması ilə maraqlanıb. Qorqan Ukraynanın BƏƏ-də bir şirkət adı altında altı MiQ-29 almağa çalışdığına dair məlumatları sızdırıb. Başqa bir yazışmada o, Ukrayna nümayəndələrinin "üç həftədir ki, bizim Müdafiə Nazirliyimizi necə gəzdiyini və hər şeyi, xüsusən də artilleriya üçün mərmi istədiklərini” söyləyib.

O, həmçinin Moldova üzərindən Ukraynanın Reni şəhərinə yanacaqla dolu qatarların hərəkətini təsvir edib və Ukraynanın Rumıniya vasitəsilə çoxlu vacib yükləri, o cümlədən silahları qəbul etməsindən şikayətlənib.

Başqa bir xəbərdə Qorqan deyir ki, o, Ukrayna tərəfinin Moldova Müdafiə Nazirliyi vasitəsi ilə Kişinyovdakı vaxtilə sovet silahları üçün elektronika istehsal edən MEZON radioelektronika zavodu ilə əlaqə saxlamaq cəhdləri barədə məlumat əldə edib. 

Bu və digər xəbərlər Qorqanın Müdafiə Nazirliyində hələ də xəbərçilərinin olduğuna işarə edir.

Moldovalı araşdırmaçı jurnalistlər Qorqanı Rusiya səfirliyinin yaxınlığında dəfələrlə görüblər və bir dəfə onun Makarovla görüşünü lentə alıblar.

Yazışmalar göstərir ki, Qorqan ideoloji səbəblərə görə Moskva üçün işləyir, o, öz mesajlarında tez-tez "ölkəni təmizləməli olan faşist əclaflar” və buna bənzər rus təbliğat klişelərindən istifadə edir. O, Makarova dəfələrlə yazıb ki, guya Moldovada hər şey rus qoşunlarının gəlişinə hazırdır, o, "orduda bütün vəziyyəti nəzarətdə saxlayır” və Moldovanın qərbyönlü rəhbərliyinin "məsələsinin tezliklə həll etmək olar”.

2023-cü ilin iyulunda rus diplomatlarının Moldovadan geniş miqyaslı qovulmasından əvvəl Qorqan kuratoru ilə əlaqəni dayandırıb. O, BMT-nin Kişinyovdakı Qaçqınların işləri üzrə İdarəsində işə düzəlib, burada xüsusilə Ukraynadan olan məcburi köçkünlərin uçotu aparılır və onlara yardım göstərirlər.

Qorqanın həyat yolu sovet hərbi qulluqçularının əksəriyyətinə xasdır. O, Moldovada Dubossarda anadan olub, hərbi xidmətdən sonra Novosibirskdə hərbçi ixtisası üzrə təhsil alıb, sonra hələ sovet dövründə Odessa vilayətində DŞV-də xidmət edib, sonra Moldovada müxtəlif hərbi vəzifələrdə olub, beynəlxalq missiyalarda iştirak edib.

Qorqan iki dəfə - 2013-cü ildə qısa müddətə, daha sonra isə 2019-cu ildən 2021-ci ilin sentyabrına qədər rusiyayönlü İqor Dodonun prezidentliyi dövründə Baş Qərargaha rəhbərlik edib.

"The Insider”in araşdırması dərc olunduqdan sonra Moldova prezidenti Maya Sandunun administrasiyası bu hadisəni şərh edib.

Sandu ofisinin rəhbəri Adrian Belutel Telegram-da yazıb ki, dövlətə qarşı bu cür cinayətlərə görə ən ağır cəza olmalıdır.

Rəsmi əlavə edib ki, Qorqanın 2006-cı ildə ("Hərbi xidmətlərə görə”) və 2015-ci ildə ("Vətənə sədaqət”) verilmiş mükafatları, həmçinin hərbi rütbələri ləğv ediləcək.

"Bu kimi hallar müdafiə və dövlət təhlükəsizlik orqanlarında çalışan şəxslərin daimi monitorinqinə və hərtərəfli yoxlanılmasına təcili ehtiyac olduğunu göstərir”, o vurğulayıb.

Belutel əlavə edib ki, Moldovanın vətənə xəyanətlə mübarizə üçün daha effektiv vasitələrə ehtiyacı var.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->