Xəbər lenti

F-16-lar Ukrayna müharibəsinə qoşulur: Rusiyanı nə gözləyir? (ŞƏRH)
Ölkə 19:14 11.07.2024

F-16-lar Ukrayna müharibəsinə qoşulur: Rusiyanı nə gözləyir? (ŞƏRH)

"Rusiyanın itkilərinin sayı bundan sonra daha da artacaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov ABŞ dövlət katibi Entoni Blinkenin F-16-ların bu yay Ukraynaya veriləcəyilə bağlı fikrini şərh edərkən deyib.

"Vaşinqtonda yekunlaşan NATO sammiti Ukrayna üçün düşərli oldu. Təşkilat hər il Kiyevə 40 milyard dollarlıq yardımın ayrılması barədə qərar qəbul edib. F-16-larla bağlı da müsbət qərar verildi. Hətta Blinken F-16-ların artıq yolda olduğunu bildirdi. F-16-lar güclü xüsusiyyətlərə malikdir. Bu təyyarələr çoxfunksiyalı təyyarələrdir. Onların Ukrayna səmasında görünməsi həm şəhərlərin daha effektiv şəkildə müdafiəsinə kömək edəcək, həm də Rusiya ordusuna daha ağır və sağalmaz yaralar vuracaq", deyə Üzeyir Cəfərov qeyd edib.
 


Ekspert bildirib ki, sözügedən təyyarələr həm qarşıdakı düşmənin mövqelərini atəşə tutmaq, həm də hava hücumundan müdafiə rolunu oynamaq gücündədir:

"F-16-lar müharibənin gedişində böyük dəyişiklik etməyəcək. Amma ən azından Rusiyanın itkilərinin sayı bundan sonra birə beş, birə on artacaq. Bu təyyarələr vasitəsilə yüz kilometrlərlə məsafədən Rusiya ordusunun mövqeləri atəşə tutulacaq. Rusiya ordusu daha ciddi zərbələr alacaq".

Üzeyir Cəfərov deyib ki, NATO bu istiqamətdə təcili addım atmağa məcbur olduğunu anlayır:

"Ona görə də Kiyevə silah-sursat yardımları daha da artacaq. Müharibə yaxın aylarda da davam edəcək. Rusiyaya Şimali Koreya, İran kömək edir. Ukraynaya 50-ə yaxın dövlətin etdiyi kömək hara, 3-5 dövlətin Rusiyaya etdiyi köməklik hara? Ona görə də Rusiya nə qədər çalışsa da, get-gedə vəziyyəti daha da qəlizləşəcək".

Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken Danimarka və Niderlandın F-16 döyüş təyyarələrini Ukraynaya təhvil verəcəyini və təyyarələrin bu yay Ukraynaya çatacağını bildirib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->