Xəbər lenti

Azərbaycan qazı Avropya Ukraynadakı Rusiya kəmərləri ilə nəql edilə bilərmi? (ŞƏRH)
Ekonomiks 19:30 11.06.2024

Azərbaycan qazı Avropya Ukraynadakı Rusiya kəmərləri ilə nəql edilə bilərmi? (ŞƏRH)

"Müharibə vəziyyətində bu riskli addım olmaqla yanaşı, kommersiya baxımından da məqsədəuyğun deyil”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında neft-qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev "Bloomberg" agentliyinin Avropanın Azərbaycan qazını Ukrayna ərazisindəki Rusiya qaz kəmərləri vasitəsilə nəql etmək istəyini şərh edərkən deyib.

Z.Vəliyev bildirib ki, Rusiya ilə Ukraynanın "Naftaqaz” arasında qaz tranzit sazişinin müddəti bu il başa çatır:

”Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların gedişi dövründə Kiyev həmin sazişin müddətini uzatmaqda maraqlı görünmür. Rusiya ordusu müharibənin gedişində Ukraynanın qaz infrastrukturunu, o cümlədən yerüstü və yeraltı qaz anbarlarını hədəfə alıb. Ona görə də hərbi əməliyyatların davam etdiyi dövrdə Ukraynanın qaz nəql sistemindən dayanıqlı qaz tədarükündə istifadə etmək riskli addımdır”.
 


Ekspert vurğulayıb ki, Azərbaycan qazının Ukrayna qaz nəqli sistemi vasitəsilə Avropa bazarına daxil edilməsi kommersiya baxımından da məqsədəuyğun deyil:
 
”Azərbaycanın özünün ixrac gücləri, ixrac kəmərinin keçdiyi dövlətlər var ki, onlar da Cənub Qaz Dəhlizi aləti olaraq ölkəmizin mavi yanacağının Avropaya çatdırılmasında tam təhlükəsiz dövlətlərdir. Bunlar Yunanıstan, Albaniya və İtaliyadır. Yəni aktivimizdə normal qaz ixrac gücü ola-ola, hərbi əməliyyatların getdiyi əraziyə daxil olmağımız məqsədəmüvafiq deyil. Bu mənada "Bloomberg"də yazılanların məntiqi əsası yoxdur”. 
 
Qeyd edək ki, "Bloomberg" nəşrinin məlumatına görə, Avropa Azərbaycan qazını Ukrayna ərazisindəki Rusiya qaz kəmərləri ilə nəql etmək istəyir. Belə ki, Avropa İttifaqı və Avropa hökumətlərinin rəsmiləri Rusiya qazının Ukrayna vasitəsilə icma ölkələrinə tranzitinə dair sazişin müddətinin 2025-ci ilə qədər uzadılması üçün Kiyev tərəfi ilə danışıqlar aparır.
 
Qeyd olunub ki, hazırda müzakirə olunan variantlardan biri də Avropanın Azərbaycandan qaz alması və onun Ukrayna ərazisindən keçən Rusiya qaz kəmərləri ilə nəqlidir. Ukraynanın "Naftoqaz” şirkətinin baş icraçı direktoru Aleksey Çernışovun agentliyə verdiyi məlumata görə, Kiyev Bakıdan qaz almaq təşəbbüsünü müsbət qiymətləndirir və ölkədə yerləşən infrastrukturdan istifadəni davam etdirmək niyyətindədir.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->