Martın 26-da DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilməli olan Yaponiya - Şimali Koreya matçı ləğv edilib.
Qaynarinfo-nun məlumatına görə, matçın ləğv edilməsinə baxmayaraq, FİFA tərəfindən Yaponiya millisi qalib hesab olunub, yəni, şimali koreyalılara texniki məğlubiyyət verilib. Rəsmi Kyodo Agentliyi FİFA-nın Yaponiya Futbol Assosiasiyasına (JFA) DÇ-2026-nın Asiya üzrə seçmə mərhələsinin B qrupunun ikinci turunda Şimali Koreyaya qarşı keçirilməli olan oyunda məhz yaponların 3:0 hesablı qələbə qazanması barədə bildiriş göndərdiyini yazıb.
Yaponiya millisinin baş məşqçisi Moriyasu Hajime açıqlamasında, "Futbolçular üçün vacib oyun fürsətinin əldən verildiyini inkar etmək mümkün deyil. Dünya çempionatının seçmə mərhələsində irəliyə doğru addım atmağımızı alqışlayıram" - deyib.
Asiya Futbol Konfederasiyasının (AFC) əvvəlki açıqlamasında gözlənilməz durum səbəbindən martın 26-da Pxenyanda keçiriləcək futbol matçının planlaşdırıldığı kimi baş tutmayacağı açıqlanmışdı.
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində B qrupunda martın 21-də Tokio Milli Stadionunda keçirilən ilk oyunda yaponlar 1:0 hesabı ilə qələbə qazanmışdı.
Hazırda B qrupunda Yaponiya (12 xal) birinci, Suriya (7 xal) ikinci pillədə qərarlaşıb. Şimali Koreyanın üç, Myanmanın isə bir xalı var.
Səbuhi Həsənov
Şərhlər